Paşinyanın parlamentdə qurduğu “teatr” – “Nikol elə iclasın başlanğıcında...”

Paşinyanın parlamentdə qurduğu “teatr” – “Nikol elə iclasın başlanğıcında...”
"Ötən gün Ermənistan parlamentində formal olaraq yeni baş naziri seçməyə cəhd etdilər. Formal olaraq ona görə ki, siyasi qüvvələr yeganə namizəd - baş nazir vəzifələrini həyata keçirən Nikol Paşinyanın tələb olunan miqdarda səs toplaya bilməməsi ilə əlaqədar razılığa gəlmişdilər. İndiki mərhələdə yeni baş nazirin seçilməsi ssenariya daxil edilməyib”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistandakı seçki prosesini şərh edərkən deyib. O bildirib ki, Paşinyan indiki mərhələdə parlament kürsüsünü özünü təbliğ etmək və müxalifəti gözdən salmaq üçün istifadə edir:

"Müxalif qüvvələr içində iyunun 20-nə təyin olunmuş növbədənkənar seçkilərdə Paşinyana qarşı çıxarıla biləcək potensial namizəd hələ gözə dəymir. Nikol Paşinyanın baş nazir postundan könüllü istefasından və "Baş Nazir vəzifəsini icra edən” ləqəbini götürməsindən sonra  parlament iki dəfə yeni baş naziri seçməyə cəhd etməli və seçə bilməməlidir. Bundan sonra konstitusiyaya uyğun olaraq ölkədə növbədənkənar parlament seçkiləri təyin olunmalıdır.

Amma Ermənistanda bu dəfə də vəziyyət "ermənisayaq” alındı. Əvvəl növbədənkənar parlament seçkilərinin vaxtı müəyyən olundu, sonra baş nazir " istefa” verdi. İndi isə onu "seçməməyə” çalışırlar. Hazırda Erməni parlamentarilər məhz bu "oyunla” məşğuldurlar. Teatr Ermənistan konstitusiyasının tələblərinə uyğun deyil, Paşinyan və tərəfdarlarının qurduğu ssenari çərçivəsində aparılır. Bu ssenariyə əsasən mayın 10 -u üçün nəzərdə tutulan parlament iclasında da yeni baş nazir seçkisi "nəticəsiz” olacaq. Bu vəziyyət Paşinyanın Ermənistan konstitusiyasına etdiyi "əlüstü” düzəlişlər nəticəsində mümkün oldu”.
 
Müsahibimizin sözlərinə görə, müxalif partiyalar daxilində fraksiyalardan birinin namizəd çıxaracağı haqqında danışıqlar getsə də, mayın 3-də keçirilən iclasda bu baş vermədi:

"Bununla onlar Paşinyanın planına mane ola bilməsələr də, heç olmasa diqqəti özlərinə çəkmək istəyirdilər. Amma Nikol elə iclasın başlanğıcında  bu fikirdə olanlara ciddi xəbərdarlıq etdi: Əgər formal olsa belə,ondan başqa namizəd ortaya çıxarsa, "Mənim addımım” fraksiyasının  öz namizədini-yəni onu Baş Nazir seçməsi qaçılmazdır.

Görünən budur ki, iyunun 20-nə nəzərdə tutulmuş növbədənkənar parlament seçkilərinin "taleyi” Nikol Paşinyan və onun tərəfdarlarının əlindədir. Eyni zamanda, onlar bu seçkiyə qədər də Nikolu yenidən baş bazir seçə bilərdilər. Elə isə növbədənkənar seçki "şousunu” səhnələşdirməkdən məqsəd nədir?”.
Ə.İbrahimov  növbədənkənar seçkinin keçirilməsi haqqında qərarın qəbul edilməsinin  səbəblərindən də söz açıb: "Paşinyan seçkinin keçiriləcəyi günə qədər qalan müddətdə parlament kürsüsündən özünü təbliğ etmək və ona qarşı dayanan qüvvələri gözdən salmaq  üçün istifadə edəcək. Mayın 3-də olan iclas zamanı biz bunun bir daha şahidi olduq. Paşinyanın əzəli və əbədi düşmənləri olan Qarabağ klanı və bu klanın ən öndə gedən nümayəndələri hesab olunan keçmiş prezidentlər  Robert Köçəryan və Serj Sarkisyana qurtuluş yoxdur. Onların bu seçki zamanı kitablarının tam bağlanması üçün çox ciddi işlər gedir”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR