Paşinyan Zəngəzur dəhlizinin açılmasında əməli fəaliyyətə keçəcəkmi? - Açıqlama

Paşinyan Zəngəzur dəhlizinin açılmasında əməli fəaliyyətə keçəcəkmi? - Açıqlama
"Rusiya bölgədə istədiyini əldə etməyincə, bu dəhlizin açılacağını düşünmürəm”.

Bu sözləri Sfera.az-a açıqlamasında Nikol Paşinyanın rəsmi olaraq Ermənistan baş naziri kimi fəaliyyətə başlanmasının Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcəyi fikrini dəyərləndirərkən, politoloq Nəsimi Məmmədli deyib:
 
"Ermənistanla Azərbaycan arasında kommunikasiyaların bərpası 10 noyabr razılaşmasının əsas müddəalarından biridir. Amma təəssüf ki, bu müddəaların yerinə yetirilməsinə Ermənistan birmənalı şəkildə müsbət reaksiya vermir. Zəngəzur dəhlizinə İrəvanda münasibər fərqlidir. Eyni zamanda, Rusiya və Qərb İrəvanın marağına uyğun məsələlərdə daha prinsipial mövqe sərgiləyirlər. Azərbaycanla bağlı məsələlərdə isə onlar prosesi sanki ölkəmizin və Türkiyənin öhdəsinə buraxır.

Dəhlizin açılmasının sürətlənməsi Rusiyanın bölgədə istədiklərini əldə etməsilə bağlıdır. Atəşkəs bəyannaməsinin hansı müddəaları Moskva və İrəvanı qane edibsə, onlar dərhal icra edilib. Rusiyadan çox Türkiyənin işinə yarayan məsələlərdə isə yubanmalar var”.

Politoloq hesab edir ki, Ermənistan dəhlizin açılması qarşılığında Azərbaycandan böyük güzəştlər qoparmaq istəyir: "Ona görə də Azərbaycan sərt diplomatik hücum taktikasından istifadə edərək İrəvanın üzərinə getməlidir. Xüsusən də ərazilərimizə dəyən maddi zərərlə bağlı kompensasiyanın ödənilməsi üçün beynəlxalq məhkəmələrdə fəaliyyətimizi aktivləşdirməliyik. Əks halda, İrəvan prosesi uzatmaqda davam edəcək”.

Politoloq Qabil Hüseynli isə düşünür ki, dəhliz məsələsində həddən artıq maraqlı olduğumuzu büruzə verməməliyik:

"Fikrimcə, Zəngəzur dəhlizini gündəmə gətirməyimizlə ermənilər daha da təşvişə düşürlər. Düzdür, bu dəhliz Azərbaycan üçün də əhəmiyyətlidir. Lakin ilk növbədə Rusiya və Ermənistana lazımdır, onlar üçün daha əhəmiyyətlidir. Naxçıvana onsuz da Bakı-Tiflis-Qars dəmir yolundan xətt ayrılır. Ona görə də bu məsələdə həddən artıq maraqlı olduğumuzu göstərməməliyik. Ermənistan blokadada qalmaq istəyirsə, qalsın. Yox, blokadadan çıxmaq istəyirlərsə, dəhlizin açılmasında hamıdan daha çox maraqlı olmalıdırlar”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR