“Paşinyan Türkiyə və Azərbaycanla gizli danışıqlar aparır\" - Kremlin moderatorluğundan kənarda nə baş verir?

“Paşinyan Türkiyə və Azərbaycanla gizli danışıqlar aparır\
"Bu gün Ermənistan parlamentində növbədənkənar iclas keçirilir və gündəlikdə cəmi iki məsələ var: Ermənistanın yeni inzibati-ərazi bölgüsü və yerli özünüidarəetmənin, yerli icmaların gücləndirilməsi”.
 
Sfera.az bildirir ki, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Paşinyana müxalif olan qüvvələr iclası boykot edirlər:

"Paşinyan Türkiyə və Azərbaycanla gizli danışıqlar aparır, bu dəyişikliklər gələcəkdə imzalanacaq sülh sazişinə, həm də  Zəngəzur məsələsinə görədir. Hətta bu qanun dəyişikliklərini "xəyanət” adlandırıblar. Son zamanlar bəzi məlumatların dolaşması onu deməyə əsas verir ki, Kremlin moderatorluğundan kənarda nələrsə baş verir, rəsmi Tibilisinin vasitəçiliyi ilə danışıqların olduğu ehtimal olunur. Əgər birbaşa təmaslar varsa və ya yaranacaqsa, bunu ancaq alqışlamaq lazımdır. İlham Əliyevlə Paşinyanın Tibilisidə birbaşa görüşü, təması olsa, bu bölgəmizdə sülhə və dayanıqlı inkişafa ciddi tövhə verə bilər”.

N.Cəfərli qeyd edib ki, paralel olaraq Ərdoğanla Paşinyanın görüşü baş tutsa, Türkiyə-Ermənistan sərhədlərinin açılması, münasibətlərin yaranması baş versə, bu da bölgəmiz üçün, həm də Azərbaycan üçün çox vacib addım olacaq:  

"Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, iqtisadi münasibətlərin qurulması üçün artıq heç bir maneə qalmayıb. Bir tək Zəngəzur koridoru ilə bağlı ümumi məxrəcə gəlmək lazımdır, bu yol isə mütləq açılacaq. Çünki, koridorun açılmasından tək Azərbaycan və Türkiyə deyil, hamı, o cümlədən Rusiya və Ermənistan da qazanacaq. Türkiyənin Ermənistanda iqtisadi mövcudiyyəti və iqtisadi təsirlərinin artması Azərbaycan üçün ancaq müsbət nəticələr verə bilər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR