“Paşinyan anlayır ki, bütün etimadı itirib” – Natiq İmanov
"Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı ifşa etdi və tutarlı arqumentlərlə onu növbəti dəfə yerinə oturtdu”.
Bu sözləri SOSİUM.az-a açıqlamasında Qaradağ Gənclər Evinin direktoru Natiq İmanov iyunun 18-də baş tutan Şərq Tərəfdaşlığı ölkələrinin videokonfransını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistanın növbəti yalanları, Avropa İttifaqı ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Paşinyanı gülünc duruma salıb:
Natiq İmanov qeyd edir ki, Paşinyan hakimiyyətə şirnikləndirici vədlərlə gəlsə də, artıq bütün etimadı itirib:
"Ermənistanda bu gün işsizlik xaotik xarakter alıb, insanlar çıxış yolunu xaricə üz tutmaqda, mühacirətdə görürlər. Ölkənin sosial-iqtisadi durumu bərbad vəziyyətdədir. İqtidara qarşı əks fikirdə dayanan qüvvələrə, siyasi təsisatlara qarşı hücumlar artıb. Bu isə öz növbəsində Paşinyanın iqtidara gələrkən elan etdiyi prinsiplərə ziddir. Anlayır ki, daxildə bütün dayaqlarını itirib və proseslərin bu şəkildə davamı onun hakimiyyətinin sonunu gətirəcək. Bu səbəbdən diqqəti əsas hədəfdən yayındırmağa, ucuz ritorikaya əl atır. Onun Şərq Tərəfdaşlığı ölkələrinin videokonfransı zamanı söylədiyi fikirlər də bunun bariz nümunəsidir. Hesab edirəm ki, Paşinyanı qarşıda daha ciddi çətinliklər gözləyir və bu səbəbdən emosional tarazlığını qoruya bilmir”.
"Ermənistanın işğalçı siyasətinə göz yumulması beynəlxalq hüquq normalarının kobud sürətdə pozulmasıdır” deyən həmsöhbətimiz əlavə edir ki, baş verənlər Qərbin demokratiya meyarlarına inamı sarsıdır:
"Ermənistan işğalçı ölkədir. Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, bir milyondan artıq soydaşımızı öz doğma yurd-yuvalarından didərgin salıb. Xocalıda misli görünməmiş, insanlıq adına utanc olan soyqırım törədib. BMT-nin və digər beynəlxalq təşkilatların işğal faktına dair çoxsaylı qətnamələri bu gün də kağız üzərində qalır. Bütün bunlar dünya güclərinin hansısa maraqlara görə, milyonlarla insanın taleyinə biganə qalması faktını ortaya qoyur. Təəssüf ki, "Xristian təəssübkeşliyi” amili bu məsələdə də öz sözünü deyir və dünyada ikitirəliyin mövcudluğunu təsdiq edir. Bu miqyasda terrorun müəllifi olan dövlətin rəhbəri çıxıb utanmadan Azərbaycanı ittiham edir. Cənab Prezident İlham Əliyev Nikol Paşinyana lazım olan cavabı verdi və əgər bundan sonra da utanmırsa, demək hər şeyə getməyə hazırdır”.