Parisdən Bakıya kritik zəng - Fransa haqq yoluna qayıdır?

Parisdən Bakıya kritik zəng - Fransa haqq yoluna qayıdır?
Makronun bölgəyə ikinci səfəri, yoxsa rəsmi Parisin son şansı? Fransa "yola düşməkdə olan qatarın” axırıncı vaqonuna özünü çatdırmağa çalışır...

44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm zəfərinə hələ də ermənipərəst dövlətlər qısqanc yanaşır, onun əhəmiyyətini kiçiltməyə, hətta bəzən sanki heç nə olmayıbmış kimi, artıq aktuallığını itirmiş ATƏT-in Minsk Qrupunu bizə sırımağa çalışırlar. Onlardan biri də Ermənistanı özünün "kiçik bacısı” adlandırmaqdan yorulmayan, ermənilər nə əməl törətsə, onları gözüyumulu müdafiə edən Fransadır.

İkicə fakta nəzər salaq. Fransa dünyada bir neçə dövlətdən birincisidir ki, saxta erməni "soyqırımını” inkara görə öz Cinayət Məcəlləsinə konkret maddə daxil edib və 24 apreli öz ərazisində anım günü elan edib. Dünyada heç vaxt mövcud olmamış və olmayacaq qondarma "artsax”ı müstəqil dövlət kimi tanımağa cəsarət edən yeganə parlament də yenə məhz Fransa parlamentidir - aşağı və yuxarı palataları ilə birgə.



Bu və digər səbəblərdən Azərbaycan-Fransa əlaqələri xüsusən də Emmanuel Makronun prezident seçilməsi ilə ən aşağı səviyyəyə enib. Elə Türkiyə-Fransa münasibətləri də yaxşı dönəmi yaşamır. Buna hələ 3 il öncə (2018, oktyabr) E.Makronun Frankofoniyanın İrəvan zirvə toplantısına qatılmaq üçün Ermənistana səfəri zamanı əmin olmuşduq. O vaxt Makron ATƏT-in Minsk Qrupunun həmsədr dövlətinin rəhbəri kimi, heç olmasa, formalizm xətrinə Bakıya qısa müddətə baş çəkmədi. İrəvana gəldi, Paşinyanla rəqs də elədi və oradan Parisə qayıtdı.

İndi yenə onun Ermənistana səfəri gözlənilir. Bəzi iddialara görə, bu dəfə Makron Bakıya da gələcək. Olsun. Hər halda, onun Bakıya da baş çəkməsi Azərbaycandan daha çox, cəmiyyətimizdə dərin etimad böhranı yaşayan Fransaya lazımdır.

Doğrudur, bu ölkənin Bakıdakı səfəri Zakari Qross pozitiv jest olaraq, işğaldan azad edilən Füzuli və Ağdamda olub. Orada erməni vandalizminin nəticələrini öz gözləri ilə görüb. Ancaq səfir Şuşaya getməkdən imtina edib. Bunun da arxasında sözsüz ki, rəsmi Parisin iradəsi dayanır. Fransa növbəti dəfə ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik göstərməklə ermənilərə reverans edib. Hərçənd pislik yenə onun özünə qalıb və qalacaq. İşğaldan azad edilən rayonlarımızın bərpasında fransız şirkətlərinə faktiki yer verilməməsi bunun nəticəsidir. Odur ki, nə qədər gec deyil, rəsmi Paris nəticə çıxarmalı, haqq yoluna dönməli,  "yola düşməkdə olan qatarın” axırıncı vaqonuna özünü atmalıdır...  

*****

Maraqlıdır ki, belə bir siyasi mənzərə fonunda srağagün - avqustun 5-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Prezidentin Mətbuat Xidmətinin məlumatında deyilir ki, söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının reallaşması, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər. Rusiyanın TASS  agentliyi isə Yelisey sarayına istinadən bu məlumatı da yayıb: "Azərbaycan və Fransa prezidentləri Minsk Qrupu həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) dəstəyinə güvənərək bölgədə sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlıq barədə razılığa gəldilər”.

Bəs "Minsk Qrupu həmsədrlərinin dəstəyinə güvənərək bölgədə sabitliyin möhkəmləndirilməsi” deyəndə nələr nəzərdə tutulur? Konkret olaraq, Fransa bu işə necə töhfə verə bilər, əgər ermənipərəst mövqeyinə davam edirsə? Yoxsa rəsmi Paris bölgədəki yeni reallıqları göz önünə alıb da haqq yoluna qayıtmaq qərarı verib? Hər necə olmasa, telefon zənginin məhz Makrondan gəlməsi bu yöndə müəyyən kövrək nikbinlik yaradır...

*****
 

Təbii ki, 44 günlük Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm qələbəsindən sonra Rusiyanın əldə elədiyi unikal hərbi və diplomatik-siyasi dividentləri Kreml heç kimlə, o cümlədən Fransa ilə bölüşmək niyyətində deyil. Moskva Bakı və İrəvan arasında əsas moderatorluğu saxlamaq üçün tərəflərin, ələlxüsus qalib Bakının mövqeyini nəzərə alaraq ehtiyatlı təşəbbüskarlığa davam edir. Hətta iki ölkə sərhədində rusiyalı ayırıcı qüvvələri yerləşdirmək barədə Paşinyanın xahişini geri çevirib. Bunun üçün hüquqi baza və tərəflər arasında etimadın yetərli olmadığını, özəlliklə Azərbaycanın da razılığının vacib olduğunu bəyan edib.

Bəzi məlumatlara görə, Kreml bu yöndə hansısa yeni üçtərəfli saziş üzərində işləyir. Sözsüz ki, Rusiya bu məsələdə Türkiyə amilini də ciddiyə alır.

İki prezident arasında telefon danışığına gəlincə, onun detalları bəlli deyil. Ancaq diqqət çəkən məqam odur ki, Emmanuel Makron eyni gündə Ermənistan baş naziri Nikol Paşinyana telefon açmayıb. Bu da isti olmayan Bakı-Paris münasibətlərinin hazırkı xarakteri baxımından Əliyev-Makron danışıqlarını daha intriqalı edir. Hərçənd Ermənistan və onun rəhbəri bölgədə artıq söz sahibliyinə malik deyil və regionun açar dövləti Azərbaycan olduğundan, şərtləri Bakı diktə elədiyindən, həm təkliflərin, həm də xahiş-minnətlərin ən əvvəl İlham Əliyevlə müzakirəsi tam təbiidir...

*****

"Moskva Qarabağ münaqişəsini tam nəzarətə götürməyə hazırlaşır. Bu proses açıq-aydın sezilir. Amma Rusiyanın bu regionda qol-qanad açmasını əngəlləyən güclər də az deyil”.

Bu barədə Axar.az-a açıqlamasında tanınmış gürcü politoloq Gela Vasadze bildirib.

"Qısamüddətli perspektivdə bu regionda dəyişiklik az olacaq, rus hərbçiləri öz yerlərində qalacaq, məskunlaşmağa can atacaq, özlərini ev sahibi kimi aparacaq. Rus hərbçilərinin yerli hakimiyyət orqanları və əhali ilə münasibətlərinin alqoritmi daha maraqlı görünür. Rus dili statusu söhbətləri boş yerə olunmamaşdı”, - deyə gürcü ekspert qeyd edib.

Onun sözlərinə görə, Güney Qafqaz regionunun ciddi mübarizə meydanı olduğu unudulmamalıdır: "Əlbəttə ki, Bakı və Ankara preventiv tədbirlər görməsələr, vəziyyət gərginləşə bilər. Bu proseslərin həyata keçirilməsi üzrə kompleks tədbirlərə başlamaq cəhdlərini biz artıq müşahidə edirik”.

Makronun bu payız Ermənistana gözlənilən səfəri yəqin ki, yerdə qalan "i”lərin də üzərinə nöqtələri qoyacaq...

"Yeni Müsavat”
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

XİN rəhbərindən Soçi görüşü ilə bağlı AÇIQLAMA

"Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına uyğun olaraq, o cümlədən 26 noyabr tarixində üç liderin imzaladığı Bəyanatda da qeyd edil...

Mətbuata birgə bəyanatın - TAM MƏTNİ

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəf...

Putin Soçidə İlham Əliyevi belə qarşıladı - VİDEO

Xəbər verdiyimiz kimi, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ik...

“Kremlin əsl niyyəti bu görüşdə ortaya çıxacaq” – Abdullah Ağar

"Ötən ilin 10 noyabrında Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalandı. İndi Rusiya həmin bəyanatla üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməlid...

Azərbaycan daha 2 erməni əsilli şəxsi təhvil verdi

Azərbaycan humanizm prinsiplərini növbəti dəfə əsas tutaraq 26 noyabrda 2 nəfər erməni əsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.  Sfera.az ...

Ermənistan parlamentində sərhədlərin müəyyənləşməsi ilə bağlı dinləmələr keçirildi

Ermənistan parlamentində sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı dinləmələr keçirilib. Sfera.az  "News.am”a istinadən xəbər verir ki, din...