Pandemiyada kökələnlərə qida texnoloqundan MƏSLƏHƏTLƏR
10:50 / 15.05.2021
2635
"İdman zallarının bağlı olduğu pandemiya dövründə insanlar evə qapandığına görə təbii olaraq artıq çəki almağa meyilli olanların sayı artıb. Bu da orqanizmə yığılan enerjinin lazımi qədər istifadə olunmaması ilə əlaqəlidir”.
Günay Rəsulqızı
Sfera.az
Bunu Sfera.az-a açıqlamasında Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov deyib. O bildirib ki, bəzi insanlar bunu yürüş ilə ötüşdürürlər və bu da əla alternativlərdən biridir:
"İdmançılar zalda daim fiziki olaraq hərəkətdə olduqları üçün onların qidalanması normal insandan fərqlidir. Onlar daha çox kalori sərf etdikləri üçün, təbii olaraq daha çox qidalanmaya meyillidirlər. Zalları bağlı qalan idmançılar həm fiziki olaraq geri qalırlar, həm də zalların bağlı olması onları stress altında saxlayır. Bu da çox yeməyə və piylənməyə səbəb olur”.
Müsahibimizin sözlərinə görə, belə olan halda, idmançılara alternativ olaraq yürüş, öz həyətlərində və ya eyvanlarında idmanla məşğul olmaq, həmçinin qidalanmada əvvəlkinə nisbətən kalorini azaltmaq məsləhət görülür:
"Zalların bağlı qalması, nəinki, idmançıların artıq çəki almasına, eyni zamanda beynəlxalq yarışlarda məğlub olmalarına gətirib çıxaracaq. Düşünürəm ki, artıq yay aylarına da az qaldığına görə, idmançılar üçün açıq havada zallar təşkil olunmalı və şərait yaradılmalıdır.
Ətrafımda olan idmançıları da nəzərə alsaq, həqiqətən də pandemiyada piylənmə daha çox sürətlə inkişaf etdi. Zalda olan insan idman etdiyinə görə qida rasionuna da diqqət ayırır. Ancaq zalların bağlı olması idmandan uzaqlaşan insanların qida rejimində də bəzi dəyişikliklərə yol açdı. Normal insanlarda isə, həm iş yerlərinin bağlı olması, həm də evdə olan insan, istər-istəməz daha çox yeməyə üstünlük verir. Bu isə gələcəkdə "obezite” hallarının çoxalması ilə nəticələnəcək”.
Qida texnoloqu idmandan uzaq qalanlara tövsiyə də verib:
"İstər idmançı, istərsə də normal insanlara tövsiyəm odur ki, ev şəraitində çox qalmasınlar, açıq havada səhər və axşam saatlarında yürüşə çıxsınlar. Bu, həm də xoşbəxtlik hormonu olan seratonin hormonunun ifrazına yardım olur. Qidalanmada ən çox faydalı karbohidratlara və zülallara üstünlük versinlər. Ağartı məhsulları, tərəvəz püresi, salat, meyvə salatı, kampot, doğramac , ayran , lifli qidalardan hazırlanan şorbalar (mərci,lobla,tərəvəz) kimi qidalara üstünlük versinlər. Eyni zamanda pörtləmə və ya sobada toyuq, balıq, qırmızı ət məhsulları da istehlak edə bilərlər”.
Sfera.az