Pandemiya qeyri-neft ixracımızı da azaldır - RƏQƏMLƏR

Pandemiya qeyri-neft ixracımızı da azaldır - RƏQƏMLƏR

Qlobal pandemiya Azərbaycanın sadəcə neft ixracına deyil, qeyri-neft mallarının ixracına da mənfi təsir edir. 2020-ci ilin yanvar-aprel dövrünün gömrük məlumatları göstərir ki, qeyri-neft mallarının ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. 2019-cu ilin ilk 4 ayında 583 milyon dollarlıq qeyri-neft malları ixrac edildiyi halda, bu ilin ilk 4 ayında 549 milyon dollarlıq qeyri-neft malları satılıb. Bu il qeyri-neft mallarının ixrac dəyəri 34 milyon dollar və ya 5,8 faiz azalıb.


İxracda əsas azalma elektrik enerjisində (11 milyon dollar), pambıq lifi və pambıq iplikdə (13 milyon dollar), alüminium və ondan hazırlanan məmulatlarda (6 milyon dollar) müşahidə edilib.

 

Qeyri-neft mallarının ixracının azalması ümumi ixracdakı azalma ilə müqayisədə azdır. Ümumi ixrac 10 faiz azalıb və burada əsas rolu xam neftin ucuzlaşması təşkil edib.

 

Sfera.az xatırladır ki, Azərbaycanın qeyri-neft mallarının ixrac göstəricilərinə diqqət yetirdikdə məlum olur ki, satışın azalması qeyri-ərzaq mallarında baş verib. Ərzaq mallarının ixracında isə artıb olub. Qeyri-ərzaq mallarının ixracının azalması məhz qlobal pandemiya ilə bağlıdır. Pandemiya və bununla əlaqədar tətbiq olunan karantin rejimi qeyri-ərzaq mallarına olan tələbi azaldıb. Buna görə də ümumi ticarətin miqdarında azalma qeydə alınıb ki, Azərbaycan da bu prosesdən öz payını alıb.

 

Ticarətin miqdarı azalmaqla yanaşı əmtəə bazarlarında ucuzlaşma da ticarətə mənfi təsir göstərib. 2020-ci ilin əvvəlindən bəri qeyri-ərzaq mallarının dəyərində 10-20 faiz intervalında ucuzlaşma qeydə alınıb. Malların ucuzlaşması eyni miqdarda əmtəənin daha aşağı qiymətə satılması deməkdir. Bu amil də ixrac dəyərinə mənfi təsir göstərib.

 

Azərbaycanın qeyri-neft mallarının ixracına mənfi təsir edən digər bir faktor məzənnə dəyişikliyi ilə bağlıdır. Bizimlə böyük ticarət əlaqələri olan ölkələrin hamısında milli valyutaların ucuzlaşması müşahidə edildiyi halda, manatın məzənnəsində dəyişiklik baş vermədi. Manatın sabit qalması müqabilində digər valyutaların ucuzlaşması ölkəmizdən ixrac edilən malların bahalaşmasına əsas yaradıb. Bu faktor da qeyri-neft ixracının dəyərinə az da olsa mənfi təsir yaradıb.

 

Lakin onu da unutmayaq ki, 2015-ci ildə manatın devalvasiyasından sonra qeyri-neft ixracında bu il qeydə alınandan dəfələrlə çox azalma baş vermişdi. Təxminən 2 dəfə ucuzlaşdırılan manat qeyri-neft ixracının dəyərinin qorunmasına kömək edə bilmədi. Yaxın tarixdəki nəticələri nəzərə alaraq 2020-ci ildə Azərbaycan növbəti devalvasiyaya getmədi. Halbuki, bəzi iqtisadçılar qeyri-neft ixracının dəstəklənməsi üçün manatın ucuzlaşdırılmasının vacib olduğunu iddia edirdi. Amma bir neçə il əvvəl yaşananlar göstərdi ki, ucuz manat qeyri-neft ixracını artırmır. Çünki manatla bərabər ölkələrin çoxu öz milli pul vahidlərini dollar və avroya qarşı ucuzlaşdırdıqlarından məzənnə üstünlüyünü əldə etmək mümkün olmur. Deməli, devalvasiya o şərt daxilində səmərə verə bilər ki, onu ancaq Azərbaycan etsin. Bu halda manat bütün valyutalara nisbətən ucuzlaşdığından ölkəmizdə istehsal edilən mallar da xarici analoqlarından daha ucuz olur. Məsələn, milli valyutanı ucuzlaşdıraraq ixracı artırmaq siyasətindən ən geniş şəkildə Çin istifadə edir. Çin, illərdir valyutasının dəyərini aşağı salaraq aşağı məzənnəni ixrac təşviqi kimi istifadə edir və ixracını artırmağa çalışır. 

 

Devalvasiyanın səmərə verməsi üçün digər şərt xarici bazarlarda mallara tələbin ən azından əvvəlki səviyyədə qalmasıdır. İxracı artırmaq yalnız mal satan tərəfin səyi ilə əlaqəli iş deyil. İxrac edilən malların qarşı tərəf üçün tələb elastikliyi də əhəmiyyətlidir. Məsələn, bu günlərdə böhranda olan Avropa ölkələrində bir çox mallara tələb aşağı düşüb. Tələb azaldıqda əmtəə ucuz olduqda belə onun satışı zəifləyir.


Devalvasiyanın ixracı təşviq edə bilməsi üçün vacib olan digər şərt əmtəə strukturudur. Ölkələrin ixrac etdiyi mallar xarici bazarlar üçün əhəmiyyətinə görə fərqlənir. Elə mallar var ki, onun ixracı çox asanlıqla baş verir, çünki həmin mala alıcı ölkədə böyük ehtiyac var. Devalvasiyanın olub-olmamasından asılı olmayaraq bu cür malların satış çətinliyi yaranmır. Məsələn, Azərbaycanın kənd təsərrüfatı mallarını Rusiya ona görə alır ki, həmin mallara Rusiyanın ehtiyacı var. Eləcə də pambıq, çay, şəkər, yağ və s..

 

Əgər əmtəə növləri məhz qiymət sərfəli olduğu üçün alınırsa bu halda devalvasiya səmərə verir. Məsələn, avtomobil, məişət texnikası, elektrik avadanlıqları və s.-də olduğu kimi.

 

Beləliklə, Azərbaycanın qeyri-neft mallarının ixracının artırılması sadəcə manatın ucuzlaşmasından asılı deyil, bunun üçün xarici bazarlarda tələbin artması, xarici valyutaların məzənnə dəyərinin yüksəlməsi və ölkəmizdən ixrac olunan malların çeşidinin artırılması vacibdir.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR