Pandemiya dövründə varlanmaq istəyənlər üçün QIZIL YAZI

Pandemiya dövründə varlanmaq istəyənlər üçün QIZIL YAZI

Ötən ildən başlayaraq qızılın qiymətinin bahalaşması prosesi hələ də davam edir. Bunun nəticəsində iyunun 24-də qızılın dəyərində son illərin ən yüksək səviyyəsi qeydə alınıb. Həmin tarixdə qızılın bir troyan unsiyası (31,1 qramı) 1782 dollara satılıb ki, bu da 2011-ci ilin avqustundan bəri qeydə alınan ən yüksək göstəricidir. 2011-ci ilin avqustun əvvəlində qızıl 1828 dollara satılmışdı.


Qızılın dəyərində növbəti artım iyunun 4-dən müşahidə edilir. Həmin tarixdə qiyməti 1680 dollar olan qızılın dəyərində 100 dollarlıq artım baş verib. Son bir ayda qızılın 3 faiz, ilin əvvəlindən 17 faiz, son bir ildə 24 daiz bahalaşması qeydə alınıb.

 

Sfera.az xatırladır ki, nəcib metalın bahalaşması koronavirus pandemiyasının davam etməsi, dünya iqtisadiyyatında böhran əlamətlərinin genişlənməsi ilə əlaqələndirlir. Digər tərəfdən dolların bir qədər ucuzlaşması da qızılın bahalaşmasına kömək edib.

 

Dünyada və ya onun hər hansı bir mühün regionunda iqtisadi, siyasi və ya insanları narahat edən digər problemlər yarandıqda qızıl bahalaşır. Qızılın qiymətindəki bu həssaslıq onun investisiya aləti kimi "etibarlı liman” olması ilə əlaqələndirilir. Qızıl elə bir əmtəədir ki, o, məhz digər mühüm investisiya ələtləri dəyər itirdikdə, dəyər qazana bilir və ya ən azından əsas dəyərini qoruyur. Buna görə də iqtisadi və digər təlatümlər, gərginliklər yaşandıqda qızılın bahalaşması üçün əsas formalaşır.

 

Son aylarda qızılın bahalaşmasına Çinin bir şəhərində aşkarlanan və getdikcə digər şəhərlərə yayılan koronavirusla bağlı xəbərlər də təsir edir.

 

Qızılı bahalaşdıran əsas iqtisadi amil isə dünyanın əksər Mərkəzi Banklarının, o cümlədən ABŞ-ın faiz dərəcəsini endirməsidir. Faizlər endiyindən ucuz vəsaitlərin həcmi artıb. Ucuz vəsaitlərin artması məcmu tələbi gücləndirdiyindən bir sıra əmtəələrin, həmçinin qızılın bahalaşmasına səbəb olub.

 

Qızılın dəyərindəki artımı Azərbaycanın Dövlət Neft Fondu da dəyərləndirir. Fond 2012-ci ildən qızıl alır. İlk dəfə 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışı həyata keçirilib. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, 30,18 ton (970 146 troya unsiyası) qızılın mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində Neft Fondunun investisiya portfelinə daxil edilməsi baş tutub.


Fond 2018-ci ilin ikinci rübündən etibarən qızılın alışını davam etdirib. 30 sentyabr 2019-cu il tarixinə Fondun investisiya portfelinə daxil edilən qızılın miqdarı 100,66 tona (3 236 233,233 troya unsiyası) çatdırılıb.


Qızıl alışının artması Fondun aktivlərində onun payının 11 faizi keçməsinə səbəb olub. 2019-cu ilin sentyabrın sonunda Fondun qızılda olan aktivləri ümumi aktivlərin 11,4 faizi (4,847 milyard dollar) qədərindədir. Azərbaycan 2019-cu ildə təxminən 2,15 milyard dollar dəyərində qızıl idxal edib.

 

Fondun qızıl alışı 2020-ci ildə də nəzərdə tutulmuşdu. Azərbaycan Hesablama Palatası Fonda cari ildə daha 50 ton qızıl almağı tövsiyə etmişdi. Amma yaranmış vəziyyətdə qızıl alışı dayandırılıb. 2020-ci ilin yanvar-may aylarına aid olan məlumata əsasən Fond qızıl almayıb.

 

Bundan sonra Fondun qızıl alması bir qədər risklidir. Çünki qızılın dəyəri son illərin ən yüksək səviyyəsinə çatıb. 2008-2009-cu illər qlobal böhranından sonra qızılın dəyəri davamlı armağa başladı və 2011-ci ildə tarixin ən yüksək qiymət səviyyəsi olan 1830 dollara yüksəldi. Böhran əlamətləri tam aradan qalxdıqdan sonra qızıl davamlı ucuzlaşdı və 2015-ci ildə qiymət 1060 dollara qədər gerilədi. Sonra bir neçə il qızılın dəyəri 1100-1350 dollar arasında dəyişdi.

 

Yenidən böhran təhlükəzi ilə əlaqədar qızıl bahalaşır. Son illərdə qızılın dəyəri 1300 dolları ötmədiyi halda hazırda 1770 dolları keçib. Qısa müddətdə qızılın dəyərinin bu qədər artması iqtisadi səbəblərdən çox, koronavirusun yaratdığı gərginliklə bağlıdır. Buna görə də qızıla investisiya qoyanda koronavirus və dünya iqtisadiyyatında böhranlı vəziyyətin aradan qalxma ehtimalı da nəzərə alınmalıdır. Əgər 2021-ci ildə karantin və böhran aradan qalxarsa, o halda qızıl ən azından 1300-1400 dollar səviyyəsinə geri qayıdacaq. Qızıla sərmayə qoyanda bu volatillik ehtimalı nəzərə alınmalıdır.

 

Amma mövcud vəziyyətdə qızılın qiymətinin 2000 dollara çatması da mümkündür. Lakin bu qiymət səviyyəsi davamlı ola bilməz.

 

 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR