\"Pandemiya dövründə BTQ ilə yükdaşımalarda fasilə yaranmayıb\" - VİDEOMÜSAHİBƏ

\
 

Son günlər Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı görülən tədbirlər fonunda dəmir yolu nəqliyyatı ilə yükdaşımaların əhəmiyyəti artmağa başlayıb. Çünki bu yolla daşımaları insan əli dəymədən (təmassız) həyata keçirmək mümkündür. Bu isə "Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) çalışanların üzərinə böyük məsuliyyət qoyur.

Qurumun Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov "Report”a müsahibəsində görülən işlər barədə danışıb. 

Bu ilin I rübündə Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə çox olub. Hazırda əsasən hansı ölkələrlə yükdaşınma həyata keçirilir, hansı növ yüklər daşınır və hansı məqamlara diqqət yetilir?

- Pandemiyaya baxmayaraq, ADY daxili, idxal və ixrac rejimində, eyni zamanda beynəlxalq (tranzit) yükdaşımaları həyata keçirməkdə davam edir. Qurum ölkə ərazisində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Prezident İlham Əliyevin göstərişi əsasında və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində fəaliyyət göstərir və yükləri fasiləsiz nəql edir. 

Koronavirusla bağlı son epidemioloji vəziyyətin dünya ölkələrinin iqtisadiyyatına, o cümlədən ticarət əlaqələrinə mənfi təsirlərinin azaldılması məqsədilə bir çox ölkənin nəqliyyat-logistika şirkətləri yüklərin daha çox dəmir yolu ilə daşınması üçün tədbirləri gücləndirib. Belə ki, beynəlxalq yükdaşımalar zamanı digər yerüstü nəqliyyat vasitələrindən fərqli olaraq dəmir yolu ilə yükdaşımalarda dəfələrlə az sayda insan əməyindən istifadə olunur və bununla da sərhədləri keçən sürüclərin sayı, eləcə də yoluxma riski minimal olur. Dəyişiklik ancaq pandemiyanın yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərlə bağlıdır. Belə ki, koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan dəmir yollarına daxil olan bütün yük qatarlarında qabaqlayıcı dezinfeksiya tədbirləri həyata keçirildiyindən, xəstəliyin yayılması riski minimuma endirilir.

İlk növbədə, qeyd etmək istərdik ki, epidemioloji vəziyyətlə bağlı yaranan çətinliklərə baxmayaraq, ümumilikdə Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi artıb. 

Səhmdar cəmiyyəti Orta Dəhliz (Middle Corridor) vasitəsilə Gürcüstanın Poti və Batumi limanlarına, oradan isə Qara dəniz vasitəsilə Avropaya və ya BTQ dəmir yolu xətti ilə Türkiyəyə, oradan isə Avropaya dəmir yolu vasitəsilə konteynerlərlə yükdaşımalar həyata keçirir. Həmçinin Türkiyənin İstanbul, Mersin şəhərlərinə, Orta Asiya ölkələrinə, Qara dənizdən keçməklə Avropaya, Azərbaycan üzərindən keçməklə İrana, Orta Asiyaya, Rusiya və Çinə yükdaşımaları davam etdirir. Yüklərin çeşidlərinə gəldikdə, siyahı genişdir. Əsasən metallurgiya, kimya, qida sənayesi, kənd təsərrüfatı məhsulları, ağır texnika, ehtiyat hissələri, tekstil məhsulları, meyvə-tərəvəz və digər məhsullar nəql edilir.

Hazırkı məqamda ölkələrdən yükdaşımaların artırılması ilə bağlı təkliflər varmı?

- Dəmir yolu vasitəsilə konteynerlə yükdaşımaların həcminin daha da artırılması bu sahədə bəzi əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir. Həmin əlavə tədbirlərdən biri kimi Xəzər dənizində müntəzəm fəaliyyət göstərəcək fider gəmi xəttinin fəaliyyətə başlaması mövcud marşrutların diversifikasıyasına və yüklərin çatdırılma vaxtının azaldımasına öz töhfəsini verə bilər. Qeyd olunan fider gəmi xəttinin fəaliyyətə başlaması məqsədilə ADY-nin törəmə şirkəti olan "ADY Konteyner” MMC ilə Türkmənistanın Dəmir Yolları təşkilatına məxsus olan "Nəqliyyat Logistika Mərkəzi” ASC arasında danışıqlar aparılıb və həmin mərkəzlə birgə Ələt-Türkmənbaşı limanları istiqamətində fider gəmisi artıq fəaliyyətə başlayıb. Ələt-Türkmənbaşı limanları istiqamətində fider gəmi xəttinin fəaliyyətə başlaması Orta Dəhliz üzrə yükdaşımaların həcminin artırılmasına və Xəzər dənizi üzrə marşrutların şaxələndirilməsinə səbəb olacaq. Bu addım həmçinin 2019-cu ilin dekabr ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş dəmir yolları qurumları rəhbərlərinin birinci çoxtərəfli görüşündə müzakirə olunan yeni istiqamət: Çin-Qırğızıstan-Özbəkistan- Türkmənistan-Azərbaycan-Avropa marşrutunun səmərəliliyinin və funksionallığının artmasına xidmət edəcək. Eyni zamanda yaranmış epidemioloji vəziyyətdə Türkmənistan ilə nəqliyyat bağlantısında mümkün problemlərin qarşısını almaq məqsədilə Ələt limanında Türkmənistandan gələn bəzi konteyner yüklərinin aşırılması üçün "Azərbaycan Dəmir Yolları" şərait yaradıb. Qeyd olunanlarla yanaşı, yeni marşrutlar üzrə multimodal yükdaşıma texnologiyalarının işlənməsi, logistika məhsullarının hazırlanması, test qatarların buraxılması, blok qatarların təşkili kimi mürəkkəb logistik məsələlərin birgə həlli məqsədilə "ADY Konteyner” və ADY-nin digər törəmə şirkəti - "ADY Ekspress” MMC tərəfindən hazırda bir çox ölkələrin, o cümlədən İtaliyanın, Macarıstanın, Çexiyanın, Yaponiyanın nəqliyyat-logistika şirkətləri ilə danışıqlar aparılır. Diqqətinizə çatdırmaq istərdik ki, ölkəmizin tranzit imkanlarının artırılması baxımından daha çox maraq kəsb edən Orta Dəhliz boyu mövqelərimizi gücləndirmək və bu marşrut boyu təchizat zəncirini tamamlamaq məqsədilə Çinin Qaşqar şəhərində və Çexiyada konteyner terminalına sahibolma və ya terminaldan birgə istifadə məsələsini qısamüddətli dönəmdə nəzərdən keçirilir.

- Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində də hazırda hansı ölkələrin yükləri daşınır və aktivlik müşahidə edilirmi?

- Hazırda BTQ ilə əsasən Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Çin və bəzi Avropa ölkələrinin yükləri daşınır. Pandemiya dövründə BTQ ilə yükdaşımalarda fasilə yaranmayıb. Məhsul çeşidləri əsasən metal məhsulları, sənaye məhsulları, ərzaq məhsulları, taxıl və taxıl məhsullarıdır. BTQ dəmir yolu vasitəsi ilə yükdaşımaları hər iki istiqamətdə əvvəlki qaydada davam etdirir. Məlumat üçün qeyd edirik ki, gərgin epidemioloji duruma baxmayaraq, BTQ xətti ilə cari ilin 10 aprel tarixinə, yəni bu ilin 100 günü ərzində 20 futluq konteyner ifadəsində keçən il daşınmış yük həcmindən 44% daha çox yükdaşıma həyata keçirilib. Belə ki, 2019-ci ilin ilk 100 günündə 20 futluq ekvivalentində götürdükdə 1 266 konteyner, 2020-ci ilin ilk 100 günündə isə 2 148 konteyner daşınıb. Epidemioloji durumun sabitləşməsindən sonra ADY 2020-ci ildə BTQ xətti ilə yükdaşımaların həcminin keçən ilə nisbətən 50% artacağını proqnozlaşdırır. Məlumat üçün bildiririk ki, bu xətt ilə yükdaşımaların həcmində 2019-cu ildə 2018-ci ilə nisbətən 20 futluq konteyner ifadəsində 43% artım olub. Vaqonlarda daşınan yükləri müqayisə etsək, 2019-cu ilin ilk 3 ayında 611 vaqon - 40 min ton yük daşınmışdırsa, 2020-ci ilin ilk 3 ayında 1 572 vaqon – 70 min ton yük daşınıb.

Bu yaxınlarda, Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə zirvə görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, BTQ dəmir yolu xətti Orta Asiyaya qədər uzadıla bilər. Bu təklifi necə dəyərləndirirsiniz? Post-koronavirus dövründə bu təklifin reallaşması mümkündürmü?

- Türkiyənin materikin iki quru hissəsini dənizdən keçməklə dəmir yolu xətti ilə birləşdirmək sahəsində təcrübəsi mövcuddur. Buna misal olaraq Marmara tuneli vasitəsilə İstanbulun Avropa və Asiya hissələrinin dəmir yolu bağlantısı ilə birləşdirilməsini göstərmək olar. Ümumiyyətlə, son zamanlar nəqliyyat-logistika sahəsində qeyri-ənənəvi və mürəkkəb layihələr həyata keçirilir ki, bunun da məqsədi dəmir yolu ilə bağlantının xüsusi çəkisinin artırılması, nəqliyyatın asanlaşdırılması və eyni zamanda "yaşıl nəqliyyat” konsepsiyasının daha da təşviq edilməsindən ibarətdir. Analoji daha bir layihə 2030-cu ildə tamamlanması nəzərdə tutulan Estoniya və Finlandiyanın (Tallin-Helsinki) dənizaltı tunel vasitəsilə (Hyperloop) dəmir yolu xətti ilə birləşdirilməsindən ibarətdir. Başqa sözlə, bu məsələ həm nəzəri, həm də praktiki baxımdan realdır və mümkündür. Amma nəzərə alınmalıdır ki, belə bir layihə böyük miqdarda investisiya tutumlu bir məsələdir və bunun üçün iştirakçı ölkələrdə layihənin reallaşdırılması üçün siyasi iradənin mövcudluğundan asılı olacaq.



OXŞAR XƏBƏRLƏR

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...