Pandemiya dövrü böhran kommunikasiyası necə qurulmalı?

Pandemiya dövrü böhran kommunikasiyası necə qurulmalı?
 2020-ci ilin ilk aylarından tüğyan edən COVID-19 pandemiyası dövrü, demək olar ki, həm də dövlətin böhran kommunikasiyası strategiyasının daha da sistemləşdirilməsi, müxtəlif vasitələrin sınaqdan keçirilməsi və tətbiqi, o cümlədən, təkmilləşməsi üçün yeni bir imkan oldu. Pandemiya ilə mübarizə dövrü dövlət kommunikasiyasının əhəmiyyətini əyani şəkildə göstərdi və kommunikasiyanı böhran zamanı idarəetmənin ən mühüm elementlərindən biri kimi səciyyələndirdi.

BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinə (UN DESA) əsasən, dövlətlər üçün xüsusilə böhran dövründə insanları dəqiq, faydalı və ən yeni məlumatlarla təmin etmək mühüm əhəmiyyət daşıyır. Nə üçün dövlət? Çünki pandemiya və ümumilikdə böhranla bağlı sistemli və əlaqələndirilmiş tədbirlər dövlət aparatı tərəfindən həyata keçirilir. Bu xüsusda, məhz dövlətin təmin etdiyi etibarlı informasiya əsasında ictimai etimad formalaşır, məlumatlı əhali gündəlik həyatı üçün düzgün qərarlar qəbul edə bilir və bu, dövlətə epidemiyanın ümumi təsirini azaltmaq üçün qətiyyətli addımlar atmağa imkan yaradır.

Pandemiya ilə mübarizə üçün əlaqələndirilmiş, sistemli və effektiv tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında operativ qərargahın yaradılmasını doğru addım hesab etmək olar. Qeyd etmək lazımdır ki, COVID-19 virusu ilə tam mübarizə üçün hazırda peyvənd mövcud deyil. Bu səbəbdən, operativ qərargahın əsas fəaliyyət istiqamətlərindən biri profilaktikanın təşkili və vətəndaşların bu prosesdə iştirakına nail olmaqdır.

Aydındır ki, vətəndaşların inamı və iştirakı olmadan, profilaktika tədbirləri heç bir nəticə verməyəcək. Bu kontekstdə, operativ qərargah ictimaiyyətlə əlaqələr işini düzgün təşkil etmək məqsədilə dövlətin vətəndaşlarla effektiv ünsiyyəti üçün bir növ vahid dövlət kommunikasiya modelini nümayiş etdirməlidir.

Operativ qərargahın gündəlik informasiya siyasəti, ayrı-ayrı dövlət strukturlarının nümayəndələri ilə birlikdə keçirdiyi davamlı brifinqlər və mətbuat konfransları, bu konfransların sosial mediada və yerli televiziyalarda canlı yayımlanması, KİV-də dərhal geniş işıqlandırılması, sosial mediada dezinformasiya cəhdlərinin dərhal cavablandırması əhalinin vaxtında və düzgün məlumatlandırılmasına xidmət etmək məqsədi daşıyır.

Operativ qərargahın İcbarı Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iştirakı ilə əhalinin məlumatlandırılması məqsədilə təbliğat prosesinə gəldikdə, gün ərzində bütün televiziya və radio kanallarında, digər kütləvi informasiya vasitələrində, internet məkanında və sosial mediada maarifləndirici videoçarxların və posterlərin yayımlanması, kütləvi SMS məlumatlandırma, küçə posterləri və təbliğat bannerlərinin hər addımda təşkil olunduğunu müşahidə edirik.

Operativ qərargahın yaratdığı məlumat portalı "www.koronavirusinfo.az”dan sonra növbəti diqqətəlayiq kommunikasiya və profilaktika məhsulu məhz "E-təbib” mobil tətbiqidir. Tətbiqin nə dərəcədə əhali tərəfindən qəbul olunması, dəqiqliyi və profilaktika tədbirlərində rolu yaxın günlərdə daha da bəlli olacaq.

Bununla bərabər, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə keçirilən "Evdə qal” və "Biz birlikdə güclüyük” sosial aksiyaları, əslində, son illərdə bütün dövlət və özəl təşkilatlarının əməkdaşlığı, media və vətəndaş cəmiyyətinin bir araya gələrək, reallaşdırdığı ən uğurlu dövlət kommunikasiyası nümunəsidir.

Yuxarıda qeyd olunanları ümumiləşdirsək, aşağıdakı nəticələri və təklifləri irəli sürə bilərik:

- Dövlət pandemiya ilə mübarizə dövründə əlində olan bütün kommunikasiya vasitələrini əhalini davamlı şəkildə məlumatlandırmaq, cəmiyyətdə yarana biləcək psixoloji gərginliyə yol verməmək, prosesi minimum zərərlə idarə etmək məqsədilə səfərbər edib. Vətəndaşların inamı və birbaşa iştirakı, məsuliyyətli davranış olmadan bu pandemiyanın yayılma sürəti və coğrafiyasının azaldılması çox mürəkkəb olacaq. Bu xüsusda, operativ qərargahın çatdıracağı önəmli mesajlar əhalinin dilinə, diqqətini cəlb etmə tərzinə, səmimi olaraq bu tədbirlərin, həqiqətən, vətəndaşların sağlamlıq və təhlükəsizliyinə yönəlik olmasına inandıracaq səpkidə olması vacibdir.

­- Dövlətin cəhdlərinə dəstək olmaqla yanaşı, vətəndaşlarımız bir məqamı da yaxşı anlamalıdırlar ki, görülən tədbirlərin effektivliyi yalnız hökumətin səylərindən asılı deyil. Uğurun qazanılması və itkilərin minimuma endirilməsi həm də insanların məsuliyyətli davranışından, qaydalara əməl etməsindın asılıdır. Əlbəttə ki, vətəndaşları günahlandırma və məsuliyyəti onların üstünə atma ritorikası tamamilə kənara qoyulmalı, kommunikasiya panikaya yönəlik deyil, bir uğur hekayəsinin yazılmasına uyğun qurulmalıdır. Başqa sözlə, vətəndaşlar böhran dövründə özlərini hücuma məruz qalmış deyil, sanki bu savaşdan qəhrəman kimi çıxa biləcək ordu kimi hiss etməlidir. Məhz bu zaman, hər bir vətəndaş profilaktika və mübarizə prosesində pay sahibi olacaq.

- Operativ qərargah tərəfindən cəmiyyətin fəal üzvlərinin təklifləri, vətəndaş cəmiyyətinin təşəbbüsləri nəzərə alınmalı və maarifləndirmə prosesinin araşdırma və ya təhlil komponeti bir qədər də artırılmalıdır. Çünki pandemiyanın genişlənməsinin səbəbləri və onunla mübarizə üsullarının təkmilləşdirilməsi elmi yanaşma və araşdırma tələb edir. Efirdə dövlət məmurları ilə yanaşı, cəmiyyət tərəfindən hörmət və ehtiramla qəbul edilən tibb mütəxəssislərinin və həkimlərin mütəmadi şəkildə insanlarda narahatlıq doğuran məsələlərə aydınlıq gətirməsi deyilənlərin ciddiliyinə, onların cəmiyyət tərəfindən inamla qəbul edilməsinə birbaşa təsir göstərən elementdir.

- Müxtəlif cəmiyyətlərdə fərdlərin davranış normaları və həyat tərzləri fərqli olduğuna görə, ölkələrin də pandemiya ilə mübarizə strategiyaları özünəməxsusdur. Sosial məsafə üzrə müəyyən milli adətlərimiz və ənənəvi davranış tipinin (əl sıxıb öpüşüb-görüşmək) bu gün virusun yayılmasına töhfə verməsi və vətəndaşların bundan çəkinməsi üçün insanların qəbul etdiyi və inandığı şəxslər tərəfindən mesajların verilməsi bu sahədəki informasiya siyasətinin effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər.

- Mobil operatorlar öz imkanlarından yararlanaraq, mobil cihazların geolokasiya üzrə sayını avtomatik müəyyən edərək, insanların sıx toplaşdığı zaman mobil telefonlara xəbərdarlıq mesajı göndərərək, onları sıxlıqdan yayınmağa çağırış edə bilər. İnternetə çıxışı olmayan vətəndaşların hədəf auditoriyadan kənarda saxlamamaq üçün virusun yayılma coğrafiyasına uyğun səylər səfərbər olunmalı və virusun ən çox yayıldığı bölgələrə uyğun spesifik kommunikasiya tədbirləri həyata keçirilməlidir.

Sonda hər bir Azərbaycan vətəndaşı dövlətin atdığı addımları qiymətləndirərkən, onları tənqid etməyə hazırlaşarkən dərk etməlidir ki, COVID-19 virusu ilə aparılan mübarizə müharibə dövrünün reallıqları çərçivəsində cərəyan edir. Bu, qlobal bir müharibədir və bütün dünyanı əhatə edən bu prosesdən ölkəmizin tez bir zamanda və asanlıqla yaxa qurtarması qeyri-mümkündür.

Əminik ki, dövlət pandemiya ilə mübarizə dövründə dürüst və anlaşıqlı kommunikasiya qurmaqla, vətəndaşlarla uğurlu həmrəylik və əməkdaşlıq mühiti yaratmaqla öhdəsinə düşən vəzifələri uğurla icra edəcək və həyata keçirilən düşünülmüş siyasət sayəsində xalqımız bu sınaqdan da şərəflə çıxmağı bacaracaq.

Rzayev Səbuhi
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Böyük Britaniyanın York Universitetinin məzunu

OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...