Pandemiya daha çox hansı sahələri çökdürdü? – Şadlıq evləri, hamamlar, idman zalları...
Gündəm
13:21 / 17.05.2021
2722
"Pandemiya ilə bağlı bir ildən çoxdur fəaliyyəti ləğv
olunan idman zalları, hamamlar, mərasim evləri, şadlıq sarayları kimi obyektlərin
bəzilərinin profilləri dəyişib”.
Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə
ekspert Elnur Fərzəliyev deyib. O, sözükeçən obyektlərin satış və kirayəsindən
də söz açıb:
"Bəzilərinin profilləri dəyişsə də, məsələn, market
kimi fəaliyyət göstərsələr də, bəziləri hələ də bağlı vəziyyətdə qalıb. Ən
kiçik şadlıq evində belə ən azı 20-30 nəfər işçi heyəti olurdu, hazırda hamısı
işsiz qalıb. O cümlədən şadlıq evlərinin, mərasim zallarının satışı həyata
keçirilə bilmir. Çünki hər hansısa əmlaka yatırım edən vətəndaş onu gəlir mənbəyi
üçün alır – ya özü işlədir, ya da icarəyə verir. Amma bu sahələrin fəaliyyətinə
icazə verilmədiyinə , həmçinin bunun nə zaman olacağı bəlli olmadığına görə, həmin
sahəyə yatırım etmək heç kim üçün maraqlı deyil. Hətta onların qiyməti yarıya
düşsə belə, faktiki olaraq tələbat yoxdur.
İdman zalının profilini dəyişmək olmur, zalı açan
adam külli miqdarda xərc çəkir, avadanlıqlar alır, yaxud hamamlar sırf o sahəyə
uyğun düzəldilib deyə, profilini dəyişmək mümkün deyil. O baxımdan obyektlərin
satışından, kirayəsindən söz gedə bilməz”.
Müsahibimiz qeyd edib ki, pandemiya dövründə ən çox
satılan obyektlər apteklər və marketlər olub: "Hətta geyim mağazaları bağlı olsa da, bu iki profil
həmişə işlək vəziyyət olub. Bundan əlavə, bilirsiniz, kafelərin, restoranların
fəaliyyəti ilə bağlı da qərarlar tez-tez dəyişir – gah açılır, gah da bağlanır.
Ona görə də şəhərdə kafe kimi işləyən bir çox obyektlər tamamilə marketə, yaxud
digər iaşə obyektlərinə çevrildilər. Bu gün toyların dayandırılması, şadlıq evlərinin
fəaliyyətsizliyi tək həmin obyektlərə deyil, onunla əlaqədar olan bütün sahələrə
mənfi təsir göstərir. Tutaq ki, cütlüklər ailə qurur, onların böyük əksəriyyəti
məcbur ev alırlar. Toylara icazə verilməməsi səbəbindən də daşınmaz əmlak
bazarı zərər görür. Yaxud, Bakıda yüzlərlə şadlıq evləri var və bunlarda hər
gün toylar edilirdi. Bu da o deməkdir ki, hər gün ora ət, çörək, meyvə və digər
qida məhsulları daşınırdı, bu da kənd təsərrüfatı sahəsinə müsbət təsir
edirdi”.
Ümumiyyətlə obyektlərin bazar dəyəri normalda onun
icarə qiyməti ilə ölçülür. Bəzi şadlıq evləri var ki, ayda 10 min, 30 min, hətta
50 min manat icarə verir. Şadlıq evləri ilə bağlı satış qiymətləri milyondan
yuxarı – 3, 5, hətta 25-30 milyondan başlayır. Lakin pandemiyadan öncə bu belə
idi. O zaman tələbat da olurdu. Çünki ən çox gəlir gətirən sahə idi. Həmçinin mərasim
zalları da bu cürdür”.