Orta gəlirli əhalinin deputatlardan 10 dəfə az maaş alması - Bu nə qədər ədalətlidir?

Orta gəlirli əhalinin deputatlardan 10 dəfə az maaş alması - Bu nə qədər ədalətlidir?
REAL-ın icraçı katibi: "Mən deputatların maaşlarının artmasının əleyhinə deyiləm. Çünki hətta ətraf ölkələrə baxanda belə Azərbaycanda deputatların maaşları aşağıdır”

"Deputatların minimum əmək haqqından 20-30 dəfə çox maaş alması və yaxud da orta maaşdan deputatların 10 dəfə çox maaş almaları təbii ki, qıcıq yarada və ciddi polimikaya səbəb ola bilər”.
Bu sözləri Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli deputatların maaşlarının 100% artırılması ilə bağlı yayılan məlumatı PİA.az-a şərh edərkən qeyd edib.

Milli Məclisin deputatlarının ezamiyyət xərcləri və maaşlarının artırılması ilə bağlı xəbər yayılıb. Belə ki, artıq yanvar ayının 1-dən Azərbaycan parlamentinin deputatları yeni ilə yeni və yüksək artımla başladıqları deyilir.

Bu barədə adının çəkilməsini istəməyən deputat köməkçilərindən biri məlumat verib.

Onun sözlərinə görə, Milli Məclisin xərclər smetası üzrə qəbul edilmiş 10 787 420 manat həcmində mövcud əmək haqqı fonduna 2019-cu ilin Dövlət büdcəsindən 11 100 000 manat da əlavə olunub.



Bundan sonra MM üzvləri yanvar ayının 1-dən hər ay ümumilikdə aşağıdakı məbləğdə faktiki vəsait alırlar:

1. Parlamentin sədri: 7424 manat (əvvəl - 3 712 manat)

2. Sədrin birinci müavini: 6680 manat (əvvəl - 3 340 manat)

3. Sədrin müavini: 6308 manat (əvvəl - 3154 manat)

4. Komitə sədri: 5940 manat (əvvəl - 2970 manat)

5. Komitə sədrinin müavini: 5568 manat (əvvəl - 2 784 manat)

6. Sıravi deputat: 5196 manat (əvvəl - 2 598 manat)

Həmçinin bildirilir ki, yanvar ayının 1-dən deputatlarla yanaşı, Milli Məclisin Aparat işçilərinin maaşı da təxminən iki dəfə qalxıb:

"Təəssüf ki, bu cür yüksək artımlar deputat köməkçilərinə, MM-in ekspertlərinə şamil olunmadı. Halbuki, bu gün deputat köməkçiləri MM-in aparatına toplanmış, ancaq demək olar ki, gün keçirməklə məşğul olan məmur balalarından çox əziyyət çəkir, işləyirlər. Əgər o məmur balaları MM-ə karyera kimi baxırsa, biz iş yeri kimi baxırıq. Onlardan fərqli olaraq, deputat köməkçiləri həm yerlərdə seçicilərlə görüşür, problemlərini araşdırır, həm də qanunvericilik məsələləri ilə məşğul olurlar. Yəni əlavə o qədər xərclərimiz çıxır ki, bu da aldığımız 800 manat civarındakı maaşa uyğun deyil”.

Parlamentdə çoxlu sayda biznesmenlərin olduğu və ölkə əhalisinin çox böyük əksəriyyətinin deputatlardan 10 dəfə az maaş aldığını nəzərə alarsaq, bu qərarı ədalətli hesab etmək olar?

Mövzu ilə bağlı Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərini öyrəndik.

Natiq Cəfərli: "Azərbaycanda deputatların maaşlarının aşağı olması ölkədəki orta aylıq əmək haqqının, gəlirlik səviyyəsinin aşağı olması ilə əlaqədardır”.
Əsas problemin Azərbaycanın orta gəlirliyi ilə deputatların maaşları arasındakı ciddi fərqdən qaynaqlandığını bildirən iqtisadçı-ekspert əlavə edib ki, bütün ölkədə əhalinin rifah səviyyəsi daha da yüksəlməlidir ki, deputatlarının maaşlarının artırılması qıcıq yaratmasın:

"Bu qərarın hələ ki, rəsmi təsdiqi yoxdur. Rəsmi təsdiq olduqdan sonra daha aydın və detallı şəkildə bu məsələyə reaksiya verməyin daha doğru olduğunu düşünürəm.

Qeyd edim ki, söhbət deputatların maaşlarının hansı həcmdə olmağından getmir. Başqa ölkələrə nisbətən doğrudan da Azərbaycanda deputatların maaşları aşağıdır. Amma burada ədalətli yanaşma prinsipləri olmalıdır. Məsələn minimum əmək haqqından 20-30 dəfə çox deputatlar maaş aldıqda və yaxud da orta maaşdan deputatların 10 dəfə çox maaş almaları təbii ki, qıcıq yarada və ciddi polimikaya səbəb ola bilər.

Mən deputatların maaşlarının artmasının əleyhinə deyiləm. Çünki hətta ətraf ölkələrə baxanda belə Azərbaycanda deputatların maaşları aşağıdır. Azərbaycanda deputatların maaşlarının aşağı olması ölkədəki orta aylıq əmək haqqının, gəlirlik səviyyəsinin aşağı olması ilə əlaqədardır. Bütün ölkədə əhalinin rifah səviyyəsi daha da yüksəlməlidir ki, deputatlarının maaşlarının artırılması qıcıq yaratmasın. Əsas problem Azərbaycanın orta gəlirliyi ilə deputatların maaşları arasındakı ciddi fərqdən qaynaqlanır.

Bir daha qeyd edim ki, əgər bu məsələ öz təsdiqini tapacaqsa, o zaman daha detallı şəkildə, başqa ölkələrlə müqayisəli şəkildə danışmaq olar”.pia.az

OXŞAR XƏBƏRLƏR