“OPEC plus”un dünən qəbul etdiyi qərar Azərbaycana necə təsir edəcək? – TƏHLİL

“OPEC plus”un dünən qəbul etdiyi qərar Azərbaycana necə təsir edəcək? – TƏHLİL
"OPEC plus” ölkələrinin dünən qəbul etdiyi qərar neft bazarında qiymətlərin sabitləşməsinə və ixracatçı ölkələr üçün əlverişli səviyyədə qalmasına kömək edib. 

Sfera.az xatırladır ki, "OPEC plus” ölkələri ümumi ixrac həcminin artırılmasının yanvar ayında da eyni miqdarda qalması haqqında qərar qəbul edib. Bu ölkələr 2021-ci ilin avqustunda əldə etdiyi razılaşmaya uyğun olaraq hər ay gündəlik hasilatı 400 min barel artırır. Razılaşmaya görə, 2022-ci ilin sentyabrına qədər hasilat həcminin mərhələli şəkildə artırılması davam etdiriləcək. 

"OPEC plus”un bu toplantısına qədər neft bazarlarında qiymət təlatümü yaşanırdı. Qiymətlərdə dəyişiklik bəzi günlərdə 5-7 faiz, hətta 10-12 faiz səviyyəsinə yüksəlirdi. Bazarda qiymət sabitliyinin pozulmasına ABŞ-ın hasilatı daha çox artırılması ilə bağlı təzyiqləri, bu istiqamətdə gördüyü tədbirlər, həmçinin COVİD-19 virusunun yeni ştammının yayılması səbəb olurdu.  Gərginlik fonunda "OPEC plus”un əvvəlki qərarına sadiq qalması bazarda qiymət sabitliyinə gətirib çıxaracaq. 

Razılaşmaya uyğun olaraq, Azərbaycan da hasilatı artıracaq. Gələn ilin yanvarından gündəlik hasilat 7 min barel artırılaraq 661 min barelə çatdırılacaq. 
Hasilatın artırılması hər ay davam etdiriləcək və 2022-ci ilin sentyabrında gündəlik hasilat indiki göstərici ilə müqayisədə 57 min barel çox, yəni 718 min barel olacaq.  

Hasilatın artırılması Azərbaycanın ixracının artmasına və iqtisadi böyümənin davam etməsinə imkan yaradacaq. Bu artım hesabına neft-qaz sektorundakı geriləmə də aradan qalxacaq. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR