“Onlar tanrı tərəfindən göndərilən mələklərdir” – Məşhurlardan anım günü ilə bağlı PAYLAŞIM

“Onlar tanrı tərəfindən göndərilən mələklərdir” – Məşhurlardan anım günü ilə bağlı PAYLAŞIM
Bu gün 44 günlük Vətən müharibəsinin başlanmasından bir il ötür.
 
Sfera.az bildirir ki, tarixi günlə bağlı ölkənin tanınmış simaları da öz fikirlərini bölüşüblər. 

Belə ki, Xalq artisti, müğənni Tünzalə Ağayeva şəhidlər, əsgərlər sayəsində Qarabağda həyatın başladığını vurğulayıb:

"Sözlərlə tarixi ədalətli qələbəmizi, Vətən savaşımızı ifadə etmək çox çətindir. Hər şey acizdir qarşınızda, əziz şəhidlərimiz. Siz, uğrunda canınızı fəda etdiyiniz Vətənin  biz insanlarını tərbiyə etdiniz! Millətimizlə qürur duymağı, dəyərimizi yaxşı bilməyi öyrətdiniz. Sizin əmanət etdiyiniz ailələr, Vətən bizim əmin əllərimizdə olmalı, yaxşı günlər görməlidir. Əminəm ki , ruhunuz şaddır, şad olacaq!”.

Xalq artisti Röya Ayxan da bu günün anlamı ilə bağlı paylaşım edənlər sırasında olub. İfaçı düz bir il əvvəlin bu günündə Ordumuzun tarix yazdığını deyib: 
 
"Qürurverici haldır ki, onlar 30 ilə yaxındır həsrətini çəkdiyimiz, işğal altında olan torpaqlarımızı bizə qaytardılar. Bu uğurda iştirak etmiş, zəfər qazanmağımızda adı olan şəhidlərimizi yad edirik! Qazilərimizə şəfa, şəhid analarına səbr diləyirik”.

İfaçı, Xalq artisti Aygün Kazımova Vətən uğrunda canından keçən şəhidlərimizi hörmət və ehtiramla andığını bildirib:
 
"Xalqımıza zəfər yaşadan qəhrəmanlarımızın ruhları qarşısında baş əyirik. Allah şəhidlərimizə rəhmət eləsin”.

Əməkdar artist Lalə Məmmədova şəhidləri tanrı tərəfindən göndərilən mələk adlandırıb:

"Bir şəhid rəsmi tapın, harda ki, üz-gözündən qəzəb, kin yağsın. Yoxdur! Hamının üzü gülür, sanki bizə "rahat olun, 30 il əvvəlki ədaləti bərpa edəcəyik” deyirlər. Bəli, onlar tanrı tərəfindən Azərbaycana haqq-ədalət bərpa etmək üçün, namusumuzu yumaq üçün göndərilən insan görkəmində mələklərdir. Şəhidsiz zəfər olmur”.

İfaçı Roza Zərgərli qeyd edib ki, bayraqları bayraq edən üstündəki qandır:

"27 sentyabr öz qanı, canı bahasına əzəli torpaqlarımızı bizə geri qaytaran qəhrəmanlarımızın - şəhidlərin anım günüdür. Bu gün həm də bizim üçün qürur yeri hesab olunan, alnımızı açıq, üzümüzü ağ edən, xarı bülbülü düşmən tapdağından azad edən, Cıdır düzünü, İsa bulağını bizə qaytaran 44 günlük müharibənin başlandığı tarixdir. Bütün bu sadaladıqlarımıza görə, biz sizə borcluyuq, əziz Vətən övladları! Ruhunuz şad olsun!”.

Xalq artisti Brilliant Dadaşova bir il əvvəl çox ağır, kədərli günlər yaşadığımızı xatırladıb. "Biz artıq ikinci dəfə müharibə yaşayırdıq. Artıq ürəyimizin yağı qalmamışdı. Çatlarla-çapıqlarla dolu ürəyimizdə birinci Qarabağ müharibəsinin qorxusu var idi - uğursuzluq qorxusu. Ali Baş Komandan, bizi qalib xalqa çevirdiyiniz üçün bu Vətən sizə daima minnətdar olacaq. Həm birinci, həm ikinci Qarabağ müharibəsində şəhid olan oğullar, yaralanan, həyatı faciəyə çevrilmiş bacı və qardaşlarımız, körpə balalar heç vaxt unudulmayacaq”, - deyə Dadaşova əlavə edib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR