“Onlar bir bezin qırağı deyil” – Rəsul Quliyev Ermənistandakı seçkiləri dəyərləndirdi

“Onlar bir bezin qırağı deyil” – Rəsul Quliyev Ermənistandakı seçkiləri dəyərləndirdi
"Ermənistanda keçmiş prezidentlər Köçəryan, Sərkisyan və baş nazir Paşinyan arasında kreslo uğrunda küçə söyüşləri səviyyəsində təhqirlər müşahidə olunur. Hakimiyyətə istənilən variantda Azərbaycan və Türkiyəni özünə düşmən hesab edən erməni gələcək”.

Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan parlamentinin keçmiş spikeri Rəsul Quliyev deyib. O bildirib  ki, "Paşinyan da, Köçəryan da bir bezin qırağıdır” teoriyası düzgün deyil və zərərlidir:

"Bu insanlar fərqlidir. Köçəryan Moskvanın adamıdır, həm həbsxanadan azad edilməsi, həm seçki kampaniyasının finanslaşdırılması Putin tərəfindən həyata keçirilir və o Köçəryanı dəstəklədiyini açıq-aşkar ermənilərə çatdırmaq istəyir. Əgər seçkilərdə qalib gələrsə, sözsüz ki, özünü Rusiyanın bir forpost əyalətinin qubernatoru kimi aparacaq.

Paşinyan isə Rusiyanın əsarətindən canını qurtarmaq istəyir. Paşinyan seçilməyəcəyi halda, Zəngəzur dəhlizinin açılması, sərhədlər barədə müqavilənin bağlanması, Qarabağ ermənilərin statusu barədə bütün məsələlər İrəvanda yox, Moskvada həll olunacaq. Bir sözlə, Azərbaycan Moskvadan asılı vəziyyətə düşəcək. Türkiyə ilə münasibətə də Moskva müdaxilə edəcək. Paşinyanla isə dil tapmaq mümkündür. Bu insanların ikisidə "eyni bezin qırağı” deyil”.

R.Quliyev qeyd edib ki,  erməni xalqı Azərbaycanla düşmənçilik etməkdən yorulub və buna son qoymaq istəyir: "Ermənilərin əksəriyyəti türklərlə düşmənçilik etmək istəmir. Köçəryan kimi yaramaz hakimiyyətə gəlsə, bu məsələləri ermənilər yox, Moskva həll edəcək. Məsələnin belə bitməsi isə Azərbaycanın dövlət maraqları üçün heç də əlverişli şərait deyil”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR