\"Ona qalsa, Rusiyada həmişə şaxtadır...\" - Ekspert qarlı havanın kənd təsərrüfatına təsirlərindən danışdı

\
Bir neçə gündür, ölkəmizdə havanın temperaturu kəskin şəkildə aşağı düşüb. Alışmadığımız bu cür hava şəraiti isə bir çox sahələrin fəaliyyətinə təsirsiz ötüşməyib.
 
Bu baxımdan maraqlıdır, qarlı, şaxtalı hava kənd təsərrüfatında hansı problemlər yarada bilər?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Sfera.az-a açıqlamasında şaxtalı, qarlı hava şəraitinin bu sahəyə müəyyən dərəcədə təsiri olduğunu qeyd edib: "Bildiyiniz kimi xırdabuynuzlu heyvanlar örüş sahələrində otarılır. İndiki şəraitdə fermalarda saxlanılmır. Bu baxımdan yemin də kifayət qədər olmaması, ehtiyatın toplanmaması çox ciddi problem yaradacaq. Bir neçə gün, qar əriyənə kimi yemləmədə çətinlik olacaq. Bu da sahibkarların xərcini artıra bilər. Nəzərə alsaq ki, son zamanlar otun da qiyməti qalxıb, bu, əldə olunan məhsulların maya dəyərini qaldıracaq. O cümlədən, otun əldə edilməsi üçün texnikadan istifadə olunur, sahibkarlar bir rayondan digər rayona getməli olurlar. Hər rayonda otun topdan satışı həyata keçirilmir. Həmçinin dizel yanacağı da bahalaşıb. Bütün bunların təsiri qaçılmazdır”.

Ekspert bildirib ki, son zamanlar havalar isti keçdiyindən bəzi bitkilərdə oyanış müşahidə edilirdi: "Ola bilər, şaxtalı havalar buna da təsir etsin. Lakin ümumilikdə havaların kəskin dəyişməsinin taxılçılığa elə də ciddi təsiri gözlənilmir. Əksinə, qarın yağması su ehtiyatının yaranması gətirib çıxaracaq. Müəyyən mərhələdən sonra əriməsi bitkilərin normal inkişafına səbəb olacaq. Düşünürəm ki, istixanalarda yetişdirilən məhsullar üçün daha çox qazdan istifadə ediləcək. Normal temperaturu saxlamaq üçün əlbəttə, qaz sərfiyatı artacaq. Bu da sahibkarların xərcinə təsir edəcək. Yəni, soyuq havaların həm ziyanı, həm də faydası var”.

Müsahibimiz "soyuq havalar təsərrüfat sahələrini zərərvericilərdən təmizləyirmi?” sualını belə cavablandırıb: "Bu cür havaların zərərvericilərə təsirini hesablamaq düzgün deyil. Rusiyada temperatur demək olar ki, çox zaman aşağı olur, lakin yenə də zərərvericilər var. Təbii ki, zərərvericilər də havaya adaptasiya olur. Yenə də inanmıram ki, şaxtalı havaların zərərvericilərə hər hansı təsiri olsun. Torpaqda temperaturun aşağı düşməsi üçün hava şəraiti bir neçə gün belə davam etməlidir. Bəlkə 10-20 gün şaxtalı havalar müşahidə edilsə, təsir edə bilər. Əks halda, inandırıcı deyil”.
 
Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR