\"Omicron\" ştammı Azərbaycanın sərhədlərinə kimi gəldi – Nə etməli?

\
"Omicron" ştammı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən narahatlıq doğuran mutasiyalar siyahısına əlavə edilən beşinci mutasuyadır. Bu virusun əsas simptomlarına əzələ ağrısı, yorğunluq və yüngül öskürək daxil edilir.

Yeni ştammın əsas xüsusiyyəti kimi payk proteində baş verən mutasiya göstərilir ki, bu da yoluxduruculuq qabiliyyətinin yüksək olması ilə bağlı narahatlıq yaradır.

Maraqlıdır, "Omicron" ştammı ölkəmizdə də aşkar olunarsa, yoluxma sayında sürətli artım mümkündürmü? Buna qarşı iki doza vaksin yetərlidirmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan infeksionist Fərrux Seyidov yeni növ virusun Azərbaycana gəlməsinin istisna edilmədiyini bildirib:

"Artıq yeni ştamm qonşu Rusiyada aşkarlanıb. Bu da öz növbəsində Azərbaycanda "Omicron" ştammının yayılması ehtimalıı yaradır. Yeni növ mutasiya digər növlərə nisbətdə daha yoluxdurucudur, lakin ağırlaşdırma dərəcəsi kliniki təcrübələrdə tam sübuta yetirilməyib. İstənilən halda yanaşı xəstəliyi olan və immun sistemi zəif olanlar virusa yoluxarsa, ağırlaşma yaşana bilər".

İnfeksionist sözügedən mutasiya üçün üçüncü doza vaksinin vacibliyini vurğulayıb:

"Vaksin zaman keçdikcə öz təsir gücünü itirir və immun sisteminin virusa qarşı əvvəlki dayanaqlığı qalmır. Xüsusilə ilin əvvəllərində hər iki dozanı qəbul etmiş şəxslərin indi üçüncü doza vaksin qəbul etməsi daha yaxşı olardı. Bu baxımdan vətəndaşlarımıza zamanla buster dozanı qəbul etməyi məsləhət görürəm. Yeni mutasiya daimi gediş-gəliş olan Rusiyada aşkarlanıb, bu artıq həyəcan siqnalı deməkdir".
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR