“O qisas alacağına söz vermişdi, sözünü yerinə yetirdi” - FOTOLAR
09:47 / 26.02.2019
2821
Bu gün aprel döyüşlərimizin qəhrəmanı kapitan Nəcməddin Savalanovun doğum günüdür. Kapitan Nəcməddin Savalanov 1985-ci il fevralın 26-da İmişli rayon Göbəktala kəndində anadan olub.
1992-ci ildən onun doğum günü qeyd edilmirdi. Çünki onun doğum günü Xocalı faciəsi ilə üst-üstə düşürdü. Həmişə Nəcməddin belə deyərmiş:”Mən Xocalıdakıların qisasını alacam. ” "O qisas alacağına söz vermişdi. Sözünü yerinə yetirdi. Amma bu döyüşdə özü də şəhid oldu”- bunu döyüş dostları danışırdı.
2016-cı ilin aprel ayında ordumuzun apardığı əks əməliyyat nəticəsində kapitan Nəcməddin Savalanov düşmənlə döyüşlər zamanı ayağından və çiynindən ağır güllə yarası alıb. O, dərhal Silahlı Qüvvələrimizin Baş Klinik Hospitalına yerləşdirilib. Nəcməddin Savalanov müalicə aldığı klinikada dünyasını dəyişərək şəhid olub. Mayın 9-da şəhid zabitimiz doğulduğu İmişli rayon Göbəktala kəndində böyük izdihamla dəfn edilib. Şəhid Nəcməddin Savalanov ölümündən sonra ölkə başçısı tərəfindən "İgidliyə görə” medalı ilə təltif edilib.
Şəhidimizin iki qız və bir oğlan övladı yadigar qalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!