Novruz bayramında Əfv fərmanı olacaq – Siyahıda kimlər var?

Novruz bayramında Əfv fərmanı olacaq – Siyahıda kimlər var?
"Novruz Bayramı ərəfəsində çoxsaylı məhbus azadlığa buraxıla bilər”.

Bu sözləri Sfera.az-a açıqlamasında qarşıdan gələn yaz bayramı ərəfəsində növbəti əfv fərmanının olacağı ilə bağlı iddialara münasibət bildirərkən hüquq müdafiəçisi Səidə Qocamanlı deyib:
 
Onun bildirdiyinə görə,  Əfv Komissiyası bu istiqamətdə  intensiv iş aparır:
 
"Dekabr ayında gözlənilən əfv fərmanının olmamasının səbəbi var idi. Bu Vətən Müharibəsi ilə bağlı idi. Ona görə də növbəti əfv fərmanının daha münasib zamana qədər ertələnməsi məqsədəuyğun sayıldı. Məlumatımıza görə, Novruz Bayramında əfvin verilməsi üçün Əfv Komissiyası kifayət qədər intensiv işləyir.  Növbəti əfvə kimlərin düşəcəyilə bağlı son sözü də təbii ki, dövlət başçısı deyəcək.  Əfvin daha geniş kütləni əhatə edəcəyini gözləyirik.  Güman edirik ki, bir sıra amillər nəzərə alınmaqla Novruz Bayramı ərəfəsində çoxsaylı məhbusun azadlığa buraxılmasına şahidlik edəcəyik”. 

Hüquq müdafiəçisi tərtib etdikləri siyahıda yaşlı insanlar, dindarlar, jurnalistlər, blogerlər, bəzi siyasi partiyaların üzvlərinin olduğunu qeyd edib: "Burada ömürlük həbs edilən bir sıra insanların da adlarını qeyd etmişik.  Onlar içərisində OMON-çular, Birinci Qarabağ savaşında iştirak edənlər var.  Onların da işlərinə yenidən baxılmasını istərdik”.
 
Hüquq müdafiəçisi  Səadət Bənanyarlı da yaxın günlərdə Əfv fərmanının veriləcəyinə inanır: "Bu istiqamətdə növbəti addımın atılacağı real görünür.  Bu zaman yəqin ki, bir çox məhkumlar azadlığa qovuşacaq.  Artıq Əfv Komissiyası da fəaliyətini genişləndirib.  İstərdik ki, siyasi məhbus hesab edilənlərin hamısı əfv olunsun və bu məsələyə birdəfəlik son qoyulsun.  Buna ümid edərəm. Yaşayarıq görərik”.
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR