Növbəti stansiya “11 may”? – Bakı metrosunun açılacağı tarixlə bağlı FƏRQLİ AÇIQLAMALAR

Növbəti stansiya “11 may”? – Bakı metrosunun açılacağı tarixlə bağlı FƏRQLİ AÇIQLAMALAR

"Bu məsələ bizim səlahiyyətimizdə deyil”.


Sfera.az-a açıqlamasında bu sözləri mayın 4-dən etibarən bir çox sahələrin işə başlaması ilə əlaqədar sərnişin nəqliyyatında sıxlığın yaranması ilə bağlı metropolitenin fəaliyyətinin nə zaman bərpa ediləcəyi məsələsinə toxunarkən Bakı Metropoliteni QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov deyib:


"Bu Metropolitenin səlahiyyətinə aid olan məsələ deyil. Metropolitenin fəaliyyəti pandemiya ilə əlaqədar dayandırılıb. Koronavirusla mübarizə ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Odur ki, virusun yayılma xüsusiyyətlərini, səviyyəsini və bundan irəli gələn vəzifələri adıçəkilən qurum müəyyənləşdirdiyindən Bakı Metropoliteninin fəaliyyətini nı zaman bərpa edəcəyi də həmin qurumun səlahiyyətindədir”.


Metropoliten rəsmisi əlavə edib ki, fəaliyyətlərinin bərpası peşəkar mütəxəssis araşdırması tələb etdiyindən yekun qərarı da Operativ Qərargah verəcək: "Real durumla bağlı yalnız onlarda təfərrüatlı informasiya olduğundan operativ və düzgün qiyməti də onlar verə bilər. Bizim üzərimizə düşən isə metropolitenin işlək vəziyyətdə olmasını hər zaman qoruyub saxlamaqdır ki, qərar veriləndən sonra ən qısa müddətdə fəaliyyəti bərpa edək. Sərnişindaşımanın dayandığı aprel ayının 1-dən strukturun optimal səviyyədə qorunmasını təmin edirik. Qərar veriləcəyi andan metropoliten də öz işini ona uyğun quracaq”.


"Mayın 11-dən sonra metropolitenin fəaliyyətinin bərpası məsələsinə baxıla bilər”

Bunu isə sayta açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib: "Yaxın dövrdə metropolitenin fəaliyyətinin bərpa ediləcəyini gözləmirəm. Bu ölkədə olan vəziyyətdən asılıdır. Koronavirusla bağlı vəziyyət stabilləşsə, bu barədə fikirləşmək olar. Amma hələlik buna risk etmək olmaz. Yəqin ki, metropolitenlə bağlı məsələyə may ayının 11-dən sonra baxıla bilər”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR