\"NKVD\" türmələrində ifadələri bu işgəncələrlə alıblar - \"Cinsi orqana zərbələr, həşaratlar, mismarlı stullar...\"

\
10 iyul 1934-cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə yaradılan Xalq Daxili İşlər Komissarlığı (NKVD) bu ad altında 12 il, 1946-cı ilə qədər fəaliyyət göstərib. "NKVD” SSRİ-də yeganə qurum olub ki, 12 il ərzində ona rəhbərlik edən dörd komissarın (nazirin) üçü güllələnib, biri isə müəmmalı şəkildə qatarın altına düşərək ölüb.
 
Belə ki, ilk komissar Henrix Yaqoda 1938-ci ildə, Nikolay Yejov 1940-cı ildə, Lavrenti Beriya 1953-cü ildə ən ağır cəzaya -güllələnməyə məhkum olunublar. Sergey Kruqlovun həyatına isə Yaroslavl istiqamətindəki Pravda stansiyası yaxınlığında üstündən keçən qatar son qoyub.



"NKVD” təkcə rəhbərlərinin faciəli ölümləri ilə yadda qalmayıb. Milyonlarla insanın ölümünə, sürgünə göndərilməsinə, günahsız insanlara "vətən xaini” damğası vurulmasına "NKVD”-nin kabinetlərində fərman verilib. Bu qurumun qanun çərçivəsində müəyyən olunmuş funksiya və təyinatları ilə yanaşı, qeyri-rəsmi digər bir vəzifəsi də olub: insanlarda xof yaratmaq, kütlələri qorxu içində saxlamaq.

Ola bilər ki, bu qurumla bağlı miflər də yaranıb, amma "NKVD”-nin amansız, ağılasığmaz fəaliyyəti haqqında həqiqəti əks etdirən faktlar da az deyil. İllər ötsə də, elə indi də bəzən yaşlı nəslin nümayəndələri "NKVD” haqqında az qala ehtiyatla danışırlar.

"NKVD”-ni bu qədər qorxulu edən nə olub?
 
Repressiya, həbslər, sürgünlər, günahsız insanların güllələnmələri öz yerində. Bunlarla yanaşı, bu qurumun türmələrində insanlara verilən işgəncələr sözün əsl mənasında, sözlə ifadə edilə bilməyəcək qədər dəhşətli olub.


Həmin dövrün şahidlərinin, təsadüf nəticəsində "NKVD” zirzəmilərindən sağ çıxanların söylədikləri bu dəhşətləri bir daha sübuta yetirir.

Söylənilənlərdən belə qənaətə gəlmək olar ki, işgəncələrin "kəşf”i üçün xüsusi bir qrup işləyib, bu qrup zaman-zaman yeni işgəncə metodları fikirləşiblər, daha amansız, daha sərt, daha ağrılı və dözülməz işgəncələr...

İnsanın dərisi üzərində siqaret söndürmək, yaxud kəlbətinlə dırnaqlarını çıxarmaq "NKVD” cəlladları üçün ən adi və ən asan cəza sayılıb.

Məhbusları dəli olmaq vəziyyətinə gətirmək üçün kameralarda xüsusi səsgücləndiricilərdən istifadə olunub. Belə ki, müstəntiqlər ittiham olunanlardan ifadə alarkən, sualları onlara bu səsgücləndirici vasitələri qulaqlarına yerləşdirərək veriblər. Səs o qədər güclü olub ki, sinir sistemində fəsad yaratmaqla yanaşı, həm də məhbusların qulaqlarından qan açılıb.

O cümlədən, kameralara həddindən artıq güclü işıq verilib. Bir neçə sutka gecə və gündüz bu "işıqlı kamera”da oturan məhbusun gözləri hədəqəsindən çıxmaq dərəcəsinə çatıb.

İşgəncələrdən biri də məhbusları 10-15 gün ac saxlamaq olub ki, bundan sonra onlar istənilən ifadəni verməyə razı olublar.

Döyülmə prosedurları gündəlik işgəncələrdən biri olub ki, burada əsas zərbələr cinsi orqanlara yönəldilib.


Ən ağır cəzalardan biri susuzluqla bağlı olub. Amma bu cəza növündə məhbuslar əvvəlcə yaxşı "qidalandırılıb”. Belə ki, onlara duzlu-istiotlu qidalar yedizdirilib. Bundan sonra isə lazım olan müddətə qədər onlara su verilməyib.

İfadəni tez və rahat almaq üçün məhbuslar tam soyundurularaq üzərində mismarlar olan stullara əyləşdirilib. Bu işgəncədən sonra məhbusdan istənilən ifadəni almaq asanlaşıb.

İşgəncənin daha bir növü xüsusi kameralarda həyata keçirilib. "Otstoynik” adlanan bu kameralara o qədər məhbus yerləşdirilib ki, burada nəinki oturmağa, hətta əyilib ayağını qaşımağa imkan olmayıb. Sıxlıq o dərəcədə olub ki, məhbuslardan kimsə ölübsə, onun meyiti də ayaqüstə qalıb.

Daha dəhşətli işgəncələrdən biri xüsusi hazırlanmış şkaflarda tətbiq edilib. Belə ki, həmin şkafların içərisinə yalnız bir nəfəri güclə yerləşdirmək mümkün olub. Həmin şkafların içərisinə böyük sayda həşəratlar doldurulub, sonra isə məhbus həmin şkafın içərisinə pərçim edilib.

İşgəncələr çöl şəraitində də həyata keçirilib. Məhbusları boğazlarına qədər torpağa basdırıblar.

"Karser” işgəncələri isə əsl cəhənnəmi xatırladıb. Burada məhbusları sutkalarla yuxuya həsrət qoyublar. Soyuq havalarda "karser”ə buz kimi su buraxıblar. Məhbuslar beton kamerada dizə qədər suyun içində saxlanılıb.


NKVD təcridxanalarında qadınlar üçün də cəzalar tətbiq olunub. Qadınlar üçün ən "populyar” cəza növü cinsi zorakılığa məruz qalmaq olub. Hətta bəzən bir qadın tam soyundurularaq, 50-60 nəfərlik kişi kamerasına buraxılıb.

Nəzərdə tutulan ən dəhşətli işgəncə isə körpəsi olan qadınlara tətbiq edilib. Belə ki, onların gözünün qabağında körpələrinin dırnağı çıxarılıb, qızdırılmış dəmir parçalar uşaqların bədəninə yapışdırılıb.

Əgər bu və ya digər cəza növlərinin tətbiqi ittiham olunanlardan lazımi ifadəni almaq məqsədi daşıyıbsa, ikinci bir tərəfdən bu cəzaları tətbiq etməklə cəllad xislətli "NKVD” əməkdaşları zövq alıblar, cəza prosedurları onlar üçün əyləncəyə çevrilib. Amma bu işgəncələri verərkən çoxları düşünməyib ki, özlərinin də yolu bu kameralardan düşə bilər.


Faktlara istinad etsək, şahidi olarıq ki, saysız-hesabsız "NKVD” əməkdaşları sonda özləri də bu türmələrin "qonağı” olublar. Yüksək çinlilər isə nə vaxtsa tətbiq etdiklri işgəncələrə məruz qalmamaq üçün intihar yolunu seçib.

Qeyd edək ki, tarixə amansız "yejovşina” dövrünü yazan "NKVD”-nin ən amansız rəhbərlərindən biri olmuş Nikolay Yejov bu qurumun zirsəmisində vaxtilə tabeliyində olan əməkdaşlar tərəfindən ən ağır işgəncələrə məruz qalıb...

İlham Cəmiloğlu
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR