Neft-qaz layihələrində yerli kadrların iştirakı hansı üstünlüklər qazandırır? - Ekspert rəyi

Neft-qaz layihələrində yerli kadrların iştirakı hansı üstünlüklər qazandırır? - Ekspert rəyi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu həftə Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid” qaz-kondensat yatağında yeni quyunun qazılması işlərinə başlayıb. Şirkətin məlumatına görə, ilk dəfə olaraq burada bütün qazma prosesi "Umid Babek Operation Company” (UBOC) şirkəti tərəfindən idarə ediləcək. Yəni qazma prosesini idarə edəcək bütün heyət yerli kadrlardan ibarətdir.

Bəs böyük layihələrə yerli kadrların cəlb olunması, yerli şirkətlərin xidmətlərindən istifadə edilməsinin hansı üstünlükləri var?

Enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə "MediaPost"a bildirib ki, yerli kadrların və şirkətlərin layihələrdə iştirakı ölkə iqtisadiyyatının dayanıqlı inkişafı baxımından əhəmiyyətlidir.

"İnsan kapitalı ilk növbədə ölkələrin iqtisadi inkişafının əsas fundamentini təşkil edir. Çünki peşəkar kadrlar həm ölkələrin iqtisadi səmərəsini artırır, həm də texnoloji inkişafına zəmin yaradır. Bildiyiniz kimi, bu gün ölkələr və şirkətlər rəqabət üstünlüyünü artırmaq və əlavə dəyər yaratmaq üçün daim innovativ həll üsullarını öyrənməyə və müasir texnologiyaları istehsalat proseslərində tətbiq etməyə çalışırlar. Bu isə ancaq peşəkar və yüksək ixtisaslı kadr potensialının inkişafı ilə mümkün ola bilər”.

O, yerli kadrların və şirkətlərin belə layihələrə cəlb olunmasının ölkədə məşğulluq səviyyəsinin yüksəldilməsi və iqtisadi canlanmanın artırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. "Bu gün Azərbaycanda məşğulluq səvyyəsinin artırılması və yüksəkixtisaslıkadr potensialının yetişdirilməsi prioritet istiqamət kimi götürülüb.Bu isə öz növbəsində Azərbaycanın iqtisadi inkişafını artırır və vətəndaşların rifah səviyyəsinin yüksəlməsinə mühüm töhfə verir”,- ekspert əlavə edib.

O, həmçinin qeyd edib ki, yerli şirkətlərin layihələrdə iştirakı ölkə iqtisadiyyatının canlanması, büdcə daxilolmalarının artması və idxaldan asılılığın azaldılması baxımından da əhəmiyyətlidir:

"Bildiyiniz kimi yerli mütəxəssislər olmadığı halda layihələrə xarici mütəxəssislər cəlb edilir. Bu da, öz növbəsində əlavə xərclərin yaranmasına və əməliyyat xərclərinin artmasına səbəb olur. Artıq ölkədə peşəkar yerli kadrlar olduğuna görə, bir çox mürəkkəb layihələr yerli kadrlar tərəfindən həyata keçirilir. Bu isə öz növbəsində layihələrin iqtisadi məhsuldarlığını daha da artırır və ölkənin dayanıqlı iqtisadi inkişafına dəyərli töhfə verir”.

O vurğulayıb ki, ötən illər ərzində yüksəkixtisaslı kadr potensialının inkişafına böyük investisiya qoyulub və artıq demək olar ki, bütün irimiqyaslı neft-qaz layihələri yerli kadrlar tərəfindən uğurla həyata keçirilir: "Əgər 2005-ci ildə Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərən xarici şirkətlərdə çalışan azərbaycanlıların sayı təqribən 58% təşkil edirdisə, bu gün bu göstərici 92%-dir”.

Ekspert qeyd edib ki, artıq nəinki Azərbaycanda, hətta xarici ölkələrdə də irimiqyaslı neft-qaz layihələrinin həm yerli şirkətlər, həm də yerli kadrlar tərəfindən iqtisadi və texniki cəhətdən yüksək səmərə ilə yerinə yetirildiyi müşahidə edilir.

E.Axundzadə bu mənada Xəzərin Azərbaycan sektorunda yerləşən "Bulla-dəniz” yatağında 12-ci dəniz özülünün inşasının, "Ümid” yatağında SOCAR-ın ən debitli quyusunun (6810 metr), "Abşeron”yatağında Xəzərdə ən dərin (7 411 metr) quyunun, bu yaxınlarda kəşf edilmiş "Qarabağ” yatağında ilkin qiymətləndirmə quyusunun qazılmasının yerli kadrlar və şirkətlər hesabına həyata keçirildiyini, "SOCAR AQŞ” şirkətinin Türkiyədə strateji əhəmiyyətli Duz gölü yeraltı qaz anbarının genişləndirilməsi layihəsində iştirakını xatırladıb.

"Bu cür mürəkkəb layihələrin həyata keçirilməsi bir neçə il əvvəl xəyal kimi görünsə də, artıq bu gün, bir reallıqdır. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində ötən illər ərzində əsaslı addımlar atılıb və bu gün biz artıq onların bəhrəsini görürük”, - ekspert əlavə edib.


OXŞAR XƏBƏRLƏR