Qiymət neçə olsa, Neft Fondunun büdcəsində profisit yaranar? - TƏHLİL
15:13 / 24.06.2021
1419
Son aylarda Azərbaycanın ixrac etdiyi neftin bahalaşması Dövlət Neft Fondunun büdcəsində gözlənilən kəsiri profisitlə əvəzləyə bilər.
Sfera.az xatırladır ki, Neft Fondunun 2021-ci il büdcəsində 4,25 milyard manat kəsir proqnozlaşdırılır. Bu il Fondun gəlirlərinin 8 milyard manat, xərclərinin 12,25 milyard manat olacağı güman edilir.
Fondun büdcəsində böyük kəsirin nəzərdə tutulması neftin qiymətinin 40 dollardan hesablanması ilə bağlıdır. İlk 5 ayın nəticələri göstərir ki, Azərbaycanın ixrac etdiyi neftin qiyməti proqnozlaşdırılan qiymətdən xeyli yüksəkdir. Birinci rübdə orta qiymət 52 dollar, apreldə 60 dollar, mayda 64 dollar, iyunda 66 dollar olub. Bu halda Azərbaycanın karbohidrogenlərin satışından əldə edilən gəlir daha çox olacaq.
Bəs, neftin hansı qiymət səviyyəsində Neft Fondunun büdcəsində kəsir yaranmayacaq?
Bunu müəyyənləşdirmək üçün Fondun gəlirlərinin strukturuna diqqət yetirmək lazımdır. Fondun gəlirlərinin 6,44 milyard manatı karbohidrogenlərin (neft, kondensat və təbii qaz) satışından daxil olacağı gözlənilir. Sərmayəçilərin ödədikləri bonuslardan daxilolma 776 milyon manat, fondun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir 760 milyon manat, neftin və qazın Azərbaycanın ərazisi ilə ötürülməsindən əldə edilən gəlir 22 milyon manat, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri 4,15 milyon manat olacaq.
Gəlir mənbələrinə diqqət yetirdikdə görürük ki, neftin bahalaşması karbohidrogenlərin satışından daxil olacaq gəlirlərə daha güclü təsirə sahibdir. Bununla yanaşı, neft bahalaşdıqda fondun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər də artır. Çünki enerjinin dəyərinin yüksəlməsi beynəlxalq birjalarda əmtəələri və səhmləri də bahalaşdırır. Bu səbəbdən Fondun aktivlərinin gəlirliliyi də artır.
Digər mənbələr üzrə də gəlirlər artacaq, amma həmin artımlar ümumi gəlirlərdə ciddi dəyişiklik yaratmayacaq.
Neftin bahalaşmasına görə əsas dəyişiklik karbohidrogenlərin satışında müşahidə olunacaq. Qiymət 40 dollar olduqda karbohidrogen satışından 6,44 milyard manat gəlir nəzərdə tutulubsa, neftin dəyəri 10 dollar artdıqda gəlir 40 faizə qədər artacaq. Qiymətin 20 faiz artması müqabilində gəlirin 40 faiz artması satış qiyməti ilə maya dəyəri arasında fərqin böyüməsi ilə bağlıdır. Belə ki, ixrac qiyməti 40 dollar, neftin hasilat və nəql qiyməti 15 dollar olduqda bir barel neftin satışından 25 dollar gəlir əldə edilir. Neftin qiyməti 50 dollar olduqda satışdan gəlir 35 dollar və ya 40 faiz çox olur.
Gəlirin 40 faiz artması karbohidrogen satışından daxilolmaların 9 milyard manata çatması deməkdir. Əlli dollar qiymətlə digər gəlirlər də nəzərə alındığında Fondun mədaxili 10,6 milyard manata yüksələcək. Neftin qiymətinin 50 dollar olması büdcə kəsirini azaldacaq, amma kəsiri tam aradan qaldırmayacaq.
Neftin orta qiyməti 60 dollar olduqda satışdan gəlirlər 80 faiz artacaq. Yəni, proqnozda olduğu kimi karbohidrogen satışından gəlirlər 6,44 milyard manat yox, 11,6 milyard təşkil edəcək. Amma nəzərə alaq ki, neft bahalaşdıqda xərclər də artdığından istehsal və nəql qiymətləri 15 dollar yox, təxminən 20 dollar ola bilər. Bu halda karbohidrogen satışından gəlirlər 10,3-10,4 milyard manat, Fondun digər gəlirlərilə birgə ümumi gəlirləri 12 milyard manata yüksələcək.
Göründüyü kimi, 60 dollar Fondun gəlirləri ilə xərcləri arasında tarazlığı yaratmağa imkan verir. Qiymətlər 60 dolları ötdükdə isə Fondun büdcəsində profisit yaranır. Deməli, Dövlət Neft Fondunun büdcəsində profisitin yaranması üçün neftin ixrac qiymətinin 60 dolları ötməsi lazımdır.
2021-ci ilin yanvar-iyun aylarında orta qiymət 60 dolları ötüb. Proqnozlara görə ilin yekununda da orta qiymətin 60 dollardan yüksək olması realdır.
Vasif
Sfera.az