Neft Fonduna daha aqressiv investisiya siyasəti aparmaq təklif edilir - TƏHLİL

Neft Fonduna daha aqressiv investisiya siyasəti aparmaq təklif edilir - TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinə dəyişiklikləri təsdiq edib. Fərmana uyğun olaraq Fondun büdcə gəlirləri 12 milyard 384 milyon manatdan 7 milyard 833 milyon manata qədər azaldılıb, büdcə xərcləri 11 milyard 590 milyon manatdan 12 milyard 440 milyon manata qədər artırılıb.

 

Gəlirlərin az proqnozlaşdırılmasının səbəbi neftin qiymətinin 55 dollardan 35 dollara salınması ilə bağlıdır. Xərclərin artırılmasının əsas səbəbi isə dövlət büdcəsinə transfertin yuxarı həddinin 11,350 milyard manatdan 12,2 milyard manata qədər artırılmasıdır.


Neft Fondunun yenilənən büdcəsinin onun aktivlərinə təsiri necə olacaq?

 

İqtisadçı-ekspert İnqilab Əhmədov Sfera.az bildirib ki, Neft Fondunun yenilənən büdcəsinə əsasən 2020-ci ildə 4,5 milyard manata yaxın (2,7 milyard dollar) kəsir proqnozlaşdırılır. Onun sözlərinə görə neftin qiymətinin aşağı səviyyədə olmasını nəzərə alsaq, ilin yekununda aktivlərə ciddi azalma olacaq: "Yaxın 3 ayda pandemiyanın təsiri ilə bağlı böyük tədqiqat aparmışıq.

 

Tədqiqatda müəyyən hesablamalara əsaslanan Neft Fondunun aktivləri ilə bağlı gözlənti müəyyənləşdirildi. Böyük layihələrdə mənfəət nefti üzrə Neft Fonduna daxil olan vəsait kəskin azalıb. Azalmaların baş verməsi ilə paralel olaraq Neft Fondundan dövlət büdcəsinə transfert 850 milyon manat artırılıb. Gəlirin azalması, xərcin isə artması büdcədə böyük defisit yaradır. Neftin qiymətinin kəskin düşməsi fonunda Dövlət Neft Fondundan xərcləmələrin artırılması onun aktivlərinə öz mənfi təsirini göstərəcək.

 

Bizim hesablamalarımıza görə bu vəziyyət son anda ona gətirib çıxaracaq ki, Neft Fondunun aktivləri azalacaq. Proqnozlaşdırır ki, ilin yekununda Fondun aktivlərində 8-10 faiz azalma baş verəcək. 2020-ci ilin iyulun 1-də 43 milyard dollardan çox olan aktivlərin ilin sonunda 40 milyard dollardan bir qədər az olmasını proqnozlaşdırırıq".

 

İ.Əhmıdov dedi ki, belə vəziyyətdə Neft Fondunun investisiya siyasətində dəyişiklik olmalıdır: "Belə çətin və təhlükəli dövrdə Neft Fondu mümkün qədər az risk edib, aktivləri qorumaq siyasətinə üstünlük verir. Bu baxımdan Fond rəhbərliyi hesab edir ki, riskli səhmlərə və onun kimi digər aktivlərə az investisiya edib, daha çox inkişaf etmiş ölkələrin dövlət qiymətli kağızlarına və bondlara sərmayə etməklə minimum, hətta sıfır səviyyəsində olan gəlirliliklə ən azından mövcud aktivləri qorumağa çalışmaq lazımdır. Bu, Neft Fondunun siyasətidir.

 

Biz hesab edirik ki, belə dövrdə bir qədər daha aqressiv, daha riskli fəaliyyət göstərmək olar. Bir sıra səbəblərdən bəzi səhimlərin qiyməti kəskin aşağı düşüb. Normal halda investisiya fondları belə şəraitdən istifadə edirlər. Azərbaycanın Dövlət Neft Fondu də investisiya fondudur. İnvestisiya fondları ucuzlaşan səhmlərə yatırım edib yaxın gələcəkdə böyük məbləğdə gəlirlər əldə edirlər. Biz Neft Fonduna bunu təklif edirik.

 

Dövlət Neft Fondunun aktivlərini tanınmış investisiya şirkətləri idarə edir. Buna görə də Neft Fondu da digər investisiya fondları kimi davrana bilər.

Artıq Fondun aktivlərində strukturunda dəyişikliyi baş verib. Qızıla yatırımlar artıb. Qaydalara əsaasən, Neft Fondunun aktivlərinin 10 faizi qızıla qoyula bilər. Amma aktivlərdə qızılın payı artıq 13 faizi ötüb. İnvestisiya ilə bağlı qaydalarda qızıla sərmayənin nəzərdə tutulandan 2-3 faiz az və ya çox olması mümkündür. Bundan istifadə edərək Fond qızılda olan aktivlərini artırır ki, bu da doğru addımdır. Çünki pandemiya dövründə özünü ən yaxşı aparan qızılın qiyməti olub. Qızıl böhranlı dövrlərdə özünü daha pozitiv aparır.

 

Əmlak bazarında ciddi dəyişiklik olmayacaq və yəqin ki, əmlak bazarına əlavə yatırımlar baş verməyəcək. İndiki dövrdə bu bazar risklidir və gəlirlilik sıfırın altındadır. Əmlak bazarı daha çox konservativ siyasət yürüdənlər üçün əlverişlidir.

 

 

Seçim qalır səhmlərlə və dövlət qiymətli kağızlarına. Fondun fikri odur ki, dövlət istiqrazlarına sərmayələr artırılmalıdır. Mənim fikrimcə, vəziyyətdən istifadə edib daha aqressiv siyasət apararaq məhz səhmlərə investisiya olmalıdır. İndi səhmlərə edilən investisiya yaxın gələcəkdə yaxşı gəlirlilik əldə etməyə imkan yaradacaq".

 

 

Vasif


OXŞAR XƏBƏRLƏR