Nazir müavini: “Noyabrın 1-dən övladlığa uşaq götürmə ilə bağlı yeni sistem tətbiq olunacaq”

Nazir müavini: “Noyabrın 1-dən övladlığa uşaq götürmə ilə bağlı yeni sistem tətbiq olunacaq”
 

"Əvvəllər övladlığa götürmə zamanı daha çox valideynin mənafeyi nəzərə alınırdı. Amma ötən ildən üzərində çalışdığımız övladlığa uşaq götürmə ilə bağlı yeni Alt sistemdə bu modeli yenidən nəzərdən keçirdik. Yeni övladlığa götürmə modelinin tətbiq olunması nəzərdə tutulur". 

Sfera.az-ın APA-ya istinadla məlumatına görə, bunu DOST Agentliyində keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. 

Onun sözlərinə görə, bu prosesin mərkəzində əsasən uşağın mənafeyidir: "Yeni modelin üstün cəhəti budur ki, gələcək valideynlərlə müsahibələr ediləcək, onlar təlimlərə cəlb olunacaq. Hətta həmin valideyn namizədlər sosial müəssisələrə gedərək uşaqları ziyarət edəcəklər və uyğunlaşma prosesi gedəcək. Ondan sonra uşaq 3 aylıq həmin ailəyə veriləcək. Sosial cəhətdən qiymətləndirmə aparılacaq, əgər o ailə uşağı götürməyə hazırdırsa, rəy əsasında məhkəməyə müraciət ediləcək". 

 

Nazir müavini bildirib ki, əvvəllər sağlamlıq imkanları məhdud olan uşaqları övladlığa götürməyə maraq yox idi: "Təxminən 1500 belə uşaq valideynlərdən məhrum olunub və onlar gələcəkdə övladlığa götürülə bilər. Amma statistikaya nəzər salsaq, son 3 il ərzində övladlığa götürmə ilə bağlı faiz çox aşağıdır. Bütün bunları nəzərə alaraq sistemin çatışmazlıqlarını bir daha nəzərdən keçirdik. Bu məsələ artıq Milli Məclisdə də müzakirəyə çıxarılıb. Övladlığa götürmə ilə bağlı vətəndaşların işini asanlaşdırmağa çalışırıq. Düşünürük ki, noyabrın 1-dən artıq övladlığa uşaq götürmə ilə bağlı yeni Alt sistem tətbiq olunacaq".


OXŞAR XƏBƏRLƏR