Nazir müavini, keçmiş komitə sədri və... - Bu şəxslər Rövşən Əkbərov əleyhinə ifadə verib
14:33 / 16.07.2021
989
Həbs edilən general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutub.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Vəkillər cinayət işi üzrə şahid qismində dindirilən Diaspora üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun, Fövqəladə Hallar Nazirinin müavini Orucəli Hacıyevin və Məzahir Şıxaliyevin ifadələrinin sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət veriblər.
Vəsatəti belə əsaslandırıblar ki, həmin şəxslər hadisə olan zaman ifadələrində qətlin kim tərəfindən törədildiyini bilməsələr də, bu il istintaq zamanı Elçin Əliyevi Rövşən Ələkbərovun öldürdüyünü deyiblər.
Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqov Rövşən Əkbərova qarşı 1 milyon 220 min manat mülki iddia qaldırıb. Zərərçəkmiş şəxsin verdiyi mülki iddia məhkəmə icraatına qəbul edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.