Nazarbayevin qızı ətrafında nə baş verir? - Əvvəlcə əmlaklarına həbs qoyuldu, sonra vəzifədən çıxarıldı

Nazarbayevin qızı ətrafında nə baş verir? - Əvvəlcə əmlaklarına həbs qoyuldu, sonra vəzifədən çıxarıldı

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva Respublika Parlamenti Senatının sədri vəzifəsindən azad edilib. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Nazarbayevaya "fəal və məhsuldar fəaliyyətinə" görə təşəkkür edib.


Sfera.az bildirir ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkənin ilk prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın Respublika Parlamenti Senatının sədri səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalayıb.


Twitterdəki şəxsi hesabında Tokayev Nazarbayevaya senat sədri olduğu müddətdə göstərdiyi "aktiv və məhsuldar fəaliyyətinə" görə minnətdarlığını bildirib. Xatırladaq ki, bu ilin mart ayında Böyük Britaniya hakimiyyəti Nursultan Nazarbayevin qohumlarının əmlakına (red. iki malikanə və bir mənzil) həbs qoymuşdu. Bu barədə BBC məlumat yaymışdı.


Mülkiyyətə hələ 2019-cu ilin yazında həbs qoyulsa da, məhkəmə yalnız bu ilin yazında sahibkarların kimliyini açıqladı. Məlum oldu ki, milyonlarla dəyəri olan mülkiyyət sahibləri Qazaxıstanın keçmiş prezidentinin qızı və nəvəsidir. Böyük Britaniya hakimiyyəti onlardan paytaxtın bahalı rayonunda daşınmaz əmlaka xərclədikləri 100 milyondan artıq dolların mənşəyi haqda məlumat verməyi tələb etdi.

 

"Dariqa Nazarbayeva oğlu Nurəli Əliyev və oğlunun həyat yoldaşı Aida ilə birlikdə 100 milyon dollardan artıq dəyəri olan mülkiyyətə sahib olub. Özü də sahibkarlar malikanə və mənzilləri üş ofşorda qeydiyyatdan keçiriblər.”, -BBC yazırdı.

 

Bu arada, mülkiyyətin hazırkı bazar dəyərinin daha yüksək ola biləcəyi də istisna olunmur. Qeyd edək ki, Britaniya hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələbi ilə 2019-cu ildə ölkənin ən bahalı küçələrindən biri olan Bişops-avenyüdə yerləşən, yeraltı hovuz və kinoteatrı olan nəhəng malikanəyə həbs qoyulub.


Britaniya hakimiyyəti həmçinin Londonun nüfuzlu Hayqeyt rayonundakı bir evə və Çelsidəki böyük mənzilə də həbs qoyub. O zaman Britaniyanın dövlət orqanları bu əmlakın siyasi baxımdan tanınmış bir şəxslə əlaqəli olduğunu bildirmişdilər, amma sahibkarların adları açıqlanmamışdı.


Təxminən bir il sonra jurnalistlər Finance Uncovered və " Transperensi İnternəşnl” təşkilatları ilə birgə sahibkarların kimliyini müəyyən etməyə yardımçı olan araşdırma dərc etdilər. Bundan dərhal sonra London Ali Məhkəməsi bu məlumatın ictimailəşdirilməsinə icazə verdi.

 

Qazaxstanın sabiq başçısının nəvəsi Nurəli Əliyevövladlarının təhlükəsizliyi naminə məhkəmədən Londondakı mülklərin ünvanlarını gizli saxlamağı xahiş edib, amma hakimdən rədd cavabı alıb. Araşdırma nəticəsində məlum olub ki, bütün daşınmaz əmlak Niderlandın Antil adalarında, Panama və ingilislərin Anqilyadakı ərazisində qeydiyyatdan keçirilən üç ofşorda sənədləşdirilib. Cinayətkarlıqla Mübarizə Milli Agentliyinin (NCA) müstəntiqləri bütün əmlakın Nurəli Əliyevin atası və Dariqa Nazarbayevanın keçmiş həyat yoldaşı Rahat Əliyevin gəlirləri hesabına əldə edildiyini təxmin edirlər.


 

Qeyd edək ki, Rahat Əliyev 2000-ci illərdən bəri cinayətkar fəaliyyəti ilə tanınıb. 2008-ci ildə Qazaxıstan Prezidenti Nazarbayevlə mübahisədən sonra Rahat Əliyev bütün rütbə və mükafatlarından məhrum edilib və iki bank sahibinin qətlində ittiham edilərək qiyabi olaraq 20 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.


Bundan sonra əvvəllər Qazaxıstanın səfiri kimi çalışdığı Avstriyada gizlənib. Dəfələrlə vətəninə təhvil verilməsi tələb edilsə də, Əliyev bir müddət Avstriya polisinin himayəsində olub və siyasi sığınacaq üçün Avstriya hökumətinə müraciət edib. Buna cavab olaraq, adına cinayət işi açılıb. 2015-ci ilin fevralında Əliyev Vena həbsxanasında intihar edib.

 

Dariqa Nazarbayevanın vətənindəki həyatı da qalmaqallarla davam edib. 2013-cü ilin dekabrında Nazarbayeva uşaqları əlillər üçün internat məktəblərinə aparmağı təklif edib. Məmur xanımın sözlərinə görə, orada uşaqlar "eybəcərlər”i görüb qanunsuz intim münasibətlərin nə ilə nəticələndiyini anlayacaqdı.

"Hesab edirəm ki, zaman-zaman uşaqları uşaq evlərinə, əlil uşaqlar üçün internat məktəblərinə ekskursiyaya aparmalıdırlar ki, onlar vaxtından tez, qanunsuz intim münasibətlərin nə ilə nəticələndiyini görsünlər. "Eybəcər” uşaqları da onlara göstərmək lazımdır, qoy baxsınlar. Bu saatlarla davam edən söhbət və mühazirələrdən daha təsirlidir”,-deyə, Dariqa vurğulayıb.

 

Xatırladaq ki, 1991-ci ildən ölkəyə rəhbərlik edən Qazaxstanın ilk prezidenti Nursultan Nazarbayev Qazaxstanda keçirilən prezident seçkilərini böyük səs çoxluğu ilə udurdu. 2015-ci ildə keçirilən son seçkilərdə 95% iştirak fəallığı ilə 97,7% səs almışdı.

 

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR