No Image
No Image

“Nadejda, tez ol, yığış, Şuşaya gedirik…” - Tətilə Şuşaya gələn, burada evlənən rus xanımla MÜSAHİBƏ

“Nadejda, tez ol, yığış, Şuşaya gedirik…” - Tətilə Şuşaya gələn, burada evlənən rus xanımla MÜSAHİBƏ

Sfera.az ömrünün yarıdan çoxunu Şuşada keçirən 1953-cü il doğumlu Quliyeva Nadejda Alekseyevna ilə müsahibəni oxucularına təqdim edir.


- Salam. Öncə özünüz haqda məlumat verərdiniz.

-Çox illər əvvəl anamla Uraldan bacımgilə qonaq gəlmişdik. O zaman anamla Uralın Perm vilayətinin Aleksandrovsk şəhərində yaşayırdıq. Tətildə Şuşaya gəldik. Elə orda da gələcək həyat yoldaşımla tanış oldum. Bir il onunla məktublaşdıq. Mən 8-ci sinfi bitirəndən sonra yenidən anamın yanına, Urala getdim. 9-cu sinfi bitirdikdən sonra isə tətildə yenidən Azərbaycana gəldim. Gələcək həyat yoldaşım dedi ki, daha bəsdir, evlənməliyik. Toy olmadı, xudmani məclis təşkil etdik və birlikdə Şuşaya yollandıq. Beləcə, 1969-cu ildən Şuşada yaşamağa başladım. Orada toxuculuq fabriki fəaliyyət göstərirdi. Mən toxuculuq sexində işləyirdim. Övladlarım dünyaya gələndən sonra da işimdən qalmadım.

 

- Deyəsən deputat da seçilmisiniz?

- Bəli. Deputat vəsiqəmi bu günədək saxlayıram. Vəsiqəmi gətir, Leyla.


- Şuşaya tezmi alışdınız? Orada yaşamaq sizin üçün çətin olmadı ki?

- Şuşanı çox bəyəndim. Çox gözəl, səliqəli, qədim şəhər idi. Çoxlu əski məscidləri, yaşayış binaları vardı. Çox maraqlı şəhər idi. Dörd bir yandan qarlı dağlarla əhatə olunmuşdu, baxmaqdan doymurdun. Şuşa küləkli şəhər deyildi, mülayim, sakit iqlimi vardı. Hərdən külək əsəndə deyirdik ki, yəqin Bakıdan uçub gəlib. Günümüz xoş keçirdi. Şəhər gəzintisinə çıxırdıq, kinoya, meşəyə gedirdik. Böyürtkən, zoğal yığmağı çox sevirdik.

 

- Bəs Şuşanın süqutuilə nəticələnən dönəmi necə xatırlayırsınız?

- 1988-ci ildə, məlum hadisələr yenicə başlayanda böyük oğlum Bəxtiyar yenicə əsgərlikdən qayıtmışdı. 1992-ci ilə qədər atası ilə birgə döyüşdü, şəhərimizi yağı düşməndən qorudu. Şuşaya dörd bir yandan mərmi yağışı yağırdı. Şəhərimizi üzük qaşı kimi dövrəyə alıb bombardman edirdilər. Dörd övladımı qollarımın arasına alıb evdən çıxdım. Ayağımızda çəkələt, əynimizdə palto tez-tələsik avtobusa minib Şuşanı tərk etdik. Bizi avtobusa mindirən həyat yolddaşım qonşulara əşyalarını daşımaqda kömək edirdi. Ona dedim ki, biz də əşyalarımızı yığıb aparaq. Cavab verdi ki, nəyimizə gərəkdir? Onsuz da 2-3 gündən sonra qayıdıb gələcəyik. Beləcə, 4 otaqlı evimizi dolu qoyub getdik, özümüzlə heç nə götürmədik. Mülkümüz, bağ-bağatımız bizsiz qaldı.

 

- Bəs həyat yoldaşınızın, oğlunuzun taleyi necə oldu?

- Həyat yoldaşım bu ilin noyabr ayında dünyadan köçdü. Heç bir ili də tamam olmayıb. Heç yadımdan çıxmaz, bir səhər hamımız bu otaqda yatırdıq. Bir də gördüm paltosunu, ayaqqabılarını geyib məni oyadır ki, Nadejda, tez ol, yığış, Şuşaya gedirik. Ona deyirəm, hansı Şuşaya? Şuşa ermənilərdədir. Ora necə gedə bilərik? Deyir, eybi yox, avtobusla gedərik, kim bizə nə deyəcək ki? Ona deyirəm, ermənilər Şuşanı işğal edib. Deyir, gəl gedək, heç kim yoxdur, hamı yatır, heç kəsin xəbəri yoxdur. Ona deyirəm, əcəb maraqlı adamsan e, avtobus yox, maşın yox, Şuşaya necə gedəcəksən?

Bəxtiyar son günədək atası Sabirlə Şuşada qalıb döyüşdü. Şuşa alınandan sonra 1-2 il Bakıdda yaşadı. Sonra dedi ki, Şuşasız yaşaya bilmirəm, döyüşməyə gedirəm. Bəlkə şəhadətim Şuşanı qaytarmağa kömək etdi. İnanmazsınız, mayın 3 Bəxtiyar həlak oldu, mayın 10-da isə atəşkəs elan olundu. 1 həftə çəkdi. 1-cə həftə.

 

- Siz illər uzunu ermənilərlə qonşu olmusunuz. O xalq haqda nə deyə bilərsiniz?

- Əslində sadə ermənilər pis deyillər. Onların yuxarıdan beynini dolduran var. Əvvəllər bir yerdə mehriban yaşayırdıq. Sonra isə hər şey dəyişdi.

 

- Şuşaya qayıtmaq istərdiniz?

- Bəli, Şuşaya qayıtmaq istəyirəm. Bütün dünyaya sübut etmək istəyirəm ki, Şuşa Azərbaycanındır. Biz Bakıya gələndə kiçik oğlumun 13 yaşı vardı, 6-cı sinifdə oxuyurdu, indi isə 40 yaşındadır. Şuşanı itirdiyimiz gündən 27 il keçir, bu bir igidin ömrüdür. Çox ağırdır.

 

- Özünüzə və insanlara nə arzunuz?

- Mən bütün insanlara sülh və əminamanlıq, xoşbəxtlik diləyirəm. Şuşa qaçqınlarına isə öz el-obalarına, evlərinə, ocaqlarına qayıtmalarını arzulayıram. Bütün insanlar mehriban yaşamalıdır, bir-biri ilə dil tapmalıdır. Bu evi bizə yeni veriblər. Cəmi 5-6 aydır burda yaşadığımız. Dünən oğlumdan soruşuram ki, Şuşa geri alınsa, nə edərsən? Deyir, ayağıyalın qayıdaram ora. Deyirəm, mən də. Təki Şuşanı qaytarsınlar, bu evdən imtina edərəm.

 

Selcan

Sfera.az


Sehliyali
Turan Bank