Müttəfiqlik rəmzi olan hədiyyə...

Müttəfiqlik rəmzi olan hədiyyə...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 26-da birinci bortla Füzuli Beynəlxalq Hava Limanına eniş etdi. 44 günlük Vətən müharibəsindəki tarixi qələbədən, Şüşa və Bakı Bəyannamələrindən sonra növbəti ciddi siyasi hadisənin şahidi olduq. 
     
Prezident İlham Əliyev cəmi 8 ay ərzində Füzulidə inşa olunmuş hava limanını Qarabağın hava qapısı adlandırmışdı. Rəsmi qarşılanma mərasimində  limanın rəmzi açarları Azərbaycan və Türkiyə Prezidentlərinə təqdim olundu. Bu, həm də Qarabağa giriş qapısının açarının təqdimatı mərasimi demək idi. Prezidentimiz tərəfindən rəsmi törənə verilən bu xüsusi çalarla təkcə Ermənistana və onun himayədarlarına deyil, həmçinin dünya birliyinə nümayiş etdirildi ki, Azərbaycan Qarabağa sahiblik hüququnu bərpa edib və bu hüququn əbədi qorunmasında artıq tək deyil. 
     
Rəsmi qarşılanmanın davamı Zəngilanın Ağalı kəndində keçirildi. "Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan bu yaşayış məskəninin bərpasına cəmi yeddi ay əvvəl, aprel ayında başlanılıb və bu ilin sonu, ən uzağı gələn ilin əvvəli keçmiş məcburi köçkünlərin dədə-baba yurdlarına Böyük Qayıdışına məhz Ağalıdan start veriləcək. Qarşılanma törəninin Zəngilanda keçirilməsi, bir tərəfdən, o deməkdir ki, Azərbaycan kiminsə köməyinə ehtiyac duymadan, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı öz daxili imkanları hesabına təmin etmək əzmində və gücündədir. Bu, həm də ölkəmizin iqtisadi müstəqilliyinin nümayişidir. Digər tərəfdən,  Ağalı kəndinin ilk məskunlaşma ərazisi qismində seçilməsi də təsadüfi deyil. Araz çayının bu tayında və Zəngəzura bitişik  çoğrafiyada yerləşən Zəngilanda Azərbaycanın və qardaş Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi, heç şübhəsiz, ciddi siyasi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mətbuata birgə bəyanatında  belə bir açıqlama verdi: "Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq... Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir”. 
     
İki qardaş ölkənin dövlət başçıları tərəfindən məhz bu səfər çərçivəsində Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyuldu. Prezident Rəcəb Tayyib Ərdoğanın təməlqoyma mərasimi və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan tikinti işlərinin gedişatı ilə tanışlıq zamanı verdiyi sualın elə özü tərəfindən cavablandırılması bir daha göstərdi ki,  sual ritorik anlamdan çoxdan çıxıb: "Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz”.  Türkiyə Cumhurbaşqanı mətbuata birgə bəyanatında bu mesajını daha da konkretləşdirdi: "Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, loqistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək” . 
     
Prezident İlham Əliyevin verdiyi bəyanat isə növbəti dəfə təsdiq etdi ki, müharibə günlərində olduğu kimi, quruculuq və bərpa dövründə də iki qardaş ölkənin sözü ilə əməli üst-üstə düşdüyü qədər, həm də biri digərini tamamlayır: "Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq”. Zəngilanda "Dost Aqropark”ının təməlinin qoyulması isə qardaşlığın, bərpa və quruculuq sahəsində işbirliyinin əməli təsdiqi deməkdir. Dövlətimizin başçısı məhz bu məqama diqqət çəkərək xüsusi olaraq bunu vurğuladı: "Bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik”.
     
Regionun yeni düzənində, qlobal miqyasda maraq dairələrinin gözlənilən yeni bölgüsündə mühüm rol oynayan bu səfər zamanı diqqət çəkən məqamlardan biri də Türkiyə dövlət başçısının Prezident İlham Əliyevə etdiyi hədiyyə ilə bağlı oldu. Cənab Rəcəb Tayyib Ərdoğan Xarıbülbül təsvirli saatları hədiyyə qismində dövlətimizin başçısına təqdim edərkən bu fikri səsləndirdi: "Biz Şuşaya səfər etdik. Saatların üzərində Şuşa var, Xarıbülbül də Şuşanın simvoludur”. Həmin hədiyyə yalnız qardaşlıq və səmimiyyət jesti anlamına gəlməməlidir. Türkiyə Prezidenti məhz bu hədiyyəni seçməklə və onu dövlətimizin başçısına dünyanın gözü qarşısında təqdim etməklə beynəlxalq birliyə ciddi mesaj göndərdi. Prezident İlham Əliyev mətbuata birgə bəyanatında həmin mesajın mahiyyətini, hədiyyənin dərin mənasını tam dəqiqliyi ilə açıqladı: "Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır”. 
     
Ermənistan və ona havadarlıq edənlər, erməni lobbi mərkəzlərinin təsiri altında ölkəmizə qarşı ikili standartlardan istifadə edənlər, nəhayət,  Qafqazda yaranmış yeni reallıqla hesablaşmalıdırlar. Qəbul etməlidirlər ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ özü bərpa edib. Bəziləri BMT Təhlükəsizlik Şurasının ölkəmizlə bağlı məcburi xarakterli qətnamələrini təmin etməli olduqları halda, 27 il ərzində  bunu etməsələr də, Azərbaycan dövləti bu vəzifəni təkbaşına yerinə yetirdi. Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun tarixindən isə, qardaş Türkiyənin Qafqazda və Azərbaycanda varlığı rəsmən təsdiq olundu. Hədiyyə edilən saat Qafqazda yeni tarixin başladığını və Qars müqaviləsinin məntiqi davamını təcəssüm etdirir. İstəsələr də, istəməsələr də reallığı ifadə edən Azərbaycan-Türkiyə qardaşlığı, iki qardaş dövlətin müttəfiqlik faktoru ilə hesablaşmalı və onu həmişə diqqət mərkəzində saxlamalı olacaqlar. 
 
Ülvi Quliyev
Milli Məclisin deputatı 
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Veteranlarımız dinc həyatda da nümunə olmalıdırlar – Ədalət Verdiyevin yazısı

Müharibə itkilərlə müşahidə olunan dəhşətli bir faciədir. Azərbaycan xalqı uzun müddət davam edən işğal dövründə bir anlıq da olsun Qarabağı unutmadı. Hər an Si...

Erməni riyakarlığına Rusiyanın cavabı...

MHP Başkanı Devlət Baxçəlinin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana bağışladığı "Türk Dünyası” xəritəsi hamıdan çox erməniləri həyəcanlandırdı.   Növb...

Əcdadlarımızın vəsiyyəti reallaşır...

Bu yazıdakı sitatların bolluğu təəccüb doğurmamalıdır. Çünki onların hər biri baş verən böyük tarixi hadisələrin mahiyyətinin təhrif olunmadan çatdırılmasına xi...

Bu - bütün Azərbaycanın və Yer üzərində yaşayan bütün Azərbaycanlıların Zəfəridir

Bir neçə həftə öncə Dövlət Müstəqilliyimizin bərpa olunmasının 30 illik yubileyini qeyd etdik. 1920-ci ildə itirib yalnız 1991-ci ildə bərpa edə bildiyimiz mü...

Texnologiya əsrində Azərbaycan: Gələcəyin İT tendensiyaları və biz

Bu ilin 28 oktyabr tarixində "Facebook” rəhbərliyi ABŞ mərkəzli internet nəhənginin adını dəyişdirmək barədə qərar verdiklərini açıqladı. Bu tarixdən etibarən "...

Müttəfiqlik rəmzi olan hədiyyə...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 26-da birinci bortla Füzuli Beynəlxalq Hava Limanına eniş etdi. 44 günlük ...