Mütəxəssisdən uşaqlarla bağlı SOS SİQNALI: \"Delta\" təhlükəsi ilə üz-üzədirlər\"

Mütəxəssisdən uşaqlarla bağlı SOS SİQNALI: \
"Uşaqlar "Delta" variantına yoluxma təhlükəsi ilə üz-üzədirlər".
 
Sfera.az bildirir ki, bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
 
O qeyd edib ki, İngiltərədən olan ən son elmi statistik rəqəmlər bizə payızda məktəblərlə bağlı çox ehtiyatlı olmağı göstərir: "Belə ki, orada may ayının sonunda 1 həftəlik tətilə, ona qədər isə məktəblərdə aparılan test strategiyalarına və məsafə qaydalarına əməl olunmağına baxmayaraq, "Delta" variantının peyvənd olunmayanlar və ya az doza ilə peyvənd olunanlar arasında kifayət qədər artmasının şahidi oluruq. Artıq elmi aspektdən baxdıqda deyə bilərik ki, dünyanın ən gənc nəsilləri, yəni uşaqlar "Delta" variantına görə yoluxma təhlükəsi ilə üz-üzədirlər. Ciddi təhlükələrdən də biri onların Long COVID problemləri olacaq. Onlar mütləq qorunmalıdırlar, Azərbaycanda uşaqları qorumaqla bağlı tədbirlər planı artıq hazır olmalıdır".
 
Mütəxəssis həmçinin peyvəndlərin koronavirusun "Delta" ştammına qarşı effektindən də söz açıb: "İsraildə aparılan son epidemioloji təhlillər Biontech/Pfizer-in "Delta" variantına qarşı effektivliyinin 64%-ə endiyini göstərir. Əgər payız aylarında yoluxma orada çoxalarsa, effektivliyin qeyd edilən formada olması ciddi problemlər yarada bilər. Biontech/Pfizer peyvəndinin ürək əzələsinin ciddi iltihabına səbəb olması barədə elmi tədqiqatların müəyyən hissəsi yekunlaşır. Ümumiyyətlə mRNA peyvəndlərinin (Biontech/Pfizer və Moderna) yan təsiri kimi ürək əzələsinin iltihabı məsələsi müzakirə olunur. Qərarı çətinləşdirən odur ki, COVID-19 virusuna yoluxarkən də ürək əzələsinin iltihabı kimi ağırlaşmaya rast gəlinir. Bu iki halı, yəni peyvənddən sonra və COVID-19-dan sonra, müqayisə edəcək ciddi elmi tədqiqatı aparmaq isə çox çətindir. Scripps Center La Jolla -dan olan tədqiqat sübut edir ki, COVID-19-dan sonra ürəyin funksiyası bəzən aylarla pozulur. Dəqiq səbəbləri elmi olaraq hələ də araşdırılır".
 
N.Abdullayevin sözlərinə görə, yeni "Novavax" peyvəndi haqqında önümüzdəki aylarda daha çox eşidəcəyik: "Onunla bir çox kasıb ölkələri də vəziyyətdən çıxarmağa çalışılacaq".
 
 
Günay Rəsulqızı

OXŞAR XƏBƏRLƏR