Müharibə yeni başlayır: Burada qazanmaq... – Türkiyəli professordan ŞOK PROQNOZ

Müharibə yeni başlayır: Burada qazanmaq... –  Türkiyəli professordan ŞOK PROQNOZ

“Bayırbucaq türkmənlərinin bombalanması Türkiyəyə birbaşa mesajdır. Onlar Azad Suriya Ordusunun tərkibində vuruşan qruplardan biridir”.

Sfera.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri son günlər Bayırbucaq türkmənlərinə qarşı Rusiya, Suriya və “Hizbullah”ın artan hücumlarını şərh edən türkiyəli ekspert, professor Mehmet Akif Kireçci “Yeni Şafak” nəşrinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, dünya kimin hansı düşərgədə yer aldığı bəlli olmayan bir dövrdə yaşayır: “Soyuq müharibə” başa çatdıqdan sonra ABŞ-ın hakim olduğu bir “Yeni Dünya Nizamı”ndan danışırdılar. Lakin xüsusilə 1991-ci ildə baş verən Körfəz döyüşündən sonra bu dövrü “Yeni Dünya Nizamsızlığı” kimi xarakterizə edənlər də oldu. Daha əvvəl iki qütblü dünya var idi və kimin dost, kimin düşmən olduğu, hansı ölkənin hansı düşərgədə yer aldığı bəlli idi. Bu gün isə bunu müəyyən etmək çox çətindir. Çox dəyişən bir dövrdəyik. Bunun ən konkret nümunəsi illərlə Amerikaya qarşı olan İranın bu gün Amerika tərəfindən qucaqlanmasıdır. İraqın işğalından sonra ortaya çıxan vəziyyət və ən son “Ərəb Baharı”ndan sonrakı dövr nizamsızlığın son nümunələridir”, - ekspert bildirib.

 

Mehmet Akif Kireçci qeyd edib ki, Rusiya-Suriya-“Hizbullah” üçlüyünün türkmənlərə qarşı son əməliyyatları müharibənin yeni başlandığını göstərir: “Suriya Rusiyanın “Soyuq müharibə” illərindən ideoloji sərmayə qoyduğu və Tartusda hərbi bazasının olduğu ölkədir. İran da məzhəb və ideoloji baxımdan bağlı olduğu Suriyadakı hadisələrə doğrudan silah, maliyyə və əsgər dəstəyi ilə daxil oldu. Azad Suriya Ordusunun komandiri iki il əvvəl “biz Əsədin ordusunu məğlub etdik, İranla döyüşürük” söyləmişdi. Amma İran Suriyada istənilən uğuru qazana bilmədiyi üçün Rusiya müharibə meydanına endi. Qərb Rusiyanın hərbi müdaxiləsinə birbaşa cavab versə, bu böhranın daha böyük müharibəyə  çevrilmə riskini yüksəldəcək”.

 

Rusiyanın Suriyaya birbaşa hərbi müdaxiləsinin səbəbinə gəlincə, Mehmet Akif Kireçci hesab edir ki, Moskvanın bu davranışı yalnız Əsəd rejiminin dəstəklənməsi ilə bağlı deyil: “Putin Qərbə nə qədər irəli gedə biləcəyini və məsələnin Rusiya üçün nə qədər əhəmiyyətli olduğunu göstərmək istəyir. Rusiya Tartusdakı bazasına ağır bombardmançı təyyarələri və son model tanklarını yerləşdirərək “mən buradayam” deyir”.

 

Ekspertin fikrincə, Suriyanın Tartus bazası Şərqi Aralıq dənizindəki enerji ehtiyatlarına nəzarət baxımından strateji əhəmiyyət daşıyır. Bölgədəki müharibələrin özü də Şərqi Aralıq dənizindəki trilyonlarla kubmetr təbii qaz ehtiyatlarına kimin nəzarət edəcəyi və dünya bazarına necə çatdırılacağı ilə bağlıdır. Burada qazanmaq Rusiya üçün həyati əhəmiyyət daşıyır”.


OXŞAR XƏBƏRLƏR