\"Müharibə sənət yaradır\" - Şəhid oğlu olan aktyorla MÜSAHİBƏ

\
Sfera.az Qaynarinfo-ya istinadən "Ordan-burdan” layihəsində ssenarist-aktyor Kənan Yusifovla müsahibəni təqdim edir:

- Kənan, söhbətə elə bugünkü hadisələrlə başlamaq istəyirəm. Bir qarabağlı, füzulili olaraq hansı hissləri keçirirsən?

- Hamı kimi eyforiyadayam bu dəqiqə. (gülür). Eyforiyada olduğunu bilib bundan zövq almaq maraqlıdır. Zarafatsız, bütün xalqımız kimi təbii ki, çox sevinirəm. Demək olar, ümüdümüzü kəsdiyimiz bir şey baş verib. Şad günlərdə, toyda-bayramda artıq şablonlaşmış "gün o gün olsunlar" bu gündür. Rəsməm tarix yaşayırıq. Həm qürurlu, həm sevincli, həm də kədərli.

- Füzuli yadında necə qalıb? Nələri xatırlayırsan? Nələr üçün darıxırsan?

- Füzulidən çıxanda 4-5 yaşlarında olmuşam. Belə deyim, tam hər şey yadımda qalmasa da, kəsik-kəsik kadrlar xatirimdədi. Uzun illər onları elə xatirəmdə qoruyub saxlamışam. Sıralamaları belə demək olar ki, eynidi. Həm şəhərdəki, həm kənddəki evimiz, həyətimiz, həyətimizdəki qızılgüllər, tut ağacı, bir-iki təşkil olunan məclisdən kadrlar. Evimizin içi, o qoxu. Qoxu yaddaşı da qəribə şeydi. Uşaq vaxtı elə bilirdim o evə getsək yenə o qoxunu hiss edəcəm. İnternat məktəbi, yolun üstündəki Dilguşanın dükanı... klub, park, univermaq, bir neçə dəfə gedib dondurma yediyimiz bir yer var idi, pilləkənlə yuxarı qalxırdın. Atamın aldığı plombir. Atamın mənimlə əmim oğlunu futbola aparması, orda içdiyimiz limonad... Kəndimizdəki evin həyəti, evin ikinci mərtəbəsindən təpəsi üstə yıxılmağım (gülür), 4-5 yaşlı uşaq üçün çox şey xatırlayıram. Son kadrlar isə rəhmətlik atamla bağlıdı.

- Hə, atan... Sən həm də şəhid oğlusan. Bu yaxınlarda atan haqqında yazmışdın da. Şəhid komandir Elxan Yusifov. Ruhu şad olsun. Yəqin, sənin üçün ikiqat sevincdir ki, atanın ruhu şad olur. Həm də ağrılı bir söz işlətmişdin. Atam qorumağa anamın məzarından başlayıb...

- Allah bütün şəhidlərimizə rəhmət eləsin! Əlbəttə, həmin gün səhər tezdən xəbəri eşidən kimi elə Şəhidlər Xiyabanına getdim, bu şad xəbəri atama çatdırdım. Doğurdan da anamın məzarından başlayıb qorumağa. Söz xatirinə deməmişəm. Bir çox adam bu barədə mənə danışıb. O məzarlığı necə qoruduğunu, hər səhər qızılgüllər apardığını. Özü kimi sevgisi də böyük olub. O kinolarda gördüyümüz yalançı qəhrəmanlar var e, atam bax o qəhrəmanın əsil özüdü mənə görə.

- Bəs, necə düşünürsən, vəziyyət düzələndə qayıdacaqsan? Bu gün bəzi adamlar da deyir ki, bəs, qarabağlıların burda hər şeyi var, qayıtmaq istəmirlər. Sən necə? Münasibətin necədi bu məsələyə?

- Onu deyənləri anlamıram, vallah. Otuz il camaat acından ölməli idi? Otuz il zarafat deyil e. Bir igidin ömrüdür. Daha otuz ildə də kimsə özünə şərait qurmasınmı? Bir də ki, bu, hamıya aid deyil, axı. Yataqxanalarda çətin şəraitdə yaşayan nə qədər məcburi köçkün var. Bu, çox çətindi e, sahib olduğun, illərlə qurub-quraşdırdığın hər şeyin birdən məhv olması və sıfırdan başlamaq. Elə danışanlar sadəcə empati qura bilsələr, anlayarlar. O ki, qaldı sui-istifadə edənlərə, onlar hər yerdə, hər bölgədə, hər ölkədə var. Bakıda hər rayondan insanlar var. Bakıda yaşayırlar, yayda da istirahətə rayonlarına gedirlər. Burda işləyirlər. Bakıda bu dəqiqə tək bakılılar olsa idi, inan şəhər bomboş olardı. Əlbəttə, gedəcəm və ata evimi tikəcəm.

- Bəlkə rayonda film çəkəsən? Düşünmüsən? Muharihə həm də sənətin inkişaf eləməyinə şərait yaradır.

- Artıq Xocalı faciəsi ilə bağlı bir filmin ssenarisini bitirmişik. İnşallah çəkilməlidi. İkinci Qarabağ müharibəsi ilə də bağlı istəyərdim mütləq nəsə edək. Məncə, edəcəyik və əminəm o filmin sonu xoşbəxt sonluq olacaq. Müharibə sənət yaradır. Razıyam. Bu haqda Dostoyevskinin maraqlı fikirlərini oxumuşdum. Təxminən eyni məzmunda.

- Onda işlərində uğurlar. Səndən Füzulidə yaxşı videolar, filmlər gözləyirik. Təki ordumuz bu güclə davam etsin, bütün torpaqlar azad olsun. Biz də hələlik öz söhbətimizə davam edək... Kənan, ixtisasca USM həkimisən. O hara, aktyorluq hara? Niyə özünü aktyorluqda gördün?

- Açığı, uşaqlıqdan bu sənətə meylim var idi. Sadəcə, evdə bir az o tərəfə yönləndirməyə çalışdılar. Amma qismət. Həyat özü elə elədi ki, gəldim bu yana. Əvvəl daha çox ssenaristliklə başlamışam, sonra paralel alındı.

- Ssenarist olmaq daha yaxşıdır indi, yoxsa sadəcə aktyor? Hansı daha rahatdır və özünü orada daha uğurlu sayırsan?

- Bilirsən, hərəsinin öz vaxtı var, deyərdim. Bəzən uzun müddət heç nə yazmıram, halım, həvəsim olmur. Elə də olur ki, əksi olur, uzun müddət pərdəarxası işləmək lazım olur. Amma yaxşı ki, ssenaristəm. Tək aktyorluqla çətin olardı. Dövr də dəyişir. Artıq tək kino, serial, televiziya yox, sosial şəbəkələr də girib işin içinə. Burda isə öz ideyan, öz düşüncən, məhsuldarlığın olmasa çətin olar. Çünki daim aktiv olmalısan, daim yenilik lazımdır, yoxsa itərərsən.

- Bütün aktyorlara verdiyim bir sual var. Hansı rola çəkilməzsən və niyə?

- Çətin sualdır. Əslində, tam peşəkar aktyor üçün rol fərqi olmamalıdır. Mənfi roldan qorxmuram, oynamışam da. Hətta deyilənə görə, yaxşı alınıb. Məni tanımayıb mənə rola görə nifrət edən adamlar olub. (gülür) Amma nəyi oynamaq istəməzdim... düşünəm gərək. Yəqin ki, var elə rollar və bu da mənim zəifliyimdir.

- Çəkdiyin, videolar, seriallar, filmlər zamanla sərt tənqidə də tuş gəlib. Haqlı saymısanmı? Yoxsa, deyirsən öz sahənizlə məşğul olun, nə çəkdiyimi bilirəm?

- Haqlı saydıqlarım da olub, saymadıqlarım da. Ümumən kütlə üçün işləyirik. Yəni, bayağılıq qaçılmazdı. Amma müəyyən qədər bayağılıqdan uzaq işlər də görmüşük. Tənqidə açıq adamam. Normal tənqid edən adamla çox rahat müzakirə də edə bilərəm. Təbii ki, zövqü olan, intellekti olan adamın tənqidindən söhbət gedir. Yoxsa, lağlağı yox. Adi Yutuba girib rəylərə baxsan, görərsən ki, tənqid olunmalı şey qalıb qıraqda, birdən elə şeyə ilişirlər ki, adam bilmir gülsün, ya ağlasın. Məsələn, bu kurtkanı keçən dəfə də geyinmişdin, başqa kurtkan yoxdu?

- Çəkildiyin, çəkdiyin bayağı film, seiral, video adı deyə bilərsənmi bizə? Özün hansıları bayağı sayırsan?

- Səmimi olaq da. Ölkədə kütləvi görülən işlərin çoxu bayağıdı. Ad çəkməyim, çünki o işlərdə başqa adamların da haqqı var, onlar başqa cür də düşünə bilərlər. Xətrlərinə dəymək istəmirəm. Öz adıma deyirəm. Amma tam vicdanla bayağı olmayan, heç olmasa sosial mesajı olan işlər də görməyə çalışıram və açığı, o işlər mənimçün daha qiymətlidi.

- Bayağı filmlərə çəkilməyə səbəb nədir? Maddiyyat, yoxsa meyilli olmağın?

- Əsas maddiyatdı. Kütlə də var işin içində. Elə maddiyyat və kütləvilik bir-birinə bağlı şeylərdi. İnanırsan, elə adamlar var ki, məni hansısa kommersiya filmində ya hansısa videoda görüb özümlə şəxsən tanış olanda təəccüblənir. Deyir, səni başqa cür bilirdim. Məlum, hamıya bütün xırdalıqları izah etmək olmur. Amma çalışırq yavaş-yavaş düzəlsin.

- Ən məşhur işin hansı işdir?

- Ən məhşuru bilmirəm, amma ən birinci daha çox tanınmağım "Qayınana" serialında "Potu" obrazı olub. 8 il keçib, hələ də o adla çağıranlar var. Ona görə ən köklüsü odur, məncə. Həm çox güclü sənətkarlarla tərəf müqabili olduğum roldu. Ən çox şey öyrəndiyim roldu demək olar.

- Kənan, az-çox məshurşan. Rahatsanmı? Bəzi məşhurlar deyir, şəhərdə rahat yerimək olmur. O dəqiqə şəkil çəkdirirlər. Bəs sən?

- Çəkdirsinlər də. Məgər, bu pisdi? Mən çox rahatam. Kim də şəkil çəkdirmək istəyir, ürək sözlərini demək istəyir, məmnuniyyətlə qarşılayıram. Serialda çəkilirdim, metro ilə gedib-gəlirdim və heç bir narahatçılığım yox idi. Məncə, bu, bir az da daxili məsələdir. Həm Azərbaycanda guya meqa ulduz oıub neynəyəcəksən ki? Yenə axşam "Tarqovı”ya, bulvara gedəcəksən, yenə "Tiflis” prospektində tıxaca düşəcəksən, yenə "çayı dəstgahla ya dəstgahsız” sualına cavab verəcəksən. (Gülür) Odur ki, səmimiyyət ən doğrusudur.

- Azərbaycan filmlərindən Oskara layiq bildiyin var?

- Hansısa mükafatlara layiq olanlar var. Amma Oskar məncə yoxdu. Oskar ala biləsi rejissor, ssenarist, aktyor ola bilər, amma təəssüf ki o məhsul yoxdu. Gərçi Oskar alan filmlərin də içində Oskara layiq olmayanlar az deyil...

- Gənc aktyorlardan kimi istedadsız, zəif hesab edirsən? Ad çəkə bilərsənmi?

- Ümumiyyətlə, bu təxribata çəkən sualları nəyin xətrinə verirsən? (gülür).

- Belə olanda məncə, daha maraqlı olur. Müsahibəyə rəng qatır.

- (gülür) Yox, ad çəkmək düzgün deyil. Durduq yerə nəyə lazımdır ki? Həm də, yazarlar, jurnalistlər ad çəkəndə mətbuatda adekvat cavablar olur. Bizdə bir az başqadı. Onda olarmı mən də bir sual verim?

- Əlbəttə, buyur.

- Səncə, ən istedadsız yazar kimdir?

- Doludur. Amma indi mən səninlə jurnalist kimi danışıram və bu məqamda nəsə deməyim qeyri-peşəkarlıq olar. Pərdə arxası özünə deyəcəm. Kənan, bəs kumirin kimdir?

- Həsən Məmmədov, Yaşar Nuri. Yaşar Nuri çoxtərəfli aktyor olub, ona görə onu ən çox görürəm.

- Bizə ən çox sevdiyin üç Azərbaycan filmi?

- "Bir cənub şəhərində", "Bizim Cəbiş müəllim", "Köpək", "Şərikli çörək". Dörd oldu. (Gülür)

- Bəs, sevmədiyin?

- Bu filmlər bizim üçün hamısı nostalgiyadı. Hamısının, ən pisinin belə dəyəri var. Ona görə də bu suala belə cavab vermək istəyirəm.

- Müsahibəni oxuyanlara özün çəkdiyin, çəkildiyin nəyi məsləhət görərdin ki, ora baxaraq sənin əsl istedadını görmüş olsunlar.

- Hələ istedadımı tam göstərməmişəm. Göstərəndə məsləhət görərəm. (güldükcə gülür)

- Müsahibə üçün təşəkkür edirəm.

- Mənə də. Xoş oldu.

 





OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...