Minlərlə ölüm – Niyə ABŞ-da koronavirus qurbanları belə çoxdur?
Donald Trampın arxayın çıxışlarına rəğmən, ABŞ – da COVİD-19 pandemiyası nəzarətdən çıxıb. Bu gün Birləşmiş Ştatlarda təxminən iki yüz min koronaviruslu aktiv xəstə var, üç min nəfər isə məlum virusun qurbanı olub. Hakimiyyət infeksiyanın yayılmasının qarşısını ala bilmir, səhiyyə sistemi isə yüz minlərlə xəstəni müalicə etmək gücündə deyil. Nəyə görə dünyanın ən inkişaf etmiş ölkəsi virusa sinə gərməyə hazır deyil?
Sfera.az RİA Novosti-nin mövzuyla bağlı araşdırmasını təqdim edir.
Hər şey nəzarət altındadır
Amerikalılar həmişə dünya epidemiyalarına qarşı mübarizənin önündə olublar. SARS, Zika və Ebola kimi yoluxucu xəstəliklər ABŞ-a təsir etsə də, milli təhlükəsizlik üçün təhlükə yaratmayıb.
NATO -nun keçmiş baş katibi Anders Foq Rasmussenin təbirincə desək, Amerika "mehriban qonşular və balıqlar"la - Kanada, Meksika kimi tərəfdaşlarla və iki okeanla əhatə olunub. Neçə onilliklərdir ki, ABŞ ərazisinə gerçək düşmənlərlə, nə də viruslarla döyüş meydanı olmayıb. Buna görə də bu gün, təhlükə daxildən gəldiyi zaman, ölkə sadəcə nə edəcəyini bilmir.
Virusun yayılma sürəti kimi prezident Donalt Trampın fikri də kəskin şəkildə dəyişdi. Yanvarın 22-dən, ölkədə ilk xəstə qeydə alındığı gündən, martın ortalarına qədər, ölənlərin sayı 100-dən az olanadək, Tramp hər kəsi əmin edirdi ki, hər şey nəzarət altındadır, yoluxma riski yüksək deyil, havalar isinən kimi virus geri çəkiləcək.
İki həfətə əvvəl isə bəyan etdi ki: "Bu pandemiyadır. Mən əvvəldən koronavirusun pandemiya olduğunu bilirdim, sadəcə diğər ölkələrə baxmaq lazım idi”.
Bu gün ABŞ yoluxanların sayına görə dünyada birinci yerə çıxıb: ölkədə 163,5 min koronaviruslu aktiv xəstə var. Dünyasını dəyişənlər üç mindən çoxdur. Nyu-York epidemiyanın əsas ocağına çevrilib və hakimiyyət bir neçə gün ərzində vəziyyətə nəzarəti itirib.
Yubanmanın bədəli
Bəzi amerikalı ekspertlərin fikrincə, Vaşinqton altı həftə itirdi. Bu müddət ərzindətestlər, maskalar, həkimlər üçün qoruyucu kostyumlar hazırlamaq, süni ağciyər ventilyasiya aparatları tədarük etmək mümkün idi. Amma bunu etmədilər.
Hətta indi belə hakimiyyət tibbi avadanlıq çatışmazlığının kritik həddə olduğunu qəbul etmir. Qaynar nöqtə olan Nyu-York ştatının qubernatoru Endryu Kuomo regiona ən azı 30 min Süni Tənəffüs Aparatı lazım olduğunu bildirəndə, Tramp inanmamışdı. "Mənə elə gəlir ki, söylənən rəqəmlərin əksəriyyəti çox şişirdilib. 40, yaxud 30 min Süni Tənəffüs Aparatına ehtiyacınız olacağına şübhə edirəm". Tramp bunu ötən həftə, dünyada qeydə alınan bütün COVİD-19 xəstələrinin 5 faizinin ABŞ-ın payına düşdüyü bir dönəmdə bildirmişdi.
Prezident artan təhlükəyə ləng reaksiya versə də, situasiyanın nəzarətdən çıxmasının yeganə günahkarı o deyil. "Bu, həmçinin Barak Obama administrasiyasının və Corc Buşun səhlənkarlığıdır. Ekspertlər təhlükə haqda əvvəlcədən xəbər versə də, adıçəkilən komandaların heç biri buna bənzər epidemiyaya hazırlaşmayıb". Bunu RİA Novosti ilə söhbətində iyirmi il dörd qeyri-kommersiya səhiyyə təşkilatında işləmiş, həmin təşkilatların üçünə rəhbərlik etmiş ABŞ sakini Ceykob Blass bildirib.
Onun fikrincə, hazırkı prezident vəziyyəti daha da gərginləşdirib. 2018- ci ildə Obama tərəfindən yaradılmış "pandemiyalara qarşı mübarizə komandası" - Ağ evin nəzdində fəaliyyət göstərən səhiyyə və bioloji müdafiə sahəsində qlobal təhlükəsizlik şöbəsi ləğv edildi. Tramp hesab edirdi ki, ehtiyac yaranarsa, mütəxəssisləri yenidən işə cəlb etmək problem olmayacaq.
Agentliyin digər həmsöhbəti — tibb elmləri doktoru, Şimali Karolina ştatından olan təcrübəli patoloqoanatom Marqaret Conson da hesab edir ki, epidemiyanın minimuma endirilməsi şansı əldən verilib. "Pandemiyanın qarşısının alınması səhiyyə sisteminin deyil, xəstəliklərin nəzarətdə saxlanılması və qarşısının alınması Mərkəzi kimi hökumət strukturlarının vəzifəsidir. Amma hakimiyyət fürsəti əldən verdi. Tramp ekspertləri dinləmirdi, Çindəki epidemiyanın inkişifanı izləyib, ABŞ-da onun qarşısını ala biləcək proqramları bağlayırdı.”,- deyə Marqaret Conson bildirib.
Hər kəs özü üçün
Daha bir mənfi amil Amerika cəmiyyətinin parçalanmasıdır, özü də təkcə siyasi sahədə deyil, səhiyyə sahəsində də. "Böhranın əsas səbəbi- vahid səhiyyə sisteminin olmamasıdır: bütün hospitallar öz ümidinə buraxılıb", — deyə Ceykob Blass bildirib.
ABŞ-da xəstəxanaların mütləq əksəriyyəti özəldir və nə dövlətdən, nə də bir-birindən asılı deyil. Böyük şəbəkələrlə yanaşı, kiçik yerli xəstəxanalar da var. Amma çarpayıların, aparatların və müdafiə vasitələrinin ümumi çatışmazlığı şəraitində tibb müəssisələri "hər kəs özü üçün" rejiminə keçir və bütün ehtiyacları öz gücünə ödəməyə çalışır.
Loru dillə desək, bütün xəstəxanalar eyni zavoda zəng vuraraq, oradan çatışmayan süni nəfəs aparatları, maskalar, xələt və testlər istəyir.
"Bununla yanaşı, bəzi hospitallar o qədər kiçikdir ki, onların birbaşa tədarükçüyə çıxmaq imkanı yoxdur. Odur ki, vəsait çatışmazlığı səbəbindən həmin xəstəxanalarbağlanır. Sadəcə bütün xəstələr qocalar və yoxsullardan ibarət olanda onların müalicəsinə pul çatdırmaq mümkün olmur”,- deyə Marqaret Conson məsələyə aydınlıq gətirib.
Hamı gözləyirdi ki, Tramp "müdafiə sənayesi haqqında" qanunun qüvvəyə minməsini təmin edəcək. Bu, "hərbi zaman"şəraitində xəstəxanalara lazım olan avadanlıqların istehsalını və təhcizatını artırmağa imkan verərdi.
Martın sonunda Milli Təhlükəsizlik Şurasının yüzdən çox keçmiş əməkdaşı dövlət başçısını bu addımı atmağa çağırmışdı. Cavab bir neçə gün sonra verildi: prezident General Motors-a daha çox süni nəfəs aparatı istehsal etməyi tapşırdı. Amma mənbələrdən jurnalistlərə bildirilib ki, qanunun qüvvəyə minməsinə dair şirkətə heç bir rəsmi sərəncam verilməyib.
Hamı üçün tibb
Səhiyyənindaim siyasi mükalimələrə səbəb olandaha bir həssas yeri sığorta sistemidir.
"Əksər ölkə vətəndaşları üçün tibbə çıxış bir problemdir, pandemiya sadəcə bu problemiön plana çıxardı",-deyə Conson bildirib. Amerikalıları üç kateqoriyaya bölmək olar. Birincisi- sığortanı satın alan təminatlı vətəndaşlar. Qiymət çox şərtlərdən asılıdır: ştat, həmin ştatın qanunları, sığorta alanın iş yeri, gəliri. İmkanlı amerikalı şəxsi sığortası üçün ayda orta hesabla 440, ailəvi sığorta üçün isə təxminən 1168 dollar ödəyir.
Bu zaman müştəri adətən tibbi xidmətə görə öz cibindən pul ödəyir, sonra isə kompensasiya alır. Amma qəfil ciddi xəstəliklə üzləşdiyi zaman heç də hər kəsin öz hesabına külli miqdarda ödəniş etmək imkanı olmur. Bir də ki, şirkət xərclərin yalnız bir hissəsini ödəyir, adətən 80 faizini.
İkinci kateqoriya yoxsullardır. Yoxsulluq həddində yaşayanlar üçün Medicaid dövlət sığortası nəzərdə tutulub. Dövlət sığortası milyonlarla amerikalını pulsuz və ya ucuz tibbi xidmətlə təmin edir. Proqramın öz meyarları var: aylıq gəlir, ailə üzvlərinin sayı, yaşayış yeri nəzərə alınır. Pandemiya ilə əlaqədar olaraq bəzi dövlətlər artıq Medicaid-in adi rejimdə fəaliyyət göstərəcəyini elan ediblər.
Hazırda ən ağlr durumda olan heç bir sığortası olmayan 27,5 milyon amerikalıdır. Başqa sözlə, əhalinin 8,5 faizi tibbi xidmətlərindən istifadə etmək imkanından məhrumdur. Təbii ki, onlar təcili yardım şöbəsinə gəlib növbəyə dura bilərlər, amma bu heç nəyə zəmanət vermir.
"Hospitallar pul qazanmaq üçün çalışır, sadəcə xəstəxanaya gəlib sağlamlıqla bağlı problemlərinin olduğunu söyləmək mümkün deyil", — deyə Ceykob Blass izah edir. - Təcili yardım şöbələrində isə nə karantin otaqları var, nə də müdafiə vasitələri, ümumiyyətlə heç nə yoxdur. Buna görə kimin cavab verəcəyi dəaydın deyil".
Obamacare - səhiyyə islahatı məhz bu qrup üçün nəzərdə tutulmuşdu. Ölkə vətəndaşlarının 95 faizə qədəri tibbi sığorta almalı idi. Konqres 2010-cu ildə sözügedən islahatı təsdiqləsə də, onun qanunvericiliyi uzun müddət mübahisə obyekti oldu. Böyük büdcə xərcləri birmənalı qarşılanmırdı. Nəticədə, 2017-ci ildə vəzifəyə gələn Donald Tramp Obamacare-nin ləğvinin başlanğıcını qoydu. 2018-ci ilin dekabr ayında isə Texasın Fort-Uort şəhərinin Federal Məhkəməsi sözügedən islahatın konstitusiyaya zidd olduğunu elan etdi.
Bundan əlavə, ABŞ-da yaşı 65-dən yuxarı olan ödəmə qabiliyyətli vətəndaşlar da var. Onlara dövlət tibbi sığortası düşür. Onun dəyəri ayda təxminən 250 dollardır, bu məbləğ pensiyadan tutulur. Amma heç də bütün tibbi xərcləri təmin etmir, sadəcə xəstəxana hesablarını qismən ödəyir. Yaşlı amerikalılar həmçinin sığorta şirkətində istənilən tibbi yardımı pulsuz əldə etməyə imkan verən əlavə paket (yüz dollardan bir qədər çox) ala bilərlər. RİA Novosti həmsöhbətləri məhz bu paketdən yararlandıqlarını söyləyiblər. "Şəxsən mənim sığortam əladır, şikayətim yoxdur", -deyə Marqaret Conson etiraf edib.
"Mən ayda əlavə 120 dollar ödəniş edirəm. Sığorta paketimin sayəsində son bir neçə il ərzində iki dəfə qolumu, bir dəfə hər iki gözümü, bir dəfə də ürəyimi əməliyyat etdirmişəm. Təkcə sonuncu əməliyyat mənə 50 min dollara başa gələrdi, amma mən bir sent belə ödəməmişəm. Xəstəxanada üç gün pulsuz yatdım, halbuki, sığortasız bu mənə üç-beş min dollara başa gələrdi, - Ceykob Blass belə deyib. - Bundan əlavə, mənim dərman xərclərini ödəyən 30 dollarlıq əlavə aylıq sığorta paketim də var".
Agentliyin hər iki həmsöhbəti eyni fikirdədir: əksər soydaşları ilə müqayisədə onların bəxti daha çox gətirib.Çünki, 350 dollar aylıq ödənişlə müalicə xərclərinə görə narahat olmaya bilərsən. Lakin, hətta əsas sığorta ödəyə bilməyən milyonlarla amerikalılar adi sığortanı belə ödəmək gücündə deyil. ABŞ hakimiyyəti kimi, onlar da nə edəcəklərini bilmir.
Selcan
Sfera.az