Millimizin baş məşqçisi: "Bu legionerlərə bir qəpik də maaş vermirik"

Millimizin baş məşqçisi:
"Yığma komandada cəmi iki legionerimiz var. Biri üç təkanla tullanma növündə çıxış edən Aleksis Kopello, digəri isə çəkicatma növündə yarışan Anna Skidandır. Biz medal gətirməyən legioneri komandada saxlamırıq".

Sfera.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Bəhruz Salehli legionerlərin yığmadakı taleyi ilə bağlı danışarkən deyib.

Təcrübəli mütəxəssis əcnəbi atletlərə maaş verilmədiyini söyləyib: "Onlara bir qəpik də maaş vermirik. Bu, bizim meyarımızdır. Nəyə görə vermirik? Dövlətimizin başçısı idmana böyük diqqətlə yanaşır və bundan əlavə, idmançılara yaxşı mükafatlar verir. Sən gəl, Azərbaycanımızın bayrağını qaldır, dövlət tərəfindən olan mükafatlarını al. Bu, idmançı üçün çox böyük məbləğdir. Mən gələnədək milli komandada legioner çox idi. Federasiyanın prezidenti Çingiz Hüseynzadə və baş katibi Məhərrəm Sultanzadə ilə oturub danışdıq ki, bizə ancaq medal gətirənlər lazımdır. Biz də həmin atletləri saxlamışıq. Onlara da pul ödəmirik. Məsələn, Aleksis Kopelloya bir qəpik də vermirik. O, dünya çempionatında 5-ci olur, İslam Oyunlarında və s. yarışlarda mükafat qazanır. Daha sonra idmançını kommersiya yarışlarına çağırırlar. Kopello da pulunu qazanır. Bir də İslam Həmrəyliyi və Avropa Oyunları kimi yarışlarda dövlət başçısı yaxşı mükafatlar verir".

Salehli idmançılar üçün təlim-məşq toplanışları təşkil etdiklərini sözlərinə əlavə edib: "Bu, bizim borcumuzdur. Amma maaş niyə verməliyik? Biz həmişə belə olmuşuq, başqaları kimi deyilik. Büdcəmiz də çox deyil. Üç təkanla tullanmada Avropa çempionumuz Nazim Babayevə maaş veririk. Amma onlara vermirik. Legionerlərin çıxışlarına federasiyamızla birlikdə baxacaq və nəticələrə uyğun qərar verəcəyik. Medal olmasa, onları yarışlara aparmayacağıq. Onsuz da maaş vermirik. Növbəti il İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçiriləcək. Hər iki legioner bu yarışda 99 faiz medal götürəcək. Hətta Anna Skidan qalib də ola bilər. Məşq edəcəklər, nəticələri yaxşı olsa, İslam Oyunlarına qatılacaqlar. Bizdə məsələ belə qoyulub, başqa federasiyalar kimi deyil. Əksinə, lazımsız legionerlərin hamısını qovduq. O, mənə medal gətirmirsə, nəyimə lazımdır? Bizə ancaq bayrağımızı qaldıran legioner lazımdır".

Qeyd edək ki, Anna Skidan və Aleksis Kopello Tokio-2020 Yay Olimpiya Oyunlarının təsnifat mərhələsində mübarizəni dayandırıb.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR