Milli Musiqi Günümüzə böyük töhfə - Dövlət himnimiz ispanca səsləndirildi

Milli Musiqi Günümüzə böyük töhfə - Dövlət himnimiz ispanca səsləndirildi
Qafqaz - İberoamerika Düşüncə Mərkəzi və Kubanın tanınmış " Coro de Cámara Vocal Leo " xoru möhtəşəm bir layihəyə imza atıb.
 
Sfera.az xəbər verir ki, Kubanın " Coro de Cámara Vocal Leo " xoru ilk dəfə Azərbaycan Respublikasının Dövlət himnini ispan dilində səsləndirib. Bu layihə Azərbaycanda hər il sentyabrın 18-də qeyd edilən, Azərbaycan Milli Musiqi Gününə həsr olunur.
 
Milli Musiqi Günü dahi Ü.Hacıbəyovun doğum günü ilə bağlıdır. Xalqımız bu günü Milli Musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.
 
Milli Musiqi Günü münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da paylaşım edib. Paylaşımda deyilir:
 
"18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Azərbaycan xalqı milli musiqi mədəniyyətimizin inkişafına və dünyada tanıdılmasına töhfə vermiş görkəmli bəstəkarlar, dirijorlar, ifaçılar nəsli ilə haqlı olaraq fəxr edir. Öz sələflərinin nadir irsinə bağlılığı qoruyub saxlamaqla musiqimizi yeni səslər, ifalar və yanaşmalarla zənginləşdirən bütün musiqiçilərə təşəkkürümü bildirirəm. Sizin hamınıza tükənməz ilham, enerji, yaradıcılıq uğurları və nailiyyətlər arzulayıram!"
 
Onu da vurğulamaq olar ki, beynəlxalq aləmdə Azərbaycan musiqisi haqda geniş təsəvvür var. Bunu da dünya şöhrətli bəstəkarlarımız yaradıb. Üzeyir Hacıbəyovun bir sıra opera və operettaları, klassik musiqi əsərləri həm yerli musiqi kollektivlərinin, həm də xarici orkestrlərin ifasında təqdim edilir.
 
Qeyd edək ki, Kubanın tanınmış " Coro de Cámara Vocal Leo " 1993 -cü ildə təsis olunub və Kuba, Meksika, İspaniya, Argentina, Almaniya, Qvatemala, Ekvador, Kolumbiya və ABŞ kimi ölkələrdə ən əhəmiyyətli festivallarda iştirak edib.
 
Sfera.az ilk dəfə ispan dilində səsləndirilmiş himni təqdim edir: 
 


OXŞAR XƏBƏRLƏR