Milli Məclis Gəncəyə köçürülsün? – Deputatlar yekdil qərara gələ bilmir

Milli Məclis Gəncəyə köçürülsün? – Deputatlar yekdil qərara gələ bilmir


Millət vəkili Qüdrət Həsənquliyevin Prezident Adminstrasiyasının Şamaxıya, Milli Məclisin isə Gəncəyə köçürülməsi təklifi birmənalı qarşılanmayıb. Sfera.az sözügedən təkliflə bağlı millət vəkillərinin fikirlərini öyrənib.


Əməkdaşımızın sualına cavab olaraq millət vəkili, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə belə bir tədbirə ehtiyac olmadığını söyləyib:

"Qüdrət Həsənquliyev öz fikrini bildirib. İnsandı də, indi o bu cür düşünür. Amma mənim fikrimcə, bu addımın heç bir müsbət nəticəsi olmayacaq. Bir vaxtlar Gürcüstan hökuməti də parlamenti Kutaisiyə köçürmüşdü, amma nəticəsi nə oldu? Sonradan məcbur olub parlamenti yenidən Tiflisə qaytardılar. Bakıdan paytaxt statusunun alınıb Azərbaycanın hər hansı başqa bir şəhərinə verilməsi fikrini isə ümumiyyətlə cəfəng sayıram”.


Millət vəkili Çingiz Qənizadə də həmkarına dəstək verməyib: "Bakı nə qədər ki Azərbaycan Respublikasının paytaxtıdır, ali icra və qanunverici hakimiyyət orqanları da bu şəhərdə yerləşməlidir. Bu baxımdan, həm Prezident Administrasiyasının, həm Milli Məclisin, həm də adı çəkilən digər qurumların başqa şəhərə yerləşdirilməsini doğru hesab etmirəm. Təbii ki, bu Qüdrət müəllimin şəxsi fikridir, onun fikrinə böyük hörmətlə yanaşıram, amma mənim üçün bu o qədər də anlaşılan deyil”.

 

Çingiz Qənizadə Bakını əlavə yüklənmədən xilas etmçək üçün alternativ təklif də irəli sürüb: "Hesab edirəm ki, paytaxtdakı ali məktəblərin hamısı şəhərdən kənara çıxarılmalıdır. Bilirsiniz ki, ali məktəblərdə minlərlə, on minlərlə tələbə təhsil alır. Onların burada yerləşdirilməsi, gündəlik nəqliyyatdan istifadəsi, onları ziyarətə gələn qohum-əqrabaları Bakını yükləyir, bir sıra narahatlıqlara, əlavə problemlərə səbəb olur. Xatırlayırsınızsa, bir zamnlar cəzaçəkmə müəssisələrinin də paytaxtdan kənarlaşdırılması məsələsi qaldırılmışdı. Təqdirə layiqdir ki, bu istiqamətdə müəyyən işlər görüldü və Bakı xeyli dərəcədə bu yükdən qurtuldu”.

 

Deputat hesab edir ki, eyni zamanda Bakıda qeydiyyatsız yaşayıb, işləyən rayon əhli üçün öz doğma el-obasında normal şərait yaradıb minlərlə, bəlkə də yüz minlərlə insanın kəndə qayıdışını təmin etmək lazımdır: "Cənab prezidentin kənd təsərrüfatı ilə bağlı yürütdüyü məqsədyönlü siyasət artıq bu istiqamətdə irəliləyiş olduğunu göstərir. Mən özüm İmişli-Beyləqan bölgəsindən seçilən millət vəkili kimi dünənə qədər Bakıda günü 10-15 manata fəhləlik edən kənd camaatının bu gün öz ata-baba yurdunda torpaq əkib becərdiyini, əlavə torpaq istədiyini müşahidə edirəm və düşünürəm ki, bu istiqamətdə işlər davam etdirilməlidir. Bu Bakını həm ekoloji, həm fiziki, həm də digər yüklərdən azad etmiş olar”.

 

Paytaxtın dəyişdirilməsi aktuallığına toxunan Ç.Qənizadə bunun üçün böyük hazırlıq tədbirlərinə ehtiyac olduğunu bildirir: "Bunun üçün dövlətin siyasi qərarı olmalıdır və müəyyən hazırlıq prossesi keçilməlidir. Necə ki, paytaxt Alma-Atadan Astanaya keçirildi. Uzun illər Astana şəhəri quruldu, lazımi işlər görüldü, tədbirlər həyata keçirildi və yalnız bundan sonra sözügedən şəhərə paytaxt statusu verildi. Əlbəttə, Azərbaycanda da paytaxt dəyişikliyi realdır, sadəcə dediyim kimi, bunun üçün dövlət proqramı hazırlanıb mərhələli şəkildə həyata keçirilməlidir. Bu isə kifayət qədər uzunmüddətli prosesdir”.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR