Millət vəkilindən ehtiyacı olan seçicilərinə yardım kampaniyası
Millət vəkili Könül Nurullayeva koronavirus epidemiyasının tüğyan etdiyi bu günlərdə Milli Məclisdə təmsil etdiyi rayonun sakinlərinə göstərilən maddi-mənəvi dəstək haqda məlumat verib.
Sfera.az xəbər verir ki, Koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq məqsədilə Könül Nurullayevanın millət vəkili seçildiyi Nizami rayonunda da mühüm işlər görülür.
Belə ki, sözügedən ərazidə yaşayan insanları narahat edən məsələlərin operativ şəkildə həll edilməsinə köməklik göstərmək məqsədilə millət vəkilinin Nizami rayonunda yerləşən "Deputat Qərargahında” İşçi qrupu yaradılıb.
Həyata keçirilən tədbirlərlə bağlı millət vəkili bunları bildirib: "Ötən dövr ərzində işçi qrupa daxil olan onlarla müraciətlərin təhlili göstərdi ki, yaşı 65 dən yuxarı tənha yaşayan bəzi sakinlərimiz DSMF-nin Nizami rayon şöbəsində qeydiyyatda deyil və yaxud təmamilə tənha yaşayan ahıl insanlardır. Edilmiş müraciətlərə əsasən müəyyənləşdirdik ki, yaşından asılı olmayaraq son dərəcə imkansız ailələr var ki, onlara da sosail yardım göstərilməlidir. Qeyd olunan müraciətlər, o cümlədən DSMF-nin Nizami rayon şəbəsi ilə sıx əməkdaşlıq nəticəsində tənha yaşayan ahıl vətəndaşlarımızı, eyni zamanda son dərəcə imkansız ailələr, karantin səbəbi ilə işindən kənarlaşdırılmış və çıxılmaz vəziyyətdə qalan əhali kateqoriyalarını müəyyənləşdirdik. Real durum və görüləcək işlərlə bağlı "İşçi qrupun” yığıncağında müzakirələr aparıldı və bir qrup sakinimizə yardım edilməsi qərara alındı”.
Saytımıza verilmiş məlumatda bildirilir ki, Q.Qarayev 73,61,55,63, 36a, Rüstəmov 21a,25/63,39,35.27,66,43,3, Naxçıvanski 65a,67, E.Süleymanov 108,112, Şərifli 100, Keşlə qəsəbəsi üzrə və s ünvanlarda yaşayan imkansız, tənha insanlara ərzaq və təmizləyici vasitələrdən ibarət xüsusi hazırlanmış bağlama verilmiş və bu təşəbbüsün xüsusi karantin rejimi dövrü ərzində davam etirilməsi qərara alınmışdır.
Millət vəkili sonda bu xeyirxah missiyanın həyata keçirilməsində könüllü qismində iştirak edən Nizami rayon sakinlərinə xüsusi təşəkkürünü bildirib.