Mikayıl Cabbarov Milli Məclisdə - Vergi Məcəlləsinə mühüm dəyişikliklər olacaq

Mikayıl Cabbarov Milli Məclisdə - Vergi Məcəlləsinə mühüm dəyişikliklər olacaq
Bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Sfera.az Azərtac-a istinadən xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsinin nəzərdə tutulduğunu bildirib. O qeyd edib ki, burada əsas amil ölkə iqtisadiyyatında şəffaflığın gücləndirilməsidir. Bu dəyişikliklərin dövlət büdcəsinin dayanaqlı artımını təmin edəcəyini diqqətə çatdıran deputat 2020-ci ilin büdcəsinin ən irihəcmli büdcə olacağını vurğulayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında ötən il qarşıya qoyulmuş əsas hədəflərə nail olunduğunu bildirib. Nazirin sözlərinə görə, bu il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində qeyri-neft sahəsində 8,9 faiz artım müşahidə olunub. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir.

Mikayıl Cabbarov Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, dəyişikliklər yeddi əsas istiqaməti əhatə edir. Yeniliklər əsasən ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsini (yalan əqd bağlayaraq əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılmasını, riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi), ƏDV inzibatçılığının təkmilləşdirilməsini, sahibkarlıq fəaliyyətinin təşviq olunmasını, sahibkarların inzibatçılıq yükünün, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılmasını, vergitutma bazasının genişləndirilməsini, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsini özündə ehtiva edir.

Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi 164 dəyişiklikdən ibarətdir. Bu, əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu), Transmilli Şirkətlər Qrupu anlayışının müəyyənləşdirilməsi, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan əti satışının 4 il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalardır.

Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafını, şəffaflığın artırılmasını, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda, vergi ödənişində uçot-qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılmasıdır.

Mikayıl Cabbarov onu da qeyd edib ki, ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır. Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha da artırılmasında və sui-istifadə hallarının azaldılmasında faydalı olacaq. Bildirilib ki, ölkədə sərbəst biznes mühitinin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir. Nazir atılacaq addımların fayda verəcəyinə və şəffaflığın artırılması sayəsində vergitutma bazasının genişlənəcəyinə inamını ifadə edib.

Deputatlardan Vahid Əhmədov, Tahir Mirkişili, Əli Məsimli, Şəmsəddin Hacıyev, İlham Əliyev, Aydın Hüseynov Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə fikir və təkliflərini bildiriblər.

Ətraflı müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

OXŞAR XƏBƏRLƏR