“Məxfi” qrifi altında - sevgi hekayəti
10:09 / 20.04.2019
3591
Məhərrəm Abdulla
Bu cütlük və onların sevgi hekayəti demək olar ki, bütün dövrlərin ən məşhur, beynəlxalq miqyaslı nikahlarından biri hesab edilir. Kristin Onassis və Sergey Kauzovun eşq macərası 37 il əvvəl bütün dünyanın diqqət mərkəzində idi. Hadisənin belə məşhurlaşmasına səbəb isə, XX əsrin maliyyə oliqarxlarından biri-Yunanıstanlı gəmiçilik maqnatı və milliyarderi Aristotel Onassisin 26 yaşlı qızı Kristin Onassisin bu olayda əsas rol oynaması və o zamanki sovetlər paytaxtına işgüzar səbəblərdən deyil, sovet vətəndaşı Sergey Kauzovla ailə qurmaq məqsədilə təşrif buyurması idi. Onların sevgi hekayəti isə belə başlamışdı:
Məsələ burasındadır ki, taleyin hökmü ilə vaxtilə Kristin Onassis və Sergey Kauzov eyni sahə üzrə fəaliyyət göstəriblər: belə ki, 1975-ci ildə Aristotel Onassisin ölümündən sonra, onun bütün işgüzar dairəsi və varidatı qızına –Kristinə miras qalmışdı. Sergey Kauzov isə SSRİ Dəniz Donanması Nazirliyinin əməkdaşı adı altında fəaliyyət göstərən, əslində isə ....SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB-nin) yüksək rütbəli zabiti olan bir şəxs idi. Onların ilk tanışlığı 1977-ci ildə Parisdə baş tutmuşdu: o vaxt Kristin neft tankerlərilə bağlı, SSRİ şirkətləri ilə icarə məsələlərini həll etmək üçün danışıqlar aparırdı.
Danışıqlar zamanı, dinləmə xəttinin sonunda tərcüməçinin valehedici səsi və mükəmməl ingilis tələffüzü Kristinin diqqətini cəlb edir və o, bu səs sahibi ilə şəxsən tanış olmaq arzusunda olduğunu bildirir. Səsin sahibi isə, xüsusi görünüşü ilə heç bir diqqəti cəlb etməyən, 40 yaşlı DTK zabiti Sergey Kauzov idi. İlk baxışdan bu şəxs , 26 yaşlı milyonçu xanımda elə də xoş təəssürat oyatmır. Sövdələşmə Kristin üçün müvəffəqiyyətlə yekunlaşır və o bunun müqabilində rəğbət bəslədiyi tərcüməçiyə -Kauzova böyük məbləğdə pul mükafatı təklif edir. Lakin Sergey gözlənilmədən bu təklifdən.... imtina edir. Onun bu centelmensayağı jesti, ehtiraslı yunan xanımını heyran edir və Kauzovla daha da yaxından tanış olmasına bir zəmin yaradır.
Bu görüşdən bir müddət sonra isə, Sergey yenidən Parisə-Kristinin yanına gəlir və beləcə sevgi macərasının əsası qoyulur. Bu, son dərəcə ağılasığmaz görünürdü və onların daxili çevrəsindəki insanlardan heç kimin bu qəribə roman haqqında təsəvvürü belə yox idi. Görüşün yeri və detalları məxfi saxlanılırdı. Bundan başqa, Sergey evli idi, Kristin ilə evlənməsi üçün birinci həyat yoldaşından təcili boşanmaq və buna görə onun razılığını almaq tələb olunurdu. Belə şayiələr yayılmışdı ki, guya bu razılığı əldə etmək üçün, maqnat xanım sevgilisinin həyat yoldaşına yaxşı məbləğdə pul ödəyibmiş.
Nəhayət ki, 1978-ci iln yayında Qriboyedov rayonundakı nigah sarayında, yalnız DTK zabitinə sırf yaxın olan adamların iştirakı ilə toy mərasimi keçirilir. Kristinin dostları və tanışları isə bu mərasimə qatılmamışdılar, lakin toy zalının qapıları Qərb jurnalistləri tərəfindən demək olar ki, zəbt olunmuşdu. Milliyarder qərb xanımının sovet vətəndaşı ilə evlənməsi xəbəri, hər kəs üçün gözlənilməz sürprizə çevrilmişdi. SSRİ rəhbərliyi bu sevgi romanının gizli qalmasına çalışırdı, eyni zamanda müəyyən dairələr öz maraqları üçün bu vəziyyətdən yararlanmağa can atırdılar. Maqnat xanımın Moskva həyatı həddindən artıq məxfiləşdirilmişdi: o daim mühafizə altında, ətraf aləmdən təcrid olunaraq, "İnturist" mehmanxanasındakı xüsusi təchiz olunmuş otağında qalırdı. Bəzən isə o, Sergeyin Mosfilm küçəsində yerləşən sadə, ikiotaqlı mənzilinə də baş çəkirdi. Burada onun həyat yoldaşının anası-onların nigahını dəstəkləyən yeganə şəxs olan Mariya Sergeyevna yaşayırdı. Yeni evlənənlər şəhərdə ancaq, qara "Volqa" avtomobilində gəzmək imkanına malik idilər.
Rəsmi nigahdan bir qədər sonra Kristin Moskvada şəxsi mülkiyyətə sahib olmaq niyyətində olduğunu bildirir və bu istəyinə nail olur. Belə ki, o, şəhərdəki hündür mərtəbəli binanın iki mərtəbəsini satın almışdı və binanın yaxınlığından keçən tramvay xəttinin səs-küyü onu çox narahat etdiyinə görə, hərəkət istiqamətinin dəyişdirilməsinə dair şəhər hakimiyyət orqanları ilə danışıqlara başlamışdı. Maqnat xanım Moskvadakı ailə həyatını bütünlüklə özü təmin edirdi. Bir müddət sonra Sergey kommunist partiyası sıralarından xaric olunur. Lakin belə bir fikir mövcud idi ki, şəxsən Sov.İKP-nin keçmiş baş katibi Leonid Brejnev onların nigahına xeyir-dua vermişdi və hətta 1978-ci ilin yayında onların Baykal gölü ətrafında bal ayı keçirməsinə də şərait yaratmışdı.
Buna baxmayaraq, bir çox problemlər hələ də mövcud idi və bütün bu bürokratik əngəllərdən yorulan Kristin, sonda acı reallığa təslim olur. O, bir neçə ay birgə yaşayışdan sonra, tanımadığı bu ölkədən geriyə -Avropaya üz tutur. Kauzov isə ondan əl çəkmək fikrində deyildi və onun ardınca qərbə yollanır. Sergeydən ayrılması münasibətləri bir qədər gərginləşdirmişdi, lakin buna baxmayaraq, onlar yenidən bir müddət xaricdə yerləşən otellərdə görüşürlər. Beləcə bu qeyri-adi "ailə həyatı” təxminən iki il ərzində davam edir.
Nəhayət ki, hər tarixçənin bir sonu olduğu kimi, bu sevgi hekayəti də beləcə sona çatır və onlar 1980-ci ildə boşanmağa dair qərar verirlər. Vidalaşarkən Kristin keçmiş həyat yoldaşı Sergeyə bir neçə gəmi-tanker, Londonun mərkəzi hissəsində çoxotaqlı mənzil bağışlayır, həmçinin İngiltərədə yerləşən və Onassis imperiyasına daxil olan bir şirkətdə rəhbər işlə təmin edir. Beləcə, keçmiş DTK zabiti milyonçuya çevrilir və üçüncü dəfə ingilis bir qadınla evlənir. Sergeyin anası da Moskvadakı mənzillərini sataraq, oğlunun yanına xaricə köçür. Milliyarder xanım-Kristina Onassis də fransalı bir şəxslə yenidən ailə həyatı qurur və bu nigahdan bir övladı dünyaya gəlir. O,1988-ci ildə isə Buenos-Ayresdə yerləşən otellərdən birində 37 yaşında müəmmalı şəkildə dünyasını dəyişir, ekspertizanın rəyinə əsasən, ölümün səbəbləri kimi narkotik maddənin dozasının həddindən artıq istifadə edilməsi göstərilirdi.
Beləliklə, "məxfi” qrifi altında başlanan bu sevgi hekayəti, gözlənilməz bir sonluqla yekunlaşır, Kristinə "mənəvi” miras qalan taleyin qəribə oyunu, sonda onun həyatına öz həlledici təsirini göstərir.