No Image
No Image

Metyu Brayza: "Türkmənistan Azərbaycan vasitəsilə qaz ixracında maraqlıdır"

Metyu Brayza:
ABŞ-ın Azərbaycandakı sabiq səfiri, dövlət katibinin Avropa və Avrasiya işləri köməkçisinin sabiq müavini, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayzanın "Report”a müsahibə verib.
 
Sfera.az həmin müsahibəni təqdim edir:

- Mayın 12-13-də Aşqabadda Türkmənistanın neft-qaz sektoruna əcnəbi sərmayələr cəlb etməklə bağlı beynəlxalq forum (OGT 2021) keçirildi. Ölkənin müstəqilliyinin 30 illiyinə həsr edilmiş bu tədbir barədə fikirlərinizi bilmək maraqlıdır.

- Bu forum Türkmənistan hökumətinin ölkə iqtisadiyyatını Böyük Xəzər regionu və başqa yerlərdən olan sərmayədarların üzünə açmaq istiqamətində mühüm, hətta tarixi addımıdır. Hələ 25 il bundan əvvəl ABŞ hökumətində çalışarkən Türkmənistanla Azərbaycanı birləşdirən Trans Xəzər Qaz Kəməri layihəsinə hərtərəfli dəstək verirdim. İndi də Türkmənistanın əcnəbi sərmayələr cəlb etmək baxımdan beynəlxalq münasibətlərində yeni mərhələnin başlanğıcı olmasına ümidvaram. Bu da ölkənin iqtisadi inkişafına, yeni geosiyasi və geoiqtisadi imkanlar açılmasına rəvac verəcək.

- Forumda Türkmənistan – Əfqanıstan – Pakistan – Hindistan (TAPI) qaz kəməri layihəsi çərçivəsində aparılan tikinti işləri barədə bir neçə dəfə söhbət açılıb. Məsələn, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov forum iştirakçılarına açılış müraciətində işlərin sürətlə aparılmasını qeyd edərək layihənin region üçün iqtisadi əhəmiyyətini dəyərləndirib. Siz ekspert kimi, bu layihə barədə nə deyərdiniz?

- TAPİ layihəsində tikinti işlərinin sürətlə aparılması barədə Prezident Qurbanqulu Berdiməhəmmədovun forumdakı bəyanatını çox müsbət qalşıladım. Bununla yanaşı, layihənin tam yerinə yetirilməsi üçün Əfqanıstanda, habelə Pakistan və Hindistanda xeyli siyasi səylər göstərilməlidir. Bildiyiniz kimi, Əfqanıstanda daxili sabitliyin bərqərar olmasına hələ çox var, hökumətlə "Taliban” hərəkatı ölkənin siyasi gələcəyinə dair rəsmi danışıqlara başlamağa yaxınlaşırlar. Eyni zamanda, ABŞ Əfqanıstandakı bütün hərbi qüvvələrini sentyabrın 11-dək çıxarır. Həmçinin Əfqanıstanda əvvəllər elektrik enerjisindən istifadə etməmiş əhaliyə Türkmənistandan elektrik təchizatı layihəsi də mühüm əhəmiyyət daşıyır. Ümidvaram ki, TAPİ və elektrik təchizatı layihələri hökumətlə "Taliban” tərəfindən dəstəklənərək Əfqanıstanın əmin-amanlı və firavan gələcəyinə zəmin yaradacaq daha geniş razılaşma üçün yeni təkan olacaq. TAPİ çərçivəsində öhdəliklərini dəqiq yerinə yetirən Türkmənistan təbii qaz ixracatını şaxələndirməyin tərəfdarı olduğunu nümayiş etdirir.

- Forumdakı çıxışlarda SOCAR prezidenti Rövnəq Abdullayev və "Türkmənqaz” Dövlət Konserninin sədr müavini Güvənc Ağacanov həm də "Dostluq" yatağı və təbii qazın Qərbə ixracı baxımından əhəmiyyəti barədə fikir bildiriblər. Onların fikirlərinə münasibətiniz necədir?

- SOCAR prezidenti Rövnəq Abdullayevin forumdakı növbəti çıxışı Türkmənistan tərəfi ilə hörmətə əsaslanan qarşılıqlı əməkdaşlıq əlaqələrinin yeni mərhələsini açmaq arzusunu ortaya qoydu. R.Abdullayevin "Türkmənqaz”ın sədr müavini G.Ağacanovla, daha sonra da ölkə Prezidenti Q.Berdiməhəmmədovla görüşləri zamanı Türkmənistan təbii qazının Qərbə ixracı ilə bağlı tərəflərin birgə planlarına dair mühüm bəyanatlar səsləndirildi. ABŞ hökumətindəki həmkarlarım da, şəxsən özüm də son qərinə ərzində yaranmış bu ümumxəzər əməkdaşlıq meyllərini alqışlayırıq. Bu yaxınlarda Türkmənistan ilə Azərbaycan arasında "Dostluq" yatağının birgə istismarına dair əldə edilmiş razılaşma geniş imkanlar açır. Əvvəllər "Dostluq" ətrafındakı mübahisələr iki ölkənin təkcə neft-qaz sahəsində deyil, bir çox başqa məsələlərdə də əməkdaşlığı yolunda siyasi əngəl yaradırdı. Artıq bu əngəl aradan qaldırıldığına görə bazar iqtisadi amilləri təbii qazın nəinki "Dostluq" yatağından, bəlkə Xəzərin Türkmənistan sektorundakı birinci blokdan belə Qərbə ixracına yaşıl işıq yandıracaq. Azərbaycan Türkmənistan qazını daxili tələbatı, xüsusilə get-gedə artan neft-kimya sənayesi üçün idxal etməyə maraqlıdır. Türkiyə isə 30 ildir Türkmənistandan təbii qaz idxal etməyə çalışır. Həmçinin Türkmənistan qazının müəyyən miqdarda Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı ölkələrinə də çatdırılacağı mümkündür.

- Son vaxtlar Türkmənistan həmçinin Əfqanıstanla, Çinlə də əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışır. Bunların regiondakı vəziyyətə necə təsiri ola bilər?

- Türkmənistan Çinlə uzun illərdir əməkdaşlıq edir. Xüsusilə Rusiya 15 il bundan əvvəl Türkmənistandan böyük miqdarda mavi yanacaq idxalını dayandırdıqdan sonra Çin bu ölkədən ən böyük təbii qaz idxalatçısına çevrildi. Bununla belə Çin tərəfi indiyədək həmin qazın haqqını nəğd şəkildə ödəməyərək həmin qazı daha çox Türkmənistan ərazisində inşa etdikləri qaz kəmərinə görə barter olaraq alır. Ona görə də Türkmənistan öz qazına Azərbaycan və Əfqanıstan kimi başqa müştərilər də tapmağa maraqlıdır. Məhz bu amil adıçəkilən ölkələr arasında uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yarada bilər.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Fulya Öztürkdən ETİRAF: “Dayım azərbaycanlı olduğumuzu deyir” – VİDEO MÜSAHİBƏ

44 günlük Vətən müharibəsi dövründə dünyada Azərbaycan xalqının haqq səsi olan, türkiyəli jurnalist Fulya Öztürkün göstərdiyi şücaət ona bir ömür Azərbaycan xal...

“Bunun reallaşması üçün Ermənistan özünü konstruktiv aparmalıdır” - Açıqlama

"Humanitar müstəvidə vasitəçi olmadan, ikitərəfli ünsiyyət formasında növbəti addımların atılması üçün platforma mövcuddur. Amma bunun üçün İrəvan özünü konst...

Füzuli hava limanı Türkiyə ordusunun istifadəsinə verilir? - Açıqlama

"Genişmiqyaslı müqavilənin Şuşada imzalanmasının xüsusi əhəmiyyəti var və böyük ehtimalla Türkiyənin Azərbaycanda – Qarabağda hərbi mövcudluğu rəsmiləşə bilər...

“Qarabağda işlək yollar kamera nəzarəti altında olmalıdır” – Mina təhlükəsindən necə qorunmalı?

Bu gün ikisi media əməkdaşı olmaqla 3 vətəndaşımız Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar. Hadisə nəticəsində ...

Məmur problemi hər yerdə var - Millət vəkili ilə müsahibə

Dünyada hələ də davam edən COVİD- 19 pandemiyası dünya iqtisadiyyatına zərbə vurmaqda davam edir. İqtisadiyyata dəyən ziyan Azərbaycandan da yan keçməyib. Bu pr...

Ermənistan hakimiyyəti öz əkdiklərinin acı bəhrəsini dadmaqdadır...

Millət vəkili Ülvi Quliyev Modern.az-ın suallarını cavablandırıb: - Yayılan rəsmi məlumata görə, mayın 27-də Ermənistan silahlı qüvvələrinin iki qrupdan i...