“Məşuqəsi Brejnevi psixotrop dərmanlara otuzdurmuşdu” – Şəxsi həkimindən ETİRAFLAR

“Məşuqəsi Brejnevi psixotrop dərmanlara otuzdurmuşdu” – Şəxsi həkimindən ETİRAFLAR
39 il öncə bu gün, 10 noyabr 1982-ci il SSRİ tarixinə növbəti sovet liderinin, Leonid İliç Brejnevin vəfatı günü kimi həkk olunub.
 
Baş katibin ölümü haqqında ictimaiyyətə rəsmi məlumat noyabrın 11-də verilsə də, artıq noyabrın 10-da, günorta saatlarından sonra televiziya və radioda  konsertlər və əyləncəli proqramlar yığışdırılıb. 12-15 noyabr ölkədə matəm günləri elan olunub.

Sfera.az bildirir ki, istər siyasi elitada, istərsə də sıravi vətəndaşlar arasında 76 yaşlı baş katibin ölümündə müəmmalar axtaranlar az olmayıb. 
 


Maraqlıdır, bu müəmmalar hansı səbəblərdən yaranıb?
  
Brejnev ömrünün son günlərində fəal və gümrah görünüb. Noyabrın 7-də o, oktyabr inqilabının ildönümünə həsr olunmuş paradda iştirak edib, mavzoley tribunasından Qızıl meydana bayram nümayişinə çıxanları salamlayıb, 8-də noyabr ayında keçiriləcək plenumla bağlı Siyasi Büro üzvləri ilə məsləhətləşmələr aparıb, 9-da həmkarları ilə birgə ən sevimli əyləncəsi olan ova çıxıb. Ovdan sonra bağ evinə qayıdıb, bir iki sənədli filmə baxıb. Onun ölümü ilə bağlı müəmma yaradan əsas səbəblərdən biri baş katibin son günlərdə gümrah görünməsi olub.

Digər tərəfdən, varis məsələsi də ağıllarda sual yaradıb. Belə ki, Brejnev noyabr plenumunda varis elan edəcəkdi. Baş katib gələcəkdə birinci kürsüdə Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vladimir Şerbitskini görmək istəyirdi. Bəzi versiyalara görə bu planın baş tutmaması üçün Brejnevin ölümü qəsdən sürətləndirilib.

Daha bir müəmma isə Brejnev vəfat edərkən şəxsi həkimi Mixail Kosarevin onun yanında olmaması faktı ilə bağlıdır.

Qeyd edək ki, Mixail Kosarev 1975-ci ildən Brejnevin şəxsi həkimi vəzifəsində işləyib. O, bu vəzifəyə SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin (Kreml məmurlarının səhhətinə cavabdehlik daşıyan idarə) rəisi, Brejnevin dostu Yevgeni Çazovun təqdimatı ilə təyin olub.

Mixail Kosarev sonralar Brejnevin ölümündə müəmma axtaranlara ətraflı cavab verib. Həkim baş katibin səhhəti ilə bağlı aşağıdakıları deyib:

"Leonid Brejnevin ölümü təbii ölüm faktı idi. Burada heç bir şübhə, müəmma axtarmağa dəyməz. 1975-ci ildə onun şəxsi həkimi təyin olunanda ilk müayinələrdən və diaqnostik nəticələrdən sonra bir həqiqəti dərk etdim ki, Brejnev ölümün bir addımlığındadır. Bu haqda Yevgeni Çazova da məlumat verdim, o da öz növbəsində bu haqda Yuri Andropova, Dmitri Ustinova məsələnin nə yerdə olduğunu çatdırdı. Mən Çazova söz verdim ki, bütün gücüm daxilində baş katibin problemlərinin aradan qaldırılmasına, xəstəliklərin inkişafının qarşısının alınmasına çalışacağam. Amma bəzi şərtlərim də var idi. Baş katibin ətrafında dolaşan həkimlərin sayı çox idi, masaj, diet, fiziki sağlamlıq və digər sahələr üzrə mütəxəssislər əslində heç bir iş görmürdülər. Çazovla razılaşdıq, lazımsız həkimləri baş katibin ətrafından uzaqlaşdırdıq. Brejnev bir pasient kimi çox kaprizli idi, mənim tibbi göstərişlərimdən həmişə yayınmağa çalışırdı. Mən axşam saatlarında onu bağ evindən gəzintiyə böyük çətinliklə çıxarırdım. Təmiz hava, gəzinti, hərəkət baş katib üçün vacib prosedurlar sayılırdı. Çətinliklə olsa da, bunları Brejnevin gündəlik rejiminə sala bilmişdim. Bunun müqabilində isə o, tez-tez məndən şikayətlənirdi, Çazova zəng edərək "Kosarev məni diri-diri basdıracaq” deyə məndən gileylənirdi. 
 

Brejnevin səhhətində problem yaradan səbəblərdən biri yüksək dozada sakitləşdirici, ağrıkəsici və yuxu dərmanlarının qəbulu idi. Bu baş katibi müvəqqəti rahatlasa da, ümumən sağlamlığına ciddi ziyan vururdu. Mən bu cür dərmanları olduqca məhdud dozada ona təyin edirdim. Amma kimlərsə Brejnevə istədiyi qədər belə dərmanlar verirdi. Bunu əsasən tibb bacısı Nina Korovyakova edirdi. Məndən əvvəl Brejnevin şəxsi həkimi olan  Rodionov yumşaq xarakterli olduğundan Nina onu bir çox məsələlərdən uzaqlaşdırmağı bacarmışdı. Bütün məsələlərdə təşəbbüskarlığı ələ almağa nail olan Nina ailədə demək olar ki, sözü keçən birinci adama çevrilmişdi. Nina həkimlərlə məsləhətləşmədən Brejnevi psixotrop dərmanlara otuzdurmuşdu. Brejnev artıq bu dərmanlardan asılı vəziyyətə düşmüşdü. Həmin dərmanlar baş katibin beyin fəaliyyətinə, yaddaşına, hərəkətinə, nitqinə olduqca mənfi təsir göstərirdi. Mən bu haqda birbaşa Yuri Andropova məruzə etmişdim. Onu Brejnevin ətrafından uzaqlaşdırmaq istəsələr də, Leonid İliç buna icazə vermirdi. Yalnız çox-çox sonralar Ninanın xidməti iş yerini baş idarəyə dəyişmək adı ilə Brejnevdən kənarlaşdıra bildik. Tibb bacısı təkcə Brejnevin səhhətinə deyil, siyasi fəaliyyətinə də müdaxilə etməyi bacarırdı. Onların arasında sevgi macəraları olduğunu söyləyirdilər. Mən bu haqda heç nə deyə bilmərəm. Deyə biləcəyim odur ki, Nina Brejnev üçün fərqli bir persona idi. Baş katib ona Mərkəzi Komitənin işçiləri üçün inşa edilmiş binadan mənzil vermişdi, həyat yoldaşını isə general rütbəsinə qədər yüksəltmişdi..."

Mixail Kosarev yeddi il, 1975-ci ildən Brejnevin vəfat etdiyi günə qədər onun bir neçə addımlığında olub. Bağ evində, mənzilində, Kremldə, istirahətdə olduğu məkanlarda, xarici səfərlərdə o, baş katibi müşayiət edənlərin sırasında dayanıb. Hətta elə günlər olub ki, Kosarev baş katibin bağında gecələyib. Brejnevin vəfat etdiyi gün onun yanında olmamasına Kosarev belə aydınlıq gətirib:

"Mən noyabrın 9-da axşam saatlarına qədər Brejnevin bağ evində idim. Əhvalı çox yaxşı idi. Müharibədən bəhs edən sənədli filmə baxırdı. Sonra bir az mənimlə söhbət etdi. Baş katib yatmağa gedəndə mən də evə getdim. Səhərisi gün həmişə olduğu kimi saat 8-9 radələrində bağa qayıdanda yolda maşınımdakı telefona zəng gəldi. Mənim xidməti avtomobilimdə telefon var idi. Brejnevin mühafizə rəisi həyəcanlı səslə özümü tez bağa çatdırmağı xahiş etdi. Mən bağa çatanda artıq gec idi. Brejnev səhər saatlarında yox, hələ səhərin açılmasına bir neçə saat qalmış vəfat etmişdi. Açığını deyim ki, bu mənim üçün gözlənilən idi. Çünki baş katib sağlamlığına biganə yanaşırdı. Mən onun zərərli vərdişlərdən əl çəkməsi üçün çox çalışmışdım. Çətinliklə olsa da, o, siqareti atmışdı. Alkoqoldan isə az miqdarda istifadə edirdi. Yaxşı xatırlayıram, istirahət günlərinin birində bağ evində idik. Günorta yeməyində Brejnev həyat yoldaşından "Zubrovka”nı da (Brejnevin ən çox xoşladığı araq) süfrəyə gətirməyi xahiş etdi. Bu məqamda baş katiblə aramızda "mübahisə” başlandı. Mən ona səhhətinin bu vəziyyətində akloqol qəbulunu qadağan etmişdim. Günorta onu fikrindən yayındıra bildim. Şam yeməyində baş katib məni süfrəyə dəvət etdi.
 
 
Mən əyləşən kimi Brejnev üzünü mənə tutub soruşdu:

- Mişa, (Brejnev mənə belə müraciət edirdi) sən bilirsən mən kiməm?

- Mən sualı geniş cavablandırdım: Sov.İKP MK-nın Baş katibi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid İliç Brejnev.

- Çox yaxşı, demək bu ölkədə birinci söz sahibi mənəm. Yəqin ki, bunu da dərk edirsən. Əgər dərk edirsənsə, get "Zubrovka”nı özün gətir.

Beləliklə, həmin istirahət günü baş katib arağı mənə gətizdirdi, özü ilə bərabər məni də içirtdi...”

Mixail Kosarev qeyd edib ki, baş katib bir neçə il ömrünü uzada bilərdi, amma bir şərtlə - işindən ayrılıb istirahət etmək şərtilə. Şəxsi həkim onu da vurğulayıb ki, əgər Brejnev bir neçə il də baş katib vəzifəsində işləsəydi o, ümumiyyətlə özünü idarə edə bilməyəcəkdi, məşhur lətifədə söylənildiyi kimi:

"Suslovun dəfn mərasimi keçirilir. Kreml məmurları nitqlər söyləyirlər. Sonra tabut nekropola, dəfn yerinə gətirilir. Hamı gözləyir ki, Brejnev son matəm nitqini söyləsin və Suslovu basdırsınlar. Brejnev də gözləyir. Araya sükut çökür. Brejnev yanında dayanmış marşal Ustinovun qulağına pıçıldayır: Suslov həmişə tədbirlərə gecikir, gəlib çıxsaydı, dəfn mərasimini sona çatdırardıq...” 
 


İlham Cəmiloğlu
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...