"Məsuliyyətli şəxs cərimə haqqında yox, ilk öncə özünün və doğmalarının sağlamlığı haqqında düşünür"-Deputatla MÜSAHİBƏ

 Deputat Şahin Seyidzadə sonxeber.az-ın suallarını cavablandırıb.

-Bu gün bütün dünya kimi Azərbaycan da pandemiya ilə mübarizə aparır. Dövlətimiz tərəfindən zamanında addımlar atılmasaydı, bizi hansı bəlalar gözləyə bilərdi?

-İlk günlərdən virusla mübarizədə dövlətimiz tərəfindən əsas addımlar vaxtında atıldı və bu addımlarda prioritet məsələ vətəndaşların sağlamlığının qorunması idi. Nəticədə biz çətin olan birinci mərhələni geridə qoyaraq, böyük miqyaslı "dalğadan" yan keçdik. O zaman hər bir ölkə "nə edək?", "necə edək?" suallarına cavab axtarırdı. Atılan addımların nəticələrə əsasən digər ölkələrlə müqayisəli təhlil apara bilərik. Sözsüz ki, bir çox ölkələrlə müqayisə zamanı müsbət bir hal qarşımıza çıxır – ilk mərhələdə "qırmızı xətt" bizdən yan keçməsi halı. Cənab Prezident başda olmaqla dövlətimiz vəziyyəti nəzarətdə saxlayır, Nazirlər Kabineti yanında Operativ Qərargah daimi vətəndaşları məlumatda saxlamaqla, bütün yeniliklər barədə açıqlamalar yayımlayır. Dövlətimiz bir "müharibə" cəbhəsindədir, ilk "döyüş"lərdə qalib gəlmişik, lakin "müharibə" hələki davam edir.

-Təəssüf ki, Operativ Qərargahın yumşalmalarından sonra bəzi insanlar koronavirusa məsuliyyətsiz yanaşmağa başladı. Çoxları bu xəstəliyə inanmır, qoruyucu tibbi maskalardan istifadə etmirlər. Artıq maskalarla bağlı qanun qəbul edildi. Qoruyucu tibbi maskalardan istifadə etməyənlər 50 manat cərimələnəcəklər. Cərimələr insanlarda məsuliyyəti artıracaqmı?

-Əlbəttə ki, ilk dəfə cərimə mövzusu qaldırılanda vətəndaşlar tərəfindən müxtəlif reaksiyalar oldu. Bu cərimələr o şəxsləri narahat etməlidir ki, onlar qoyulan qaydaları pozmaq istəyən şəxslərdir. Burada da vətəndaşların yanaşmasını 3 əsas kateqoriyaya bölmək olar: (1) "qaydaları başa düşürəm və anlayaraq könüllü əməl edirəm", (2) "qaydaları başa düşürəm, lakin dövlətin cəriməsinə görə əməl edirəm", (3) "qaydaları başa düşürəm, lakin əməl etmək istəmirəm". Ümumiyyətlə, məsuliyyətli şəxs cərimə haqqında yox, ilk öncə özünün və doğmalarının sağlamlığı haqqında düşünür.

-Ölkəmizdə pandemiya başlayan zaman ilk olaraq dərslər dayandırıldı. Dərslər onlayn keçirilməyə başladı. Bir çoxları bu distan təhsilin uşaqlarda dərsə olan marağın zəifləyəcəyi ilə bağlı fikirlər səsləndirirlər. Sizcə hansı addımlar atılmaldır ki, uşaqlar da təhsilə olan maraq azalmasın?

-İlk öncə onu qeyd edim ki, hal-hazırda 190-dan çox ölkədə ənənəvi tədris prosesi dayanıb. Sıralamanı götürsək, ölkəmiz bu məsələ ən tez reaksiya verən və tədbir görən ölkələr arasında 12-ci yerdədir. Çünki təxminən 1.5 milyonluq şagird, tələbə və pedaqoji heyətin sağlamlığının qorumaq cox vacibidir. Distant təhsil və televiziyadan yayımlar - bu addımlar imkan və vəziyyətdən çıxış yoludur, nəinki ənənəvi dərs prosesini əvəzləməkdir. Distant təhsil heç vaxt ənənəvi təhsili əvəz edə bilməz. Sözsüz bütün bunlar uşaqların dərsə olan marağına da təsir edir.

Uşaqların daha həvəsli olmasında valideynlərin rolu çox böyükdür. Valideynlərin əksəriyyəti bu gün sadəcə "bizim övladımıza niyə keyfiyyətli distant təhsil verilmir?" sualını verir. Amma əsas sual başqadır - "valideynlər bunun olması üçün hansı dəstəyi göstərir?" Ona görə də bu vəziyyətdə "valideyn-müəllim" münasibəti qarşılıqlı olmalıdır. Beləliklə də, distant təhsilə keçid hamı üçün gözlənilməz olmaqla yanaşı böyük təcrübə oldu.
 
 
-Təəssüf bu gün elə abituriyentlər var ki, ali məktəbə daxil olsa da təhsil haqqına görə universitetə getməkdən imtina edir. Bəzən bu məsələ də dövlətin üzərinə düşürlər. Yaxşı olmazmı imkanlı şəxslər, iş adamları və biznesmenlər xüsusi fond yaradaraq imkansız ailələrin övladlarını təhsil almasında yardımçı olsunlar?

-Bildiyiniz kimi abituriyentlər dövlət imtahanı verərək ali təhsil müsəssisələrinə qəbul olduqda, tələbə adını qazandıqda artıq təhsil haqqının ödənilməsi ilə bağlı dəstək məqsədli bir neçə imkan mövcuddur. Bunlara misal olaraq Azərbaycan Gənclər Fondunu, "Maarifçi" Tələbə Kredit Fondunu göstərə bilərik. Həmçinin pandemiya dövründə qəbul edilmiş müxtəlif sosial imtiyazlara sahib tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı olan Nazirlər Kabinetinin qərarını da bura aid etmək mümkündür. Yəni bir sözlə, artıq bu istiqamətlə bağlı müxtəlif addımlar atılır. Sözsüz bu addımlar, qərarlar bütün tələbələri əhatə etməsə də, tələbə adını qazanmış abituriyentlərin ödənişsiz əsaslarla təhsil almaq imkanı mövcuddur. Yəni gənc abituriyentlərin qəbul imtahanı zamanı yüksək bal toplayaraq dövlət xətti ilə fəaliyyət göstərən ali təhsil müəssisəsinə daxil olaraq ödənişsiz əsaslarla təhsil alması imkanı mövcuddur. Digər mövzuya toxunmaq istərdim - hansı ki, imkanlı şəxslər və biznes qurumları tərəfindən fond formasında təhsil haqqlarının qarşılanması. Bu çox maraqlı təklifdir və sözsüz ki, bunun formalaşdırılması üçün bizə zaman lazımdır. Bir məsələni qeyd edim ki, Azərbaycan xalqı xeyirxah təşəbbüslər göstərmək xüsusiyyətinə malikdir. Bu təşəbbüslər, əməllər özünü təhsil sahəsində də göstərir. Bu gün də biz şahidi oluruq ki, bir neçə şirkət, fərdi sahibkarlar tərəfindən tələbələrin stimullaşması, təhsilə marağının artması üçün müxtəlif dəstəklər, təqaüd proqramları həyata keçirilir. Mən əminəm ki, bu tipli xeyirxah təşəbbüslər gələcəkdə də davam edəcək.

- Son dövrlər sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri dərsliklərlə bağlıdır. Bu məsələ dəfələrlə Milli Məclisdə də qaldırılsa da yenə də öz həllini tapmayıb.
Sual versək ki, bu məsələ ilə bağlı vəziyyət idealdırmı - xeyr deyil. Bəs proses təkmilləşdirmə üçün işlər aparılırmı - bəli aparılır. Burada ictimai rəyin olması mütləq halda vacibdir. Artıq hansısa bir kitab çap olunacaqsa, çap öncə açıq resursda yerləşdirilir. Orada vətəndaş və müəllimlər tərəfindən rəy bildirilir və çap öncə nəzərə alınır. Təhsil Nazirliyi bununla bağlı çox ciddi işlər aparır və vəziyyət yaxşılaşdırılmağa doğru gedir.

-2018-ci ildə Cənab prezident İlham Əliyev ölkə səs çoxluğu ilə ölkə başçısı seçilən zaman hər bir sahədə islahatların aparılacağının anonsunu verdi. Bilirsiniz son günlər vəzifəsindən sui -istifadə edən məmurlar həbs olunur. Bu həbslər məmurların vicadanla işləməklərinə və vəzifədən sui-istifadə hallarını aradan qaldıracaqmı?
-Bilirsiniz, insanın vicdanla işləyib işlənməməsi insanın özündən asılıdır və bu haqda nə Prezident, nə də xüsusi xidmət orqanları düşünməməlidir. Bu insanın özündən asılıdır. Çox vaxt bu hərəkət və davranışla özünü göstərir. Son hadisələr bir tərəfdən müsbət haldır ki, dövlətdə islahatlar aparılır və neqativ "fonda" olanlar kənarlaşdırlır. Cənab Prezident artıq "qırmızı kart" göstərir və "meydana" gənc kadrları buraxır. Amma varislik prinsipi də olmalıdır. 100-də 100 hamının əvəzlənməsi düzgün deyil.

-Son illərdə savadlı, dövlətinə və xalqına bağlı gənclər dövlət strukturlarında yüksək vəzifələrə gətirilirlər. Savadlı gənclərin önə çəkilməsi dövlətimizə nələri qazandıracaq?
Burada qısa müddətli və uzun müddətli məqsədlər var. Qısa müddətli məqsəd: yeniləşmə mütləq olmalıdır. Bu yeniləşməyə doğru atılan addımdır. Onların nə nəticə göstərməsi isə artıq uzunmüddətli məqsədlərdən irəli gəlir. Təyin edilmiş gənc kadrlar 0-dan vəzifəyə təyin olunmur. Həmin gənclərin müxtəlif təcrübə, ictimai-siyasi fəaliyyətdə toplanılan biliklərə malikdir. Bir sözlə deyə bilərəm ki, gəncləşmə siyasəti Cənab Prezidentin gənc kadrlara verdiyi dəyər və imkandır, eləcə də gələcək nəsillərə bir stimuldur.

-Şahin bəy, bilirik ki, mütəmadı olaraq seçicilərinizlə görüşürsünüz. Seçiciləriniz daha çox hansı problemlərlə bağlı sizə müraciət edirlər?

-Sözsüz biz təbliğat kampaniyası zamanı öyrətməklə, səsimizi çatdırmaqla yanaşı vətəndaşın səsini eşidirdik. Bunun üçün 3 əsas istiqaməti götürdük. Müxtəlif yaş təbəqələri ilə görüşdük. İlk öncə, ən əsas ağsaqqallarımızla tanış olaraq xeyir-dua aldıq və onlardan ərazinin adət-ənənəsini, tarixini, xüsusiyyətlərini daha dərindən öyrəndik. Sonra isə orta yaş təbəqəsi və gənclər ilə görüşdük. Sadaladığım hər 3 yaş təbəqəsi özlüyündə bizə çox şey öyrətdi. Sözsüz hər bir təbəqə öz yaş kateqoriyasına uyğun problemləri və təklifləri irəli sürdü. Məsələn, gənclər daha çox iş, məşğulluq imkanlarının təşkilini bildirən zaman ağsaqqallar öz müdriklikləri ilə şəxsi yox, kənd və qəsəbələri, bütün vətəndaşları əhatə edən ümumi məsələləri bizə çatdırdı.

(1) – Vədlər vermədik, daha çox eşitdik.
(2) – Çalışdıq ki, bütün seçicilər üçün əlçatan olaq. Bütün ərazilərdə mobil, elektron poçt və digər əlaqə vasitələrimizi təqdim etdik.

Karantindən əvvəl olduğu kimi də karantində də biz seçicilər üçün əlçatan olduq. Mövcud karantin rejimini nəzərə alaraq ay ərzində 2, bəzən 3 dəfə onlayn görüşlər keçiririk. Ümumilikdə 3 əsas problem istiqamətləri daha çox qarşımıza çıxdı. Məşğulluq, sosial təminat, dövlət və vətəndaş arasında körpü rolu.Ümumi götürsək problemlər var və bunlar həll edilməlidir. Biz öz növbəmizdə daima icra strukturları, orqanlar ilə əlaqədəyik.

Həmçinin seçicilərlə bağlı bir şeyi xüsusi qeyd istərdim ki, əsasən iki halın şahidi olmaq çox xoşdur. Birincisi odur ki, karantin dövründə vətəndaşlarda təmkinlik var. İkinci isə yüksək vətənpərvərlik ruhunun olmasıdır. Cənab Prezident pandemiya dövründə olan fəaliyyətləri, ölkədə aparılan islahalatlar, dövlətçiliklə bağlı atılan addımlar yüksək dəyərləndirilir.

OXŞAR XƏBƏRLƏR

“İpoteka kreditləşməsini genişləndirməkdə məqsədimiz, insanların mənzilə olan ehtiyaclarını ödəməkdir”

  Son zamanlar kommersiya bankları tərəfindən ipoteka kreditlərinin rəsmiləşdirilməsi istiqamətində böyük işlər görülür. Kommersiya bankları İpoteka və Kr...

Tanınmış həkim: “Bioloji olaraq kişi çox qadınla cinsi əlaqəyə girməlidir, qadın isə biri ilə” - MÜSAHİBƏ

Vasif İsmayıl: "Kimisə sataraq professor olublar” "Dini inanc çox vaxt insanın əxlaqsız tərəflərini qabardır” Tanınmış androloq-uroloq Vasif İsmayıl Mo...

Kürəyindən vurulan Milli Qəhrəman - FOTOLAR

 "Qardaşım nizami tabordan daha güclü könüllü taboru yaratmışdı. O, pərakəndə formada yaranmış məhəllə dəstələrini birləşdirə bilmişdi. Ramizə o qədər inan...

Ülvi Quliyev : "Uğurumuz "Biz birlikdə güclüyük!" devizi ilə yola çıxmağımızdır " - MÜSAHİBƏ

 Milli Məclisin Gənclər və İdman və Səhiyyə Komitələrinin üzvü deputat Ülvi Quliyev sabahinfo.az saytına müsahibə verib. Müsahibəsində əsas diqqəti COVID-1...

Azərbaycanda bu qədər adam koronavirusa yoluxacaq - 2021-Cİ İLƏ QƏDƏR...

Tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim Vasif İsmayılın koronavirusla bağlı Redaktor.az-a maraqlı müsahibə verib. O, bir çox məqamlara aydınlıq gətirib. ...

“Xalq böyükdən kiçiyə müharibəyə hazırdır” - MÜSAHİBƏ

 Bəhruz Məhərrəmov: "Xalqın ümid yeri Silahlı Qüvvələrimizdir və hər kəs Ali Baş Komandanın VUR əmrini gözləyir”   Bu gün Azərbaycanın Silahlı Qü...