Məşhur müğənninin oğlunun həbs müddəti artırıldı – Qərar

Məşhur müğənninin oğlunun həbs müddəti artırıldı – Qərar
Bakıda qətl törətməkdə təqsirli bilinən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin barəsində həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanını təqdimatına baxılıb.

Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, istintaq orqanının təqdimatı təmin olunub və təqsirləndirilən şəxslərin həbsdə saxlanma müddəti artırılıb.

İttihama görə, ötən il iyunun 7-də, gecə saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb.

Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.

Qeyd edək ki, Rəşad Hüseynov taksi kimi fəaliyyət göstərdiyi avtomobilində öldürülüb.

İstintaq orqanı tərəfindən aparılan araşdırma zamanı qətlin daha bir iştirakçısı müəyyən edilib. Bu, Fərman Ocaqquliyevdir.

İstintaq orqanı tərəfindən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə ),120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 221.1-ci (xuliqanlıq) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən arkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.

Hazırda Nəsimi rayon Prokurorluğunda istintaq davam edir.

Xatırladaq ki, Tuncay Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib. Onun ögey qardaşı Tural isə bir neçə il əvvəl Bərdədə qətl törətdiyinə görə həbs edilib.

OXŞAR XƏBƏRLƏR