Mərkəzi Bank tədiyə balansını açıqladı

Mərkəzi Bank tədiyə balansını açıqladı
Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ilin birinci yarısı üzrə tədiyə balansını açıqlayıb. 

Sfera.az AMB-yə istinadən bildirir ki, tədiyə balansında profisitin (müsbət fərq) həcmi bir qədər də artaraq 1,26 milyard dolları ötüb. 

İlin birinci yarısında cari əməliyyatlar balansında 1,88 milyard dollar profisit, maliyyə hesabı balansında 578 milyon dollar kəsir qeydə alınıb. Cari əməliyyatlardakı profisitin maliyyə hesabındakı kəsirdən böyük olması hesabına tədiyə balansında profisit yaranıb. 

Birinci rüblə müqayisədə ikinci rübdə tədiyə balansında profisit daha böyük olub. Tədiyə balansında profisit birinci rübdə 326 milyon dollar, ikinci rübdə 934 milyon dollar təşkil edib. Cari əməliyyatlar balansında birinci rübdə profisit 628 milyon dollar, ikinci rübdə 1,25 milyard dollar olub. Maliyyə hesabı balansında isə vəziyyət pisləşib. Bu istiqamət üzrə birinci rübdə 14,4 milyon dollar profisit qeydə alınsa da, ikinci rübdə 593 milyon dollara yaxın kəsir qeydə alınıb. 

2021-ci ilin ikinci rübündə birinci rübünə nisbətən balansın yaxşılaşması neftin bahalaşması və qeyri neft-qaz ixracının artması ilə bağlıdır. Birinci rübdə neftin orta ixrac qiyməti 52,4 dollar olduğu halda, ikinci rübdə 60 dolları ötüb. Yarımillik qiymət isə 57,7 dollar təşkil edib. 

Qeyri neft-qaz ixracı isə birinci rübdə 11 faiz artdığı halda, yarımilin yekununda 20 faiz artıb. 

Qeyd edək ki, tədiyə balansının vəziyyətinin yaxşılaşması manatın sabitliyi üçün önəmlidir. Tədiyə balansı müsbət olduqda manat ucuzlaşmır, manata olan təzyiq zəifləyir. Tədiyə balansında daha böyük profisit yarandıqda isə manatın möhkəmlənməsi üçün əsas formalaşır. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR