Mənzil bazarında kəskin bahalaşma olacaq – Ekspertdən açıqlama
"Yaxın gələcəkdə tikinti və torpaq bazarında qiymət artımları baş verəcək”.
Sfera.az-a açıqlamasında bu sözləri tikinti bazarında gedən proseslərə münasibət bildirərkən Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.
Onun sözlərinə görə, mənzillərin qiymətində azı 30 faiz bahalaşma olacaq: "Həmin qiymət artımı prosesi tikinti şirkətləri tərəfindən həyata keçiriləcək. Son iki ildə bazar olduqca axsayıb. 2016-cı ildə Nazirlər Kabinetinin 86 saylı qərarı oldu. Bundan sonra isə pilot layihə başladı. Bakı şəhərində təxminən 100-ə qədər də qeyri-pilot layihəsi olub. Nəticədə bu istiqamətdə 200-ə yaxın layihə həyata keçirilib. Bütün bunlar dövlətin təşəbbüsü ilə olub. Nəticədə köhnə yaşayış fondu sökülməyə başladı. Sovetski ərazisində 3500-ə yaxın yaşayış fondu söküldü. Onun da nəticəsində bazara müəyyən investisiya yatırıldı. Dövriyyə əmələ gəldi, tələbat yüksəldi”.
İcraçı direktorun bildirdiyinə görə, tikintiyə sərəncamın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsi və onların icazə şərtlərini sərtləşdirməsi daşınmaz əmlak bazarında belə bir bahalaşmaya gətirib çıxaracaq: "Keçən ilin iyulundan yeni yaşayış komplekslərinə sərəncamların verilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ixtiyarına verildi. Onlar da bundan sonra tikinti şirkətlərinə bina tikintisinə icazəni sərt şərtlərlə verəcəklər. Yəni hər tikinti şirkəti üşün inşaatın həcmi iki dəfəyə qədər azalacaq. Belə ki, əvvəllər bir hektarda tikinti şirkəti ortalama 50 min kvadratmetr tikirdisə, indiki tələblərdən sonra 25 min kvadratmetrdən çox tikə bilməyəcək. Bu da öz növbəsində tikintinin maya dəyərinə təsir edəcək. Nəticədə tikinti şirkətləri yaxın gələcəkdə məcbur olacaq ki, mənzilləri azı 30 faiz baha satsınlar. Həmin tendensiya özünü gələn ildən etibarən göstərməyə başlayacaq”.
Elçin