“Mən şəxsən Mirşahinin yerinə çox utandım” – Polkovnik-leytenant
21:02 / 06.04.2019
3389
Aprel döyüşləri zamanı Azərbaycan ordusunun əsgərlərinin ermənilərə satılmasında adı hallanan hərbçilərlə bağlı Real TV-də sensasion fikirlər səsləndirilib. Kanalın rəhbəri Mirşahin Ağayevin açıqlamasına görə, Azərbaycan Ordusunda xidmət göstərən bölük komandiri Süleyman Kazımov tabor komandiri polkovnik-leytenant Ağayev Elçin tərəfindən düşmənə təhvil verilib. Həmin vaxt ermənilər Azərbaycan hərbçisini cinsi təcavüzə məruz qoyub. Daha sonra zorlama səhnəsini telefona çəkərək onu şantaj etməyə başlayıblar. Bu şantajlardan sonra Süleyman Kazımov Azərbaycan ordusunun hərbi sirrlərini düşmənə verməyə məcbur olub.
Səslənən fikrə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib ki, o Mirşahinin nəyə əsasən bunu dediyini bilmir: "Mən şəxsən Mirşahinin yerinə çox utandım. Elə bir faktı adı-familyası ilə REAL TV-dən ictimailəşdirməyi Mirşahinə yaraşdırmadım. Çox təəssüflənirəm ki, son vaxtlar belə bəzi addımlar atılır. O addımlar da ümumi işin xeyrinə deyil. Xəyanətkara heç bir bəraət yoxdur, ola da bilməz, amma gəlin, ədalətli olaq. İnsanın adı, familyası çəkilir, onun ailəsi, uşağı, doğmaları var. Bir qədər elə şeydə diqqətli olmaq lazımdır. Bir nəfər xəyanətkar bütün ordu demək deyil. Bir nəfərin hərəkəti bütün orduya şamil oluna bilməz.
Üzr istəyirəm, Amerika ordusunda mavilər var. Bizim bədnam qonşularımızda video görüntülər var ki, zabitləri əsgərlərin başına ən iyrənc formada oyun açırlar. Mən başa düşürəm, bu düşmən ordusudur. Biz deyirik ordumuz belədir, elədir, Qarabağla bağlı belə addımlar atacağıq, eyni zamanda Qarabağla bağlı belə şeyləri biz ictimailəşdirəndə inanın ki, kənardan o qədər də yaxşı görünmür. Mən şəxsən Mirşahindən gözləməzdim, açıqladı, bunun davamı gələcək. Hər halda, cəmiyyətdən buna bir təpki olacaq. 3-5 nəfərlə orduya xələl gətirmək olmaz. Ordudakılar da cəmiyyətin bir hissəsidr. Yəni biz cəmiyyətdə nə görürük? Oğru, bandit, təbiyəsiz var. Ordu da bir qədər sərt rejimdir. Amma bütövlükdə bütün ordu ilə bağlı bir fakt sadalayıram deyə bir şey olmamalıdır. Mən çox təəssüflənirəm bizim bəzi dostlarımız bəzən sui-istifadə edirlər. Belə sui-istifadə qətiyyət yolverilən deyil”.