Mən öz dostumla idim, Tanrım! - Möhsüm Qədiroğlunun 50 yaşına

Mən öz dostumla idim, Tanrım! - Möhsüm Qədiroğlunun 50 yaşına
  Vəli Əkbər, yazar
 
  Mən fizikən tez-tez tənha qalmağı, təklikdə gəzməyi və təkbaşına dükan-bazarlıq etməyi sevirəm. Tənha qalmaq özümə hesabat üçündür. Təklikdə gəzmək çevrəni və evrəni daha yaxşı seyr etməyə imkan verir. Təkbaşına bazarlıq eləmək isə məncə, bu bir kompleksdir. Açmıram, amma…

Qarşında heç kim olmasa da belə, yörəndə birinin yoxluğu səni üşündürür.

Ona görə də mənəvi tənhalıq mənlik deyil. Dostcanlıyam və çoxlu dostum var.

Günəş birdən işıqlandırmır həyatı. O sənin gözlərində bütün həyatını işıqlandırana qədər sən böyük məsafə qət edirsən, dar dolambaclar, qaranlıq dalanlar keçirsən. İnsan təklik üçün xəlq olunmuş yaranış deyil. Hər kəsin həyatı insan-insan, sevgi-sevgi işıqlanır.

"Əxlaq qaydaları” əsərinin müəllifi Fransua de Laroşfuko deyir ki, müdriklikdən sonra insanlara edilmiş ən gözəl hədiyyə məhz, dostluqdur.

Müdrikliksə fikrimcə, cəmi kainatın bu hissin, təmənnasız sevginin üzərində mövcud olduğunu dərk etdiyin məqamdır.

Bu gün mənim can dostum, əziz qardaşım Möhsüm Qədiroğlunun yubileyidir. Düz yarıməsirlik bir ömrü geridə buraxıb, altından da öz şərəfi ilə qol çəkib. Niyə can dostum və əziz qardaşım? Başqa bir müdrik insanın fikrincə, qardaşın dostun olmaya bilər, amma dostun qardaşındır. Biz bunu yaşadığımız illər boyunca daşa-qayaya yazılan kimi həkk eləmişik. Tanrıya minnətdaram ki, yollarımızı rast gətirib, qovuşdurub.

Möhsüm Qədiroğlu dostluq etməyin istedadır.
 
 
Onu uzaqdan tanıyıb yaxına gəldiyim məqama qədər hiss etdim ki, bu ən təmənnasız yaxınlıqdır. Ən böyük sevgilər belə yaxınlıqdan sonra tükənə bilir, əgər dost ola bilmirsənsə. Amma dostluq elə bir nemətdir ki, daim yaxınlığa ehtiyac hiss edirsən, yaxın olduqca gözəlləşir bu izdivac. Möhsümün də səmimiyyət proyeksiyası bu yaxınlıqlar zamanı bütün bucaqlardan eyni cür süzülüb dostluğa işarələnirdi. Məncə, Möhsümün həyat kredosu da məhz dostluqdur. Onun haqqında həmişə bir ifadəm olub: "O, dostluq etməyin istedadıdır”. Bütün müşküllərin həllini dostluqda, bir-birinə uzanmış əllərin birləşməsində görür mənim əziz dostum.

Möhsüm Qədiroğlu ağsaqqal, ağbirçək, valideyn qədri biləndir.

Çevrəmdə bütün tanıyanlar bilir ki, valideyininə hörmət etməyən, onları ən uca dəyər saymayan adamlarla oturub durmaram. Məncə, Tanrıdan sonra böyük hikmət qaynağı valideynlərdi. Mən Möhsümdə bu keyfiyyəti də ürəkdən sevirəm. Atası Qədir müəllimə olan dost sayqısı ürəyimi hər dəfə fərəhlə doldurur. Anası Ofelya xanımın əziz xatirəsini necə həzin və hüzün tutduğunun hər təmasımızda şahidi oluram. Valideyn üçün verilən dəyər, nəsilə, kökə verilən qiymətdən, onun özülünün anlaşılmasından qaynaqlanır. Möhsüm Qədiroğlu kökünü tanıyan oğuldur. Üzündə, sözündə həmişə Göyçə həsrəti yaşayır. Elə içdən, elə həsrətlə danışır ki, doğma yurdu, obası haqda, adamın ruhuna sirayət edir.

Möhsüm Qədiroğlu Vətən sevdalısıdır.

Tale elə gətirib ki, ömrünün 20 ilə yaxınını Ukraynada yaşayıb, yaratmalı olub. Azərbaycan Televiziyasının (Aztv) Ukrayna və Qərbi Avropa ölkələri üzrə xüsusi nümayəndəsi kimi 18 il həm də bir mücadilə adamı olduğunu ortaya qoyub. Peşəm hicabı müxtəlif televiziyalarımızın xarici ölkələrdə çalışan müxbirlərini müşahidə etmişəm, onları izləmişəm. Bir zamanlar Türkiyədə çalışan İbrahim Nəbioğlu, ABŞ-da Şəfəq Mehralıyeva, Gürcüstanda İmran Eyvazov, Orta Asiyada Aida Eyvazlı və Qulu Kəngərli, bir zamanlar Misirdə müxbirlik eləmiş Elzar Ağayev, Moskvada yetişmiş və artıq söz sahibinə çevrilən Anar Həsənov kimi həmkarlarımla həmişə qürur duyuram. Amma Möhsüm Qədiroğlu bütün fəaliyyəti boyunca təkcə jurnalistlik missiyasını icra etməyib, ictimayi və siyasi fəaliyyəti ilə də canından çox sevdiyi Azərbaycanına faydalı olmağa çalışıb.

Mösüm Qədiroğlu dövlətçilik təfəkkürünün daşıyıcısıdır.
 
 
Ukraynada Azərbaycan diasporunun mütəşəkkilliyi onun çabaları üzərindən yüksəlişə nail oldu. Yumruq kimi birləşib Azərbaycan maraqlarını təmsil etməkdə ən praqmatik və rasional məcraya yönəldi. Bunu elə ölkəmizə və xalqımıza məxsus emosional predmetlərlə də ifadə edə bildilər. 20 Yanvar faciəsi qurbanlarının xatirə tədbirləri, "Xocalıya ədalət” çağırışları, Novruz törənləri və başqa bu kimi törənlərin təşkili onun müəllifliyi ilə oldu. BMT-nin və digər beynəlxalq təsisatların Ukraynadakı nümayəndəliklərinin, eləcə də Ermənistan səfirliyinin qarşısındakı etiraz aksiyalarının ön sırasında bir jurnalist və vətəndaş kimi özü dayandı. Mən şahidəm ki, onun bu fəaliyyəti hər dəfə öz doğma Vətənində daha çox təzyiqlə qarşılanırdı. Hər belə bir tədbirdən sonra onun Aztv sıralarında qalıb-qalmaması müzakirəyə çıxarılırdı. Hər dəfə səhifə-səhifə nə qədər izahat verməli olurdu. Amma doğru bildiyi yoldan bir addım belə geri çəkilmirdi və üz-üzə gəlib sübut edirdi ki, onun əməllərinin arxasında heç bir şəxsi məqsəd yoxdu. Hər belə hücumdan sonra oturub dərtləşəndə bir sözü vardı: "Qardaş, bu əqidəni, tapşırığı mən şəxsən Ulu Öndərimiz Heydər Əliyevin dilindən almışam. Ukraynaya səfəri zamanı hər bir azərbaycanlının özünü necə aparmalı, nə etməlidir göstərişini ondan eşitmişəm. Bu yol mənim yolumdur. Əgər kimsə bu yolu doğru saymırsa, kişi kimi çıxıb ortaya desin ki, etməyin, eləməyin. Əbədi liderim və prezidentim İlham Əliyev də bunu deyirsə, məni heç kim dayandıra bilməz. Torpaqlarımız azad olunub, müstəqilliyimiz tam bərkiyənə qədər bu Vətənə canım qurban”.

Möhsüm Qədiroğlu ədalətli, bacarıqlı və humanist insandır.
 
 
İstənilən halda insanları bir araya yığmaq, onları səfərbər etmək və əziyyətin həm maddi, həm fiziki, həm də mənəvi tərəflərini öz üzərinə götürmək özü böyük əxlaq göstəricisidir. Sonuncu hadisəmizi xatırlayıram. Möhsüm Azərbaycan Parlamentinə keçirilən sonuncu seçkilərdə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyin vermişdi. Düz 25 gün birlikdə bu iki rayonun kənd və qəsəbələrini gəzdik. Orda gördüm, Mösümün adam sevdasını, Vətən sevdasını, Göyçə nisgilini. Dağların o üzünə baxanda kövrəldi. Kənd-kəsəyində qabarlı əlləri görəndə qübarlandı. Dimdik duran Aprel şəhidi anasının sözlərinə qulaq asanda qürurlandı. Başqa bir şəhid anasının yataqda ziyarət edəndən sonra səhərə kimi yatmadı, qıvrıldı. Seçki marafonunda bir dəfə də olsun opponentləri haqqında küfür söz danışmadı. Siyasi mübarizəni ən yüksək mədəniyyət çərçivəsində apardı. Qismət kimindirsə, qalib odur, söylədi. Tanrı doğrusunu bilir, dedi. Sonuncu gün seçki məntəqəsində vəkili Sübhan Hacıyev ürək tutmasından həyatını itirəndə, (Allah yerini behişt eləsin) məni bərk-bərk qucaqlayıb dedi ki, abi, Vətənin azadlığı uğrundakı qələbədən başqa, heç bir nəaliyyət adi bir insanın ölümünə dəyməz.

Bölüşürəm, amma çəkişməsən bərkişməzsən ki. Yaşam özü bir mücadilədir. Amma bu həyatı dəyərli edən insanlardır, DOSTlardır.

Möhsüm Qədiroğlu bax, mənim belə dostumdur! Yurd kimi, xalq kimi, dövlət kimi, insan kimi!

Deyirlər, o dünyaya köç edəndə Tanrının insana tək bir sualı var: "Mən səninlə idim, sən kiminlə idin?”.

-Mən dostlarımla idim, Tanrım, çünki onlar həmişə səninlə idilər!

Hərə öz dostu ilə ikiyə nisbətidir!

Doğumunun 50 illiyi qutlu olsun, DOSTUM!
 


OXŞAR XƏBƏRLƏR