Məktəblərdə müəllimlərin əksəriyyəti niyə qadınlardır? – Psixoloq şərhi

Məktəblərdə müəllimlərin əksəriyyəti niyə qadınlardır? – Psixoloq şərhi
Ölkə üzrə orta məktəblərdə çalışan 150 min müəllimin 83 faizi qadınlardır. Həmçinin Bakı şəhəri üzrə 308 məktəb direktorundan 205-i qadın, 103-ü kişi direktordur. Bölgələrdə isə 1070 məktəbdə direktor qadın, 2141 məktəbin direktoru kişidir. Maraqlıdır ki, elə uşaqlıqdan qadınlara daha çox müəllim obrazı yaraşdırılır. Sanki bu peşə onlar üçün yaradılıb. Eyni zamanda əksər qadınlar da müəllim olmağa can atırlar.

Niyə qadınlar əsasən müəllim peşəsini daha çox seçir? Məsələnin psixoloji kökləri nələrdir?

Bununla bağlı psixoloq Lalə Cəfərova Sfera.az-a açıqlamasında bildirib ki, biz uşaqlığımızda bir yaş dövrünə kimi cinsiyyət ayrımı olmadan böyüyürük: "Amma bir müddət keçdikdən sonra qız uşaqları ataları kimi olmadığını, oğlan uşaqları isə anaları kimi olmadıqlarını başa düşürlər. Qızlar özlərindəki kişi xüsusiyyətini, oğlanlar isə qadın xüsusiyyətlərini şüuraltına sıxışdırırlar. Buna biz "anima” və "animus” kompleksi deyirik. Qadınlarda bu, "animus”, kişilərdə "anima” adlanır. İnkişaf mərhələsindən keçib qarşı cinslə münasibətlərə girmək vaxtı çatdıqda bu kompleks qarşı tərəfin aynasında özünü göstərməyə başlayır. Münasibət quran zaman vəziyyət o yerə çatır ki, bu kompleks şüuraltından çıxıb xarakterimizin bir parçasına çevrilir. Qadınlarda da, kişilərdə də bu kompleksin 5 mərhələsi var.
 
Kompleksin birinci mərhələsində qadınlar kişilərə özgə biri kimi baxırlar. Kişilərdən həm qorxurlar, nifrət edirlər, həm də onları sevirlər. Anlaya bilmədikləri maraq var. Bu dövrdə qadınlar münasibətlərində çətinlik çəkirlər, o cümlədən bu, iş həyatına da təsir edir.
 
Adətən bu mərhələdə olan qadınlar daha çox müəllim, tibb bacısı kimi qadınların çoxluq təşkil etdiyi ortamlarda özlərini rahat hiss edirlər. Qadın mərkəzli işlərdə onlar güclü qadın kimi dururlar. Ancaq bir az sərhədləri aşandan sonra, yəni kişilərin də mövcud olduğu ortamlarda bu cür qadınlar geri çəkilirlər. Funksional toplum yaratma vəzifəsini ya kişilərə buraxırlar, ya da psixoloji olaraq daha sağlam, yaş keçirmiş, "animos” kompleksinin irəli mərhələlərində olan qadınlara təhvil verirlər”.

Psixoloqun sözlərinə görə, cəmiyyətimizdə ümumiyyətlə, qadınların əksəriyyəti "animus” kompleksinin birinci mərhələsindədirlər:"Ona görə də bu cür işlərdə qadınların çox olmağı məntiqlidir. Eyni zamanda Azərbaycanda qadınlara müəllimə peşəsini yaraşdırırlar. Çünki qadın müəllimə olsa, günortaya kimi işləyəcək, sonra ailəsinə baxacaq, ev işlərini görə biləcək və.s. Yəni, həm evə pul gətirər, həm də evinin işini görər. İndiki dövrdə bunu qadınların inkişafı kimi qələmə verirlər. Sanki qadınların cəmiyyətdə aktivliyi çoxalıb, artıq direktorlar qadınlardır, yaxud vəzifəli yerlərdə qadınları da görmək olur. Bu, inkişaf deyil. Qadının inkişafı öz həmcinsinin yanında inkişafı demək deyil. Qadın həm də qarşı cinsin olduğu yerlərdə özünü ifadə etməyi bacarmalıdır.

Güclü xarakterli qadın deyəndə öz məsuliyyətini boynuna alan və "avtoritar” qadınları nəzərdə tuturuq. Mənəvi olaraq öz həyatının məsuliyyətini, duyğularını idarə etməyi bacarır, problemlə qarşılaşanda emosional deyil, daha təmkinli olur, cəmiyyətdə var olmaq, status qazanmaq üçün hansısa kişiyə ehtiyac duymur. Əlbəttə , kişiləri sevir, onlara qarşı bir istəyi olur, amma həmin qadınlar kişidən bu cür istifadə etmirlər. Belə qadınlar psixoloji olaraq sağlam, tam, bütündür. Onlar kişilərdən həm qorxurlar, həm nifrət edirlər, həm də onlara möhtac olduqlarını hiss edirlər”.

L.Cəfərova bildirib ki, güclü qadın kişi kimi olan qadın deyil: "Qadın kimi qadındır, kişilərlə münasibətində də özünü qadın kimi aparır. Qeyd etdiyim kimi, hazırda qadınlarımız "animus” kompleksinin hələ birinci mərhələsindədirlər. İnkişafın getməsi üçün isə cəmiyyətdə şərait olmalıdır. Müşahidələrimə əsasən, kişilərimiz  "anima” kompleksinin ya ikinci ya da ən yaxşı halda üçüncü mərhələsindədirlər. Səbəb isə  tərbiyədə qüsurların olmasıdır. Qızları çox sıxaraq böyüdürük, "onu etmə”, "bura getmə”, "bunu geyinmə” və.s deyərək tərbiyəni onu basqılamaqda görürük. Kişilər də həmçinin elə. Digər ölkələrə nisbətən bu kompleksin öhdəsindən gələ bilmirik. Mən qadın olaraq "animos” kompleksimi şüura gətirə bilirəmsə, artıq kişi tərəfimlə bütünləşmişəm və kişilərlə münasibətdə onları daha yaxşı başa düşürəm. Eyni zamanda kişi "animo” kompleksini şüura gətiribsə, qadın tərəfi ilə bütünləşib.

Məktəblərdə qadınların bu qədər çox olması, evdə ana , məktəbdə qadın müəllimlərlə ünsiyyəti yaxşı bir şeydirmi? Qadın obrazının bu cür hakim olması dominantlıq deyil. Çünki biz həm kişi, həm də qadın olaraq yaradılmışıq və bərabərhüquqlu olmalıyıq”.

Müsahibimiz qeyd edib ki, cəmiyyətdə kişiyə də, qadına da ehtiyac olan zamanlar var: "Düzdür, inkişafımız dövründə zaman-zaman qadın, zaman-zaman kişi hegemonluğu olub. Amma bunların heç biri sağlam psixologiya yaratmır. Uşaqların psixologiyasına da yaxşı təsir göstərməz. Çünki istəyir qız, istəyir oğlan uşağı olsun, onlar ana obrazı ilə bərabər, ata obrazını da görməlidirlər. Qız uşaqları üçün kişi obrazını tanımaq vacibdir. O, nə vaxtsa qarşı cinslə münasibətə girəndə həmin obraza ehtiyacı olacaq.  Həmçinin oğlanın da həm qadın, həm kişi tərəfindən bərabər böyüdülməsi vacibdir. Qadınların çoxluq təşkil etdiyi ortamlar təkcə uşaqlar üçün deyil, həm də qadınların özü üçün də o qədər yaxşı şərait deyil. Ətrafında kişilər azaldıqca qadın psixoloji olaraq yarımçıq qalır, komplekslərinin inkişafı getmir. Çünki komplekslərin inkişafı qarşı cinslə münasibətdə özünü göstərir”.
 
Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR