Məktəblər iki həftəlik işini dayandırsın, həmin dərslər yayda keçirilsin - EKSPERT
"Məktəblər, universitetlər başdan-ayağa dezinfeksiya olunmalıdır”.
Sfera.az-a açıqlamasında bu sözləri İrandan gələn koronavirus təhlükəsinin Azərbaycana da keçməsi və ölkəmizdə 224 nəfərin virus şübhəsilə karantinə göndərilməsi fonunda təhlükənin yayılma arealının məhdudlaşdırılması üçün müvəqqəti olaraq orta məktəb, universitet və uşaq bağçalarının bağlanması məsələsinin vacibliyinə toxunarkən təhsil eksperti Məlahət Mürşüdlü deyib:
"Nə qədər gec deyil orta və ali məktəb, habelə uşaq bağçaları müvəqqəti olaraq tətilə buraxılmalıdır. Mütləq deyil ki, virus məktəblərə ayaq açandan sonra bu addıma gedək. Qabaqlayıcı addım olaraq indidən məktəb və universitetlər tətilə çıxmalıdır. Heç kimə sirr deyil ki, məktəblərdə yetərincə probemlər var. Heç olmasa iki həftəlik tətil elan etməklə, yəni yaz tətilini irəli çəkməklə, sağlamlıq baxımından övladlarımıza fayda vermiş olarıq. Sağlamlıq ən vacib şərtdir. Həmin iki həftəlik tətil müddətinin isə yay tətilini uzağa çəkməklə əvəzini vermək olar. Tətil müddətində infeksiyaya qarşı mübarizə fonunda məktəblər, universitetlər başdan-ayağa dezinfeksiya olunmalıdır. Xlorlu sularla yuyulmalı, ayaqyolları qaydaya salınmalı, yəni tətil müddətində bütün diqqət məktəbin, universitetlərin təmizliyinə yönəldilməlidir. Yaranmış vəziyyət mütləq mənada onu diktə edir ki, orta məktəb və universitetlərdə tətil irəli çəkilsin. Buna ehtiyac var”.
Elçin
Sfera.az