“Məktəblər iki günlük bağlanmalıydı” – Ekspert Təhsil Nazirliyini tənqid etdi

“Məktəblər iki günlük bağlanmalıydı” – Ekspert Təhsil Nazirliyini tənqid etdi
"Apardığımız sorğular göstərir ki, dünən və bu gün hava şəraitinə görə çox az faiz şagird dəsrlərdə iştirak edib. İştirak edənlər əsasən 2, 3 və 4-cü siniflərdir. Ümumiyyətlə, davamiyyət iki gün ərzində 50 faizin altında olub”.

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, təkcə şagirdlərin yox, eyni zamanda müəllimlərin də dərs prosesində iştirakı 50 faizdən aşağı olub:

"İlk növbədə qeyd etmək istəyirəm ki, təhsil sisteminin kütləviliyini nəzərə alsaq, bu sahə özündə ölkədəki ictimai-siyasi, sosial, eyni zamanda fövqəladə hallara çevik reaksiya verməyi tələb edir. Sinoptiklər bir neçə gündür, ölkə ərazisində hava şəraiti ilə əlaqədar məlumat yayırlar. Hətta təhlükəli hava şəraiti ilə əlaqədar kifayət qədər ciddi xəbərdarlıqlar olunmuşdu. Bütün bunları nəzərə alaraq, Təhsil nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar məktəbləri azı 2 gün, 24 və 25 fevralda tətilə buraxılmalı idi”.

K.Əsədov vurğulayıb ki, Nazirlər Kabinetinin qərarına əsasən, Təhsil Nazirliyinin məktəblərdə tətil elan etmək səlahiyyəti var:

"Düşünürəm ki, belə hava şəraitində Təhsil Nazirliyi müvafiq əmr imzalayaraq, bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi və tədbirləri iki günlük dayandırılmalı idi. Çünki hazırda yollarda təhlükəli vəziyyətdir, ictimai nəqliyyatda gecikmələr var. Fikrimcə, çevik qərar qəbul edib istənilən növ tədris tədbirləri - dərs, imtahan dayandırılmalı və bu proses distant-onlayn qaydada təşkil edilməli idi. Xüsusi ilə də istər dövlət, istər özəl təhsil müəssisələri, eləcə də uşaq bağçaları da bu siyahıya daxil olmalı və qeyri-sabit hava şəraitində tədris onlayn qaydada keçirilməli idi.  Ölkədə bir neçə dəfə belə hal baş verib. Hətta 2019-cu ildə hava şəraiti ilə əlaqədar dərslər iki günlük dayandırılıb”.

Xatırladaq ki, hava şəraiti ilə əlaqədar ümumtəhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı Təhsil Nazirliyinin qərarı yoxdur.
 
Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR